serdar celaloglu-yeni

“Bunların bir məqsədi var: büdcəni talamaq”

serdar celaloglu-yeni“48 milyardın ölkədən çıxarılması Qarabağın işğalından da betərdir”

“Azadlıq”ın suallarına ADP sədri Sərdar Cəlaloğlu cavab verir. Qeyd edək ki, bu günlərdə ADP sədri milli təhlükəsizlik nazirinə müraciət edərək 1993-2010-cu illər ərzində Azərbaycandan ofşor zonaya çıxarılan 48 milyard dollarlıq vəsait barədə araşdırma aparılmasını istəyib. S.Cəlaloğlu hesab edir ki, xaricdə bu qədər vəsaitin toplanması Azərbaycan üçün bir iqtisadi təhdiddir. Müsahibəmizə də elə məhz bu sual ilə başladıq.

– Sərdar bəy, niyə məhz MTN-ə müraciət etdiniz?
– MTN ölkəyə siyasi, hüquqi və iqtisadi təhlükələrin qarşısını almalıdır. Hüquqi təhlükəsizlik anti-Konstitusiyon hərəkətlərin qarşısını almaqdır. Iqtisadi təhlükəsizlik isə dövlətin iqtisadi əsasının qorunması ilə bağlıdır. Əgər ölkədə dövlət əsasını dağıdan hərəkətlər baş veribsə, o zaman bu işlə MTN məşğul olmalıdır. Bu nə prokurorluğun, nə DIN-in səlahiyyətlərindədir. Burada söhbət Azərbaycanın bir neçə illik dövlət büdcəsinə bərabər vəsaitin dağıdılmasından və bütövlükdə ölkənin iqtisadi cəhətdən çökdürülməsindən gedir. Azərbaycandan 48 milyard dollar vəsaitin çıxarıldığı 6 bankın verdiyi məlumata əsasən ictimaiyyətə açıqlanıb. Bəlkə burada başqa bankların adları da var və bu vəsait daha artıqdır. Bu isə Azərbaycan dövlətinin iqtisadi cəhətdən sarsılması deməkdir. Bu kimi hallara qarşı mübarizəni isə yalnız MTN apara bilər.

48 milyardın ölkədən çıxarılması iqtisadiyyata ziyan vurub

– Siz də qeyd etdiniz ki, 48 milyard Azərbaycanın bir neçə illik dövlət büdcəsinə barəbər vəsaitdir. Bu vəsaitin ölkədən çıxarılması hansı səviyyədə mümkün ola bilərdi?
– Neçə illərdir ki, Azərbaycanın neftdən gələn pulu xarici banklardakı xüsusi hesablara axıdılır. Bundan başqa, Azərbaycanda qeydiyyatda olmayan buruqlar mövcuddur. Azərbaycanın real neft hasilatı da gizlədilir. Bir var istehsal olunan neft qanuni şəkildə rəqəmlərdə öz ifadəsini tapsın, bir də var ki, bu göstərici gizlədilərək, mənimsənilsin. Eyni zamanda müəyyən biznes fəaliyyətləri, yol tikintisi və başqa məqamlar var ki, onlar da iri məbləğlərin gizlədilməsinə imkan verir. Hesablamalara görə, Azərbaycanın bütün yollarının dünya standartlarına uyğun tikilməsi üçün bir milyard vəsait tələb olunur. Amma indiyə qədər yol tikintisinə bir neçə milyard pul xərclənsə də, Bakıda elə küçə yoxdur ki, o bir neçə il istismara dözsün. Bu artıq onu göstərir ki, həmin o milyardlar oğurluq yol ilə ölkədən çıxarılıb. Bu addım iqtisadi təhdiddir. Hətta mən 48 milyardın ölkədən çıxarılması ilə Qarabağın işğalına eyni gözlə baxardım. Bəzi məqamlara görə bu, Qarabağın işğalından daha təhlükəli hərəkətdir. Bu pulun ölkədən çıxarılması ilə ölkə iqtisadiyyatına dəyən ziyanı qısa müddətə aradan qaldırmaq qeyri-mümkündür. Mən müraciətimdə bu pulları ölkədən kimlərin və hansı yollarla çıxardığına da aydınlıq gətirilməsini istəmişəm. Bu bir beynəlxalq cinayətdir. Eyni zamanda oğurlanan pulların haradan əldə olunduğu, yəni hansı sektorlardan mənimsənildiyi də mütləq müəyyənləşdirilməlidir.

– Elçibəyin zəhərlənməsi ilə bağlı prokurorluğa müraciəti qəbul etmələrini rəsmi orqanlar onu bir partiya sədrinin etməsi ilə əsaslandırdılar. Gələcəkdə bu və başqa korrupsiya faktları ilə bağlı prokurorluğa da müraciət oluna bilərmi? Çünki indiyə qədər hakim ailə ilə bağlı Çovdar qızıl yatağı, Dubay mülkləri barədə informasiya yayılıb?
– Elə mövzular var ki, onları təbliğat vasitəsi etmək gərək deyil. Onlar MTN, prokurorluq vasitəsilə həll olunmalıdır. Yalnız bəyanat vermək olmaz. Əgər beynəlxalq səviyyədə elan olunursa ki, dövlət büdcəsindən bu qədər pul oğurlanıb, bunu iqtidarın qeyri-effektiv siyasəti kimi dəyərləndirmək olmaz. Bu addım o deməkdir ki, Azərbaycan dövlətini iqtisadi cəhətdən daxildən sarsıtmaq məqsədilə çox güclü fəaliyyət göstərirlər. Həmin güclər aşkarlanmalı və neytrallaşdırılmalıdır. Yoxsa biz hər dəfə bu kimi ciddi faktlara yalnız bəyanatlarla reaksiya verməklə, cinayətkar qrupların gizlənməsinə, bununla da hakimiyyətin özünə xidmət etmiş oluruq. Biz hər hansı bir müəllimin yox, dövlət təhlükəsizliyi ilə bağlı məsələlərdə müvafiq orqanlara müraciət etmişik. Prokurorluğa da müraciətlərim olub. Çünki sabah prokurorluq orqanları deməsinlər: bizə heç kim müraciət etməmişdi ki, onları araşdıraq. Cinayət-Prosesual Məcəlləsinə görə, KIV-də gedən faktlar hüquq-mühafizə orqanlarına cinayət işi qaldırmaq üçün əsas ola bilər. Mətbuatda bir nəfər başqasını təhqir edəndə necə olur ki, prokurorluq işi araşdırıb, günahkarı tapır. Amma xarici təşkilatın Azərbaycanın dövlət büdcəsinin oğurlanması ilə bağlı ortaya fakt qoymasına baxmayaraq araşdırma predmeti olmur.

Mülkiyyət hüququnun pozulması təsadüfi deyil

– Mətbuatın diqqətində olan daha bir mövzu son həftələr metal zavodlarına olan basqınlarla bağlıdır. Sahibkarlardan heç bir səbəb olmadan əmlaklarını başqalarına təhvil vermək tələb olunur. Bu nəyin görsənişidir?
– Azadlıq hüququ qorunmayan ölkədə mülkiyyət hüququ da kobud şəkildə pozulur. Ona görə biz xüsusi mülkiyyət sahəsindəki özbaşınalıqla üz-üzəyik. Nə xüsusi mülkiyyəti əldə etmək qanuni yolla gedir, nə də xüsusi mülkiyyətdən məhrumetmə qanuni yollarla aparılır. Azərbaycanda hazırda zəngin yaşayanların 90 faizi özəlləşdirmədən sui-istifadə edib xalqa məxsus olan əmlakı qeyri-qanuni mənimsəyiblər. Bizim ailə əlimizdəki 4 özələşdirmə payını satmamışıq. Neçə belə insan var. Amma Azərbaycan hakimiyyəti özəlləşdirməni artıq başa çatdırıb. Bu yaxınlarda köhnə univermağı 60 min manata hərraca çıxarmışdılar. Güman ki, bu obyekt elə həmin qiymətə də satıldı. Halbuki orada torpağın bir kvadratmetri dəfələrlə artıqdır. Bu binanın da bəlkə 20 milyon manat qiyməti var.

– Statistik məlumata görə, 6 ay ərzində Azərbaycanda yol tikintisinə 855 milyon manat pul xərclənib. Amma reallıq göz qarşısındadır ki, bu gün üçün ölkədə yolların keyfiyyəti heç də onlara ayrılan vəsaitə adekvat deyil?
– Bir ara belə xəbər yayılmışdı ki, guya mən Irandan müxalifətin adından 14 milyon dollar pul almışam. Mən də hesablama apardım ki, bu pulu gətirmək üçün üç-dörd yük maşını tutmalıydım. Daha bir maraqlı məqama toxunaq. Bir şirkət başqa bir şirkətə məhkəmə iddiasını uduzub. Uduzan şirkət rəqibini təhqir etmək üçün təzminatı 47 yük maşını ilə dolu qəpik formasında ödəyib. Eyni ilə 855 milyon manatı 6 ay ərzində yol çəkilişinə istifadə etmək üçün büdcə strukturlarının gücü çatmaz. Bu isə onu deməyə əsas verir ki, bu pulun böyük hissəsi oğurlanıb. Təxminən bir milyardlıq manatlıq asfalt istehsal etməyə Azərbaycan zavodlarının imkanı varmı? Bu fakt göstərir ki, tələsik bu cür pul silməkdə məqsəd Azərbaycanın dövlət büdcəsini boşaltmaqdır.

– “Sərhədsiz Reportyorlar” son bəyanatlarında vurğulayıblar ki, son həftələr beynəlxalq mətbuatda Əliyevlərin təbliğinə hesablanan reklam tipli məqalələrin sayı artmaqdadır. Bu məqalələrdə Qarabağ və Azərbaycanın digər problemləri yox, sırf Əliyev iqtidarının təbliğatı aparılır. Dövlət xərclərindən bu cür istifadənin də hesabı sorulmalıdırmı?
– Hər bir siyasi qüvvə özünü təbliğ edə, bu istiqamətdə iş apara bilər. Yox, bu təbliğat dövlət vəsaiti hesabına aparılırsa, bu, ciddi araşdırma predmeti olmalıdır. Çünki hökumətin xərcləri ilə bağlı qabaqcadan dövlət büdcəsində vəsait nəzərdə tutulur. Amma bu xərcdən artıq büdcədən pul xərclənirsə, deməli, bunların hamısı qanunsuz yollarla əldə edilmiş vəsaitlərdir. Ona görə belə bir fakt varsa, bu bir cinayətdir.

Hakimiyyət kapitalizmin fəlsəfəsin anlamır

– Maraqlıdır ki, hakimiyyət bir müddət əvvəl Avropanın ciddi böhran içərisində olduğunu bəyan edərək, bu məkana daxil olan ölkələrin tənəzzülə uğradığına iddia edirdi. Amma indi həmin ölkələrin bir o qədər məhşur olmayan mətbu orqanlarında pullu reklam yerləşdirilir?
– Avropanın süqut etdiyi ilə bağlı aparılan təbliğatın heç bir əsası yoxdur. Ümumiyyətlə, kapitalist istehsal üsulu böhransız inkişaf edə bilməz. Kapitalist istehsalının 6-7 böhran tipi var. Kapitalist istehsalının planlı istehsaldan başlıca fərqi mütəmadi olaraq böhranlı dövrləri keçməsindədir. Kapitalizm yeni mərhələyə qalxmaq üçün bu tip böhranlardan keçməlidir. Böhran zamanı işsizlik artır, maliyyə azalır, amma bu, tənəzzül deyil. Bazar iqtisadiyyatının əsas əlamətlərindən biri paradoksal yerdəyişmələrdir. Yəni bir günün içərisində varlı kasıb, kasıb isə varlı olur. O ölkədə ki, planlı iqtisadiyyat var. Orada varlılar əbədi varlı, kasıblar isə əbədi kasıb olurlar. Bu cür böhranlar bazar iqtisadiyyatını inkişaf etdirir və cəmiyyətdə yerdəyişmələrə aparır. Bu baxımdan böhranları Avropanın çökməsi kimi dəyərləndirmək kapitalizmin fərziyyəsini anlamamaqla bağlıdır. Məsələn, 36-cı ildə Amerikadakı böhrandan sonra bu ölkə ildırım sürəti ilə inkişaf etdi. Yəni böhransız inkişaf kapitalizmdə mümkün deyil. Hazırda Avropada müşahidə olunan böhran bu məkanın yeni mərhələyə qalxmasına hazırlıqdır. Bundan belə nəticə çıxarmaq olmaz ki, kapitalizm bu yol ilə çökür. Əgər belə olsaydı o zaman indiyə qədər minlərlə böhran yaşamış bu ölkələr xəritədən silinərdi. Keçən il Amerika texniki defolt yaşasa da, hələ də ayaq üstədir və dünyanın bu gün üçün yenə aparıcı gücüdür. Çin əgər dünən ən inkişaf edən ölkə idisə, bu gün ölkə böhran içərisindədir.

– Obamanın rəqibi prezidentliyə namizəd Mitt Romni Putinə qarşı sərt mesajlar verib. MDB məkanında isə avtoritar ölkələrin dayağı Rusiyadır. Avtoritar ölkələrlə bağlı məsələnin ABŞ kimi ölkədə artıq seçkiqabağı təbliğatda gündəmə gəlməsi nəyin görsənişidir?
– Vaxtilə Makkeyn də belə bir məsələ qaldırmışdı ki, biz artıq BMT-ni buraxmalı və demokratik dövlətlərin birliyini yaratmalıyıq. Avtoritar ölkələrə qarşı isə ciddi mübarizə aparılmalıdır. Bugünkü namizəd də başqa şəkildə Makkeynin fikirləri təkrar edir. Məqsəd dünya demokratik güclərinin bir mövqedən çıxış etməsini təmin etməkdir. Təbii ki, bu normaldır. Hətta bu addımın vaxtı da bir qədər keçib.

Xəyal