Qanlı insidentin təfərrüatı “Azadlıq”da
Sabirabad rayonunda silahlı insident baş verib. Nəticədə biri polis olmaqla iki nəfər ölüb. DIN-in yaydığı məlumata görə, hadisə avqustun 31-də gecə 02:00-da baş verib. Rayonun Xankeçən kəndi ərazisində kənd sakini, 1986-cı il təvəllüdlü Gülhüseyn Abıyev kənd sakini, 1960-cı il təvəllüdlü Azad Zeynalov və ərazinin sahə müvəkkili, 1975-ci il təvəllüdlü polis leytenantı Eldəniz Quliyevi ov tüfəngi ilə güllələyib. Eldəniz Quliyev hadisə yerində dünyasını dəyişib, Azad Zeynalov isə Salyan Mərkəzi Rayon Xəstəxanasında keçinib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
“Azadlıq”a daxil olan məlumatlara görə, hadisəyə səbəb Gülhüseyn Abıyevlə Azad Zeynalovun qardaşı arasında baş verən mübahisə olub. Bildirilir ki, Gülhüseyn Abıyev həmin gün toyda olub. O, bəyin sağdışı imiş. Azad Zeynalovun adını dəqiqləşdirə bilmədiyimiz qardaşı toyda Gülhüseyn Abıyevə salam verib. Lakin Gülhüseyn Abıyev Azad Zeynalovun qardaşının salamına diqqətsiz yanaşıb. Bu isə ikincini əsəbiləşdirib və Gülhüseyn Abıyevdən hansı səbəbdən salamını almadığı barədə izahat tələb edib. Gülhüseyn Abıyev başı qarışıq olduğunu və onun salam verdiyini görmədiyini deyib. Izahat Azad Zeynalovun qardaşını qane etməyib. O, Gülhüseyn Abıyevi “söhbət etməyə” aparıb və döyüb. Bu məsələdən Azad Zeynalovun da xəbəri olub. O, həmin vaxt Eldəniz Quliyevlə kafelərin birində yeyib-içirmiş. Gülhüseyn Abıyev döyüləndən evə gedərək silah götürərək həmin kafeyə gəlib. Çünki Azad Zeynalovun qardaşı da orada olub. Onlar Gülhüseyn Abıyevin silahla kafeyə gəldiyini eşidəndə narahatlıq keçiriblər. Lakin Eldəniz Quliyev qardaşları sakitləşdirərək məsələni yoluna qoyacağanı deyib. Gülhüseyn Abıyev kafeyə gələndə onun qarşısına sahə müvəkkili ilə Azad Zeynalov çıxıb. Gülhüseyn Abıyev Azad Zeynalova bildirib ki, qardaşı çölə çıxsın. Bu zaman sahə müvəkkili məsələyə müdaxilə edib, məsələni böyütməyə ehtiyac olmadığını deyib. Gülhüseyn Abıyev də öz növbəsində Eldəniz Quliyevə onun bu məsələyə qarışmamasını məsləhət görüb. Söhbət qızışıb və Gülhüseyn Abıyev ilk atəşi Azad Zeynalova açıb. Daha sonra sahə müvəkkilinin üzərinə yeridiyini görüb ona da atəş açıb.
Hadisədən sonra Gülhüseny Abıyev polisə gedərək təslim olub.
Məlumatlarda bildirilir ki, Azad Zeynalov milyonçu Faiq Zeynalovun qardaşıdır.
Hikmət