Görəsən Azərbaycanda daxili işlər orqanlarında, el diliylə desək, polisdə nə qədər sıravi vətəndaş işgəncə verilərək öldürülüb? Bunu dəqiq demək çox çətindi, hətta mümkün deyil, çünki əvvəla, belə cinayət əməllərinin statistikası heç vaxt aparılmır. Daha doğrusu, heç vaxt belə əməllərin istintaqı aparılmır, aparılsa da bu, yalnız formal xarakter daşıyır, qətldə əli olanlar böyük rüşvət qarşılığında sudan quru çıxır. Olan ölənə olur.
Sadəcə, müstəqil və ya DIN-ə düşmən şəxslərin nəzarətində olan yarımmüstəqil KIV-lər bu faktlar haqda yazır, faktları ictimailəşdirməyə çalışırlar. Şəxsən özüm bu tip hadisələrlə bağlı bir neçə köşə yazısı yazmışam. Lakin bütün bu yazılanlar elə qəzet səhifələrində qalır, prokurorluqdan bir qımıltı belə çıxmır. Ama rəhmətlik Elçin Səlcuq demişkən, hansısa gicqulunun sərsəm fikirləri dərhal qeydə alınır, cinayət işi açılır və istintaq aparmağa başlayırlar. Onda da onları yalnız hansısa qara siyasi maraqlar düşündürür.
Bəli, polisin azğınlığı və vətəndaşlarla istədiyi kimi vəhşicəsinə rəftarı kimsəyə sirr deyil. Əvəzində isə həmişə cəzasızlıq, məsuliyyətdən yaxa qurtarma. Hətta dövlət başçısı səviyyəsində polisin müdafiə olunması, onun vəhşiliyinə cəza yerinə təşəkkür elan edilməsi məntiqi olaraq polis şöbələrində vətəndaşların ən amansız şəkillərdə işgəncə görməsinə, sonucda qətlinə gətirib çıxarır. Lakin heç nə sürəkli olaraq birtərəfli qaydada davam eləyə bilməz. Təsir əks-təsirə bərabərdi.
Əgər polis belinin dövlət başçısına və rüşvətlə çalışan qanunlara bağlı olduğunu düşünüb getdikcə azğınlaşırsa, bir gün bu azğınlıq onun özünə doğru yönələcək və qanlı sonluqla bitəcək. Insanların da səbrinin həddi var. Səbir kasası daşandan, göz qanla dolandan sonra artıq nə olacağı bəlli deyil. Insanın bir məqamdan sonra hər şeyə tüpürə bilmək qabiliyyəti var və elə bu qabiliyyətdi ki, bəzən işə düşərək qəhrəmanlıq olaylarının yaranmasına səbəb olur.
Sabirabadda Xankeçən kəndində 27 yaşlı Gülhüseyn Abıyevin həmkəndlisi Azad Zeynalovu və ərazinin sahə müvəkkili, polis kapitanı Eldəniz Quliyevi ov tüfəngindən açdığı atəşlə qətlə yetirməsində çətin ki qəhrəmanlıq motivləri ola. Lakin bir şeydə hamı mənimlə razılaşar ki, polis şöbələrində dindirilən, istintaq edilən vətəndaşların işgəncə verilərək öldürülməsində heç vaxt qəhrəmanlıq elementləri ola bilməz, ama polisin (dövlətin) qətlə yetirilməsi kimi çox az rastlanan qətllərdə belə motivlər tapmaq mümkündü. Bu təsadüfən baş verən hadisələrin dəqiq, qərəzsiz incələnməsi aparılsa, olayların başvermə səbəbləri araşdırılsa, heç olmasa on hadisədən birində insan səbrinin tükənməsi, yəni qəhrəmanlıq doğuran şəraitin yaranması faktı üzə çıxacaq. Halbuki zəmin səbəb nə olur-olsun, polisin, dövlət məmurunun qətli sadəcə cinayət əməlidi. Mən bu məqamda sıravi vətəndaşların tərəfindən danışdığıma görə “bütün vətəndaşların” yazmadım. Ancaq baxın, biz, sadə vətəndaşlar bu əməlin səbəb nə olur-olsun cinayət olduğunu deyirik, dövlət isə heç bir vaxt öz polisini suçlu çıxarmır və vətəndaşı yana-yana qoyur. Deməli, bu cür qətllərin baş verməsi qanunsuz olsa da, qanunauyğunluqdu.
Bu qanunauyğunluq isə artıq gələcək dəhşətlərdən xəbər verir. Bəlkə də o dəhşətin bir adı da INQILAB-dı! Bu gün səbri tükəndiyində polisi, dövlət məmurunu qətlə yetirən vətəndaş getdikcə öz təmkinini itirir, daha da qızğınlaşır və sonucda artıq dövləti və ya onu əlində alətə çevirənlərə qarşı üsyana qalxır. Ərəb inqilablarında olduğu kimi.
Biri sosial şəbəkələrdən birində yazıb: “Ölkəmizdə baş verən bəzi müsbət hadisələri də görmək lazımdı: ”Azərbaycanda polis kapitanı qətlə yetirilib…”.
Vətəndaşlarını bu cür qara yumorla düşünməyə məcbur eləyən rejim bundan belə nə düşünür-düşünsün, artıq xeyri yoxdu. Gərək vətəndaşı bu həddə çatdırmayaydılar. Vətəndaşı bu cür düşünməyə məcbur olan iqtidar gərək dərhal hakimiyyəti tərk edə. Qəzzafinin aqibətini dəhşətlə anmaqdayıq…

Polis öldürmək
•
•