İrəvan qarışdı; hakimiyyət lobbini köməyə çağırdı

İrəvanda Ramil Səfərovun Azərbaycana təhvil verilməsini Sarkisyan hakimiyyətinin məğlubiyyəti sayan ictimaiyyət etiraz aksiyalarına başlayıb. Lent.az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, İrəvanın mərkəzi meydanında minlərlə aksiyaçı yığışıb. Aksiyaçılar Ermənistan Xarici İşlər Nazirliyinə etiraz bəyanatı qəbul ediblər. Onlar nazir Edvard Nalbandyanın istefasını tələb edirlər. Bəyanatda bildirilir ki, Səfərovun Azərbaycana təhvil verilməsi Ermənistan xarici siyasətinin iflasından xəbər verir.
Tələblər sırasında Ermənistanın ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları dayandırması, Avropa qonşuluq siyasətindən imtina edilməsi, NATO ilə əməkdaşlığa son qoyulması da irəli sürülür.
Mitinqçilər Əfqanıstanda xidmət edən Ermənistan hərbçilərinin dərhal geri çağırılmasını da tələb ediblər.
Bu arada Ermənistan Diaspora Nazirliyi dünya ermənilərini səfərbərliyə çağırıb. Nazirlik bütün dünya ölkələrində fəaliyyət göstərən diaspora qurumlarına 4 bənddən ibarət direktivlərini göndərib. Həmin direktivlərdə Macarıstanın və Azərbaycanın bu ölkələrdəki səfirlikləri önündə aksiyalar keçirmək kimi təşəbbüslərdən tutmuş, Avropa Parlamenti deputatlarına bu məsələni növbəti iclaslarda müzakirəyə çıxarmaq üçün təsir göstərməyin zəruriliyi bildirilir.