Bir vaxtlar “Qarabağı unutma!” şüarı çox dəbdə idi, hamının dilində əzbərə çevrilmişdi. Işsizlikdən, yoxsulluqdan, məişət qayğılarından boğulan, min bir problem içində hətta öz adı yadından çıxan insanlardan Qarabağı unutmamağı tələb etmək çox gülməlidir.
Bir ara həm də rayonların işğal günlərində sorğular keçirmək dəbdə idi, əksərən də bu sorğularda məlum olurdu ki, camaat həmin günləri xatırlamır, hansı rayonun hansı gündə işğal olunduğunu çoxdan yaddan çıxarıb. Bunda da qeyri-adi, təəccüblənəcək bir şey yoxdur. Özü azad olmayan, özü mütiyə, köləyə çevrilmiş, özünün haqları, azadlıqları işğal edilmiş bir toplumdan başqa hansı cavab, hansı reaksiya gözləmək olar?
Qarabağın işğalını məhz bu rejim legitimləşdirdi. Azərbaycanlılar üçün arxa plana, sonuncu dərəcəli bir məsələyə çevirdi. Adamlar düşünməyə başladılar ki, yaxşı, onlar Isa bulağına gedə bilmirlər, bunun izahı var, oranı ermənilər qəsb ediblər. Bəs onları Göy-gölə niyə buraxmırlar? Onlar Göy-gölə niyə gedə bilmirlər?
Yaxşı, Cıdır düzünü ermənilər qəsb edib, çəpərləyib, gedə bilmirik, bəs Xəzəri kim hasarlayıb? Ermənilərmi?
Bu rejimin sayəsində adamlar Qarabağı əlahiddə bir işğal faktı kimi görməməyə başlayıblar. Şuşalı Şuşanın sahibi deyil, anladıq, bəs şəkili niyə Şəkinin sahibi deyil? Bəs yevlaxlı niyə Yevlaxı qoyub Bakıya gəlib? Bəs naxçıvanlı niyə Naxçıvandan dərbədər düşüb?
Bu suallar insanları düşündürdükcə, onların Qarabağın işğalına daha soyuq, daha laqeyd yanaşması təbiidir. Hər kəs fərqinə varmağa başlayanda ki, o, ümumiyyətlə, öz ölkəsinin sahibi deyil, öz ölkəsində onun nə seçmək, nə seçilmək haqqı var, nə ölkəsinin sərvətlərindən payına düşəni ala, nə ölkəsinin taleyində rol oynaya bilir, o zaman fərqi qalmır Qarabağı ermənimi alıb, Qubanı oliqarxlarmı oğurlayıb.
***
Mən indi bir neçə gündür Qarabağ dərdindən danışanlara baxıram: onlar o sistemi müdafiə edirlər ki, həmin sistem Azərbaycanın hər bölgəsini bir növ Qarabağa çevirib, bu sistemin iribuynuzlularının hərəsi özünü bir rayonun ağası elan edib, oranı dədə mülkünə çevirib, oranın insanlarını öz qapı qulu kimi görürlər.
Bax, belə bir sistemi müdafiə edənlər, ondan faydalanan və əvəzini yaltaqlıqla, məddahlıqla qaytaranlar bizə Qarabağ dərsi keçirlər, bizə Qarabağ ağrısını öyrətməyə çalışırlar. Adam bu həyasızlığın, utanmazlığın qarşısında deməyə söz də tapmır.
Bütün işğallar pisdir və lənətlənməlidir.
Bütün işğalçılar da pisdir və onlarla mübarizə aparılmalıdır: erməni də olsa, korrupsioner də olsa.
Erməniləri öldürənlərə qəhrəman deyilərkən korrupsiyanı “baltalayanlar”ı həbsə atırsan, şərləyir, böhtana məruz qoyur, ölkədən didərgin salırsansa, bunun adı nə vətənpərvərlikdir, nə Qarabağ yanğısıdır, bunun adı şoudur, hisslərlə alverdir, xalq üçün həssas məsələlərlə bazarlıq etmək, özünə hansısa qazanc güdməkdir.
***
Mənim Qarabağın taleyi ilə bağlı heç bir əndişəm yoxdur. Bu ölkənin torpaq bütünlüyünün təmin olunacağına inamım tamdır.
Amma bu, azad, demokratik, ədalətli Azərbaycanda mümkün olacaq.
Bu ölkənin insanlarının özlərini bu ölkənin sahibi kimi hiss etməyə başladığında mümkün olacaq.
Yalnız bu xalq özünü Azərbaycanın sahibi kimi hiss edəndə həm də onu hiss edəcək ki, Azərbaycanın bir parçası yoxdur, bax, onda Qarabağın ağrısını gerçəkdən də, hansısa şou, hansısa kampaniya naminə deyil, həqiqətən yaşayacaq.
Indi isə xalq bu hissdən məhrumdur. Çünki öz vətənində özünü kirayənişin sayır. Sabah arxasından bir təpik vurulub didərgin salınacağına təminat yoxdur.
Heç kimin təminatı yoxdur ki, erməni tankının uçurmadığı evini sabah YAP-ın buldozerləri yıxmayacaq.
Belə bir ortamda istəsəniz belə, insanlardan oturub yalnız Qarabağı düşünməyi gözləyə, tələb edə bilməzsiniz.
Bir az da obrazlı desək, əvvəlcə Qaradağ bizim olmalıdır ki, sonra Qarabağ da bizim ola bilsin.

Bəs korrupsiyanı “baltalayanlar”ı niyə tutursunuz?
•
•