Fransa Suriya rejimini hədələdi
Suriyada Əsəd rejimi və müxaliflər üçün mühüm əhəmiyyəti olan Hələb şəhəri uğrundan döyüşlər yenidən qızışıb. Hökumət qüvvələri üsyançılara qarşı irimiqyaslı əməliyyatlara start verib. Suriya Insan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, Bəşər Əsədin əmrindəki ordu Zəhra rayonunda döyüşən onlarla üsyançının gizləndiyi məntəqələrə havadan zərbələr endirib. Nəticədə azı 40 nəfərin öldürüldüyü bildirilir.
Müxalif fəallar həmin bölgələrdə üsyançılarla hökumət qüvvələri arasında ciddi döyüşlərin getdiyini xəbər verib. Əmiriyyə rayonunda çəkilmiş həvəskar kadrlarda “Azad Suriya Ordusu” ilə Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurmalar öz əksini tapıb. Döyüşlər zamanı bölgədə bir neçə yaşayış məntəqəsi yandırılıb. Mülki vətəndaşlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Fəallar hazırda şəhərin yarısına üsyançıların nəzarət etdiyini bildiriblər. Həmçinin, paytaxt Dəməşqlə yanaşı, Hələb, Homs, Idlib və Dəraa şəhərlərində cümə namazından sonra yüzlərlə insan Əsəd rejiminə qarşı etiraz aksiyası keçirib. Aksiyada Əsədin hakmiyyəti tərk etməsi tələb edilib.
Bu arada, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyadakı son vəziyyət bağlı fikir səsləndirib. O, Bəşər Əsədin siyasi cəhətdən bitdiyini bildirib: “Düşünürəm ki, Əsəd artıq siyasi ömrünü başa vurub. Indi o, ölkəsində davam edən daxili müharibənin bir aktyoru kimi fəaliyyət göstərir. Türkiyə Əsəd və onun tərəfdarlarının deyil, Suriya xalqının yanındadır”.
Fransa xarici işlər naziri Loren Fabius “Avropa-1″ radiosuna müsahibəsində Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi təqdirdə sərt cəzalandırılacağını deyib. Nazirin sözlərinə görə, Suriya hakimiyyəti nüvə silahına əl atsa, beynəlxalq ictimaiyyət dərhal cavab verəcək. Fransanın Suriyadakı müxaliflərin birləşməsi və bütün qüvvələri təmsil edəcək müvəqqəti hökumətin qurulması üçün səylərini artırdığını deyən Fabius bildirib ki, rəsmi Paris Bəşər Əsədin hakimiyyətdə qalmasını istəmir.