Oliqarxın fəlakətli qardaşı uşaqları

Qətllər və qatillər seriyası bitib-tükənmir

Deputat Hüseynbala Mirələmovun ölkə mediyasında imic savaşı diqqətimdən qaçmadı. Hüseynbala Mirələmov “1001 gecə”də baş verən qanlı hadisələrin tərcümeyi-halında qansız izləri uğrunda çox gərgin və effektiv bir mücadilə verdi və mənə elə gəldi ki, buna nail oldu. Azərbaycandakı bütün qəzetlər və portallar Mirələmovun qatil qardaşı oğlunun vəkilinin açıqlamalarını dərc etdi. Ölən isə ölmüşdü, onun vəkili və müdafiəsi də yox idi. Adətən də belə olur ki, sağ qalanı xilas etməklə məşğul olurlar.
Üstəlik, sağ qalan Hüseynbala Mirələmov kimi nüfuzlu, say-seçmə, həm ədəbiyyatçı, həm də inzibatçı olan birisinin sülaləsinə daxildirsə.
Əlbəttə, bu qanlı toqquşma Mirələmovun obyektində olmasaydı da onun adı hallanacaqdı. Çünki qardaşoğlu hər hansı bir mülkdən daha qiymətli obyektdir. Doğrudur, bəzi “naşı” və epizodik suallar da yarandı ki, Mirələmov biznes adamı olmadığı halda onun bu boyda biznes obyekti necə əmələ gəlib? Bu sadəlövh və Azərbaycan reallığına heç uyğun gəlməyən sual elə “1001 gecə”nin həyətindəcə öldürülən o mərhum kimi tez-tələsik də dəfn edildi. Axı, Azərbaycanda biznesmen olmayan dövlət məmuru yoxdu və biznesmen də olmayacaqdısa, həmin dövlət məmuru nə zibilə gərək olardı ki?..
Təbii, ölənə (oxu – öldürülənə) Allah rəhmət eləsin, qalanın da (oxu – öldürənin) Allah işini avand eləsin. Məqsədim o deyil ki, bir anlaşılmazlıq üzündən əlindən xəta çıxmış bir gəncin üzərində əlavə diqqət cəmləşdirim (Bu, müəyyən hallarda hətta, mərdiməzarlıq da adlana bilər). “1001 gecə”də baş verən bu qətl hadisəsini Hüseynbala Mirələmov və onun ətrafında olanlar necə yola verəcəklər, özləri bilərlər. Amma bir başqa haqq-hesab var. Bu haqq-hesab da ondan ibarətdir ki, Hüseynbala müəllimin insan həyatı ilə bağlı gərgin situasiyalarda heç zaman bəxti gətirmir. Həmişə hansısa problem çıxır və Hüseynbala müəllim də işini-gücünü tullayıb bu problemlərin ağuşuna atılmalı olur. Görünür, onun ədəbi yaradıcılığındakı kövrəkliyin mühüm səbəbləridən biri də bu cür faciələrlə tez-tez rastlaşmasıdır (Hərçənd, onun ədəbi yaradıcılığı ilə heç bir tanışlığım yoxdur və bu zamana qədər elə bir adama da rast gəlməmişəm ki, Hüseynbala müəllimin ədəbi əsərlərindən birini oxumuş və mənə nağıl eləmiş olsun və buna görə, təbii ciddi təəssüf hissləri keçirirəm).
Hüseynbala müəllimin bioqrafiyasında buna bənzər başqa bir qanlı olay 2009-cu ildə baş vermişdi. Bu dəfə də qaynaq başqa bir obyektdə üzə çıxmışdı: Sulutəpə ərazisindəki yanacaqdoldurma məntəqəsində.
Bu obyektin Hüseynbala müəllimə nə dərəcədə dəxli olduğunu bilmirəm, amma yaman dillər deyirlər ki, həmin məntəqə ya Hüseynbala müəllimə, ya da onun bacısı oğlu Fikrət Sucayevə məxsusdur. Biz “kupça” paylamırıq və obyektin kimə məxsus olduğunun da bizə heç bir dəxli yoxdur. Ola bilər ki, heç, Sucayevə də dəxli yoxdur, Mirələmova da. Amma hər iki adama dəxli olan bir məsələ var ki, 3 il bundan əvvəl həmin Hüseynbala Mirələmovun başqa bir qardaşı oğlu bu obyektin həndəvərində qətlə yetirilib. Həndəvərində deyəndə ki…
Mirələmovun qardaşı oğlu Zaur tez-tez bu obyektdə zühur edərmiş. Bəziləri deyirlər ki, mərhum narkoman imiş və əmisinin obyektinə gəlib oradan pul tələb edirmiş. Günün birində məntəqədə növbədə rəisi olan Səməndər adlı şəxs Zauru Novxanı tərəfə, dəniz kənarına aparıb orada öldürür və məhkəmədə də deyir ki, Zaur onu təhqir etdiyinə görə öldürüb. Səməndər indi həbsxanadadır, Allah onun da işini avand eləsin. Amma…

Turan Əli