Zabitimiz ölkəmizə ekstradisiya edildi və azadlığa buraxıldı
8 ildən artıq Macarıstan həbsxanasında saxlanılan azərbaycanlı zabit Ramil Səfərov Azərbaycana ekstradisiya edilib və Ilham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.
Hava limanında əfv
Bu hadisə Azərbaycan ictimaiyyəti üçün gözlənilməz olub. Ictimaiyyət yalnız dünən, Ramil Səfərovun Azərbaycana gətirildiyi və azad edildiyi gün xəbər tutub ki, uzun müddət imiş ki, zabitimizin ölkəmizə ekstradisiya olunması istiqamətində iş aparılırmış və görülən işlər müsbət nəticəsini veribmiş.
Azərbaycana ekstradisiya edilən Ramil Səfərov Bakıda elə hava limanındaca əfv olunub. Bundan sonra azərbaycanlı zabit evinə aparılıb. Biz Ramil Səfərovun evinə gedərkən orada hələ ki, qələbəlik yaşanmırdı. Ramil Səfərovu görməyə yalnız deputat Qənirə Paşayeva və zabitin yaxın qohumları gəlmişdi.
“Həmişə ümidli idim ki, haqq-ədalət öz yerini tapacaq”
Ramil Səfərov bizimlə söhbət zamanı sevinc hissi keçirdiyini bildirdi: “Ailəmin yanında, xalqımın yanında olduğuma görə böyük sevinc hissi keçirirəm. Ailənin, sevdiyin xalqın yanında olmaq gözəl hissdir”.
Azərbaycanlı zabitin sözlərinə görə, azad edilməsi onun üçün gözlənilməz olmayıb: “Mən bu günü gözləyirdim. Mən həmişə ümidli idim ki, haqq-ədalət öz yerini tapacaq. Və nəhayət o gün gəldi. Mənim azadlığa çıxmağımda əməyi olan bütün insanlara, xalqıma təşəkkürümü bildirirəm. Hər xalqımızın diqqətini, qayğısını hiss etdim. Və bu mənə azad olacağıma ümid verdi”.
Ramil Səfərov törətdiyi əməl barədə yanaşmalara da münasibətini açıqladı: “Istənilən şəxs istnilən hadisə haqqında müxtəlif düşünə bilər. Mən hər kəsin fikirlərinə hörmətlə yanaşıram”.
Bundan sonrakı fəaliyyətinə gəlincə Ramil Səfərovun cavabı belə oldu: “Inşallah, bu barədə sonra danışarıq, hələ indi evə çatmışam”.
“Bu hadisə mənim üçün qəfil oldu”
Ramil Səfərovun atası Sahib Səfərov isə oğlunun azadlığa buraxılmasının onu üçün gözlənilməz olduğunu dedi: “Doğrudur, ümidim var idi. Amma bu hadisə mənim üçün qəfil oldu. Sevinc hissi keçirirəm. Hamıya təşəkkür edirəm, Azərbaycan xalqına göz aydınlığı verirəm.”
Deputat Qənirə Paşayevanın sözlərinə görə, Ramil Səfərovun azadlığa buraxılmasını böyük hadisə kimi qiymətləndirib: “Ramilin azadlığa buraxılması bütün xalqın arzusu, istəyi idi. Çünki Ramil bizim gerçəkdən də qəhrəmanıdır. Çox sevinirəm bu hadisəyə. Inanıram ki, Ramil bundan sonra da xalqımız üçün yararlı vətəndaş olacaq”.
Bir qədər keçdikdən sonra artıq Ramil Səfərovun evində tərpənməyə yer qalmadı. Zabitin qonşuları, yaxınları, jurnalistlər, ayrı-ayrı ictimaiyyət nümayəndələri zabitin yaşadığı evə axışmışdı. Hamı bir-birinə gözaydınlığı verir, Ramil Səfərovun əlini sıxmağa can atırdı.
Azərbaycanlı zabit təxminən yarım saat ziyarətçilərin əhatəsində oldu. Bundan sonra isə Ramil Səfərov Fəxri Xiyabana, biz isə redaksiyaya yollandıq.
Ramil Səfərovun azad edilməsində hansı iş adamının rolu olub?
Ramil Səfərovun azad edilməsində azərbaycanlı iş adamı Ilham Rəhimovun böyük rolu olduğu bildirilir. Qeyd edək ki, Ilham Rəhimov həm də Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınır. Məlumatlarda bildirilir ki, Ilham Rəhimov uzun müddət imiş ki, Ramil Səfərovun azad edilməsi istiqamətində iş aparırmış. Onun bu məsələdə hətta Putinin dəstəyindən yararlandığı da iddia edilir.
“Yəqin ki, bu, erməni qətliamına məruz qalmış xalqımız üçün müəyyən bir təsəllidir”
AXCP sədri Əli Kərimli bu hadisə ilə bağlı “Azadlıq”a açıqlamasında Ramil Səfərovun azadlığa buraxılması müsbət qiymətləndirib. AXCP sədri “xeyirlə-şər əkizdir” deyərək, dünən səhər saatlarında Lökbatanda baş verən dəhşətli yol qəzasını da yada saldı: Bu, çox dəhşətli qəzadır. Qəzada həlak olanların yaxınlarına, doğmalarına başsağlığı verirəm. Allah millətimizə səbr versin. Elə millətimiz bu kədəri yaşayan bir vaxtda Ramil Səfərovun azadlığa çıxması, onun ekstradisiya olunması haqqında xəbər eşitdik. Bu, çox müsbət xəbərdir. Mən bunu doğru hesab edirəm. Ramil Səfərov neçə müddətdir həbsdə idi və o, Azərbaycana qayıdandan sonra da həbsdə qalmalı deyildi, azad olunmalıydı. Yəqin ki, bu, yurd-yuvasını itirmiş, işğala, erməni zorakılığına, qətliamına məruz qalmış və bunun əzabını yaşamış xalqımız üçün müəyyən bir təsəllidir. Bu baxımdan xalqımızın baş verənlərə sevinməsi olduqca təbiidir. Xalqımız sevinc içindədir, təbrik edirəm”.
***
Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın Izmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Vidadi