“Zəhərləmə şousu onsuz da gözdən düşmüş hakimiyyəti bir az da gözdən saldı”
Əli KƏrimli: “Azərbaycanın demokratik ictimaiyyəti sınaqdan üzüağ çıxdı”
AXCP sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimlinin “Media forum” saytına müsahibəsi
– Mərhum prezident Əbülfəz Elçibəyin qəsdən zəhərləndirilməsi iddiasını araşdırmaq üçün açılan cinayət işi son günlərin ən çox müzakirə olunan məsələlərindəndir. İctimaiyyətin reaksiyasını necə qiymətləndirirsiniz?
– Bakı Şəhər Prokurorluğunun qeyri-ciddi adamın iddiası əsasında belə bir cinayət işi qaldırması o qədər absurddur ki, Azərbaycan cəmiyyəti məsələyə son zamanlar müşahidə olunmamış dərəcədə həssaslıqla yanaşdı. Bütün ictimai-siyasi dairələr, elita hərəkətə keçdi. Yəqin hökumət özü də ölkədə belə ciddi vətəndaş cəmiyyətinin, ictimai rəyin formalaşmağa başladığını görəndə təəccüblənib. Düzdür, Azərbaycanda hələ də elə bir zehniyyət hakimiyyətdədir ki, bir çox halda ictimai rəyi nəzərə almır. Amma ölkədə belə bir ictimai rəy formalaşır, çünki indi meydanda susmayan, ədalətin yanında olan, haqsızlığa etiraz edən xeyli ziyalı var. Artıq Azərbaycan siyasətçiləri daha təcrübəlidirlər, indi səhvlər daha az olur. Bir neçə il əvvəl bizdə bir çox siyasətçi rəqiblərlə bütün vasitələrlə mübarizəni məqbul sayırdısa, “hücuma məruz qalan mənim rəqibimdirsə, ona nə olursa olsun mənə aidiyyəti yoxdur” prinsipindən çıxış edənlər vardısa, indi, demək olar ki, xırda istisnalarla, siyasətçi həmkarlarımın da ciddi dəstəyini gördüm. Onların bir çoxu mənə opponent kimi baxsa da, bu qədər absurd ittihamın qarşısında susmamaq qərarına gəldilər.
Məlum oldu ki, ölkədə medianın gücü bir neçə il əvvəllə müqayisədə daha artıb. Çünki internet yeni imkanlar yaradıb. Bu gün ictimai rəyin formalaşmasında medianın çox böyük rolu var. Yeni texnologiyalar, yeni media, sosial şəbəkələr çox vacib mexanizmə çevrilib. O cümlədən Azərbaycan gəncliyi çox mühüm qüvvəyə çevrilib. Bunların hamısı birlikdə Azərbaycanın vətəndaş cəmiyyətinin əsaslarını formalaşdırır. Bu qüvvələrin hamısının bu məsələdə həmrəy olmaları, yəni Azərbaycan ziyalılarının, siyasətçilərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin, gənc fəalların, bloqçuların, bütövlükdə vətəndaş cəmiyyəti institutu nümayəndələrinin bu cəfəng, absurd iddiaya qarşı mövqe bildirməsi mütərəqqi haldır. Mənə xoşdur və bu məsələdə mövqe bildirən hər kəsə təşəkkür edirəm.
Hesab edirəm ki, bu yalnız mənimlə bağlı məsələ deyil, Azərbaycan cəmiyyəti üçün bir sınaq idi, Azərbaycanın demokratik ictimaiyyəti bu sınaqdan üzüağ çıxdı. Hər kəs bir az rahatlandı ki, Azərbaycan demokratik özünüidarəyə çox yaxınlaşıb, ölkədə güclü vətəndaş cəmiyyəti formalaşmaqdadır. Bu vətəndaş cəmiyyəti ölkənin demokratik idarə olunması üçün zəruridir. Vətəndaş cəmiyyəti güclü olmadan ölkənin demokratik idarə edilməsi, hətta demokratik dəyişikliklər olsa da, hər zaman problemdir. Amma bu mənada Azərbaycan cəmiyyətinin yetkinliyi üzə çıxdı. Məhz buna görə hökumətin başlatdığı absurd iş təqribən bumeranq effekti verdi. Hakimiyyət təmsilçilərinin açıqlamalarında da etiraf olundu ki, bu absurd kampaniya nəticə etibarilə onsuz da gözdən düşmüş Azərbaycan hakimiyyətini bir az da gözdən saldı.
– Cinayət işi açılan gün verdiyiniz ilk reaksiyada bunun hakimiyyətin 2013-cü il layihəsi olduğunu, sizin və müxalifətin imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını dediniz. Verdiyiniz qiymətdə bir dəyişiklik varmı?
– Sonrakı günlər mənim ilkin reaksiyamda haqlı olduğumu ortaya qoydu. Əlbəttə, əsas məqsəd 2013-cü il seçkisində iştirakı gözlənilən müxalifət liderlərindən birini bu prosesdən təcrid etməkdir. İş siyasi cəhətdən iflasa uğrasa da, hələ bitməyib. Hökumət hələ də öz səhvini etiraf etməyib, prosesi prinsip etibarilə davam etdirir. Hökumət bununla yanaşı olan digər məqsədlərinə də nail ola bilmədi. Müxalifət düşərgəsində parçalanma yarada biləcəklərinə ümid etdirdilər, əksi oldu. Müxalifət düşərgəsində birləşmə tendensiyası, həmrəy olmaq, hökumətin aqressiyası qarşısında çiyin-çiyinə dayanmaq hissi daha da gücləndi və müxalifət nəinki bu cəfəng iddiadan əvvəlkinə nisbətdə daha çox yaxınlaşdı, hətta gələcək birliklərin də əsası qoyuldu. Müxalifət düşərgəsində belə birliklər üçün mənəvi-psixoloji ortam yarandı.
Hökumətin digər məqsədi də gündəmi dəyişmək idi. Amma həmin bir həftədə də biz hökuməti narahat edən əsas məsələlərdən danışmaqda davam edirdik. Bu müddət ərzində verdiyim müsahibələrin hamısında Azərbaycandan son 19 ildə çıxarılmış 48 milyard dollarla bağlı narahatlığımı dəfələrlə, dönə-dönə ifadə etməyə, digər irimiqyaslı korrupsiya əməllərinin yaddan çıxmasına imkan verməməyə, bununla bağlı hökumətə suallar ünvanlamağa çalışdım. Gündəmi bu cəfəng iddianın məşğul etdiyi vaxtlarda da biz qrafikimiz üzrə işlədik. İctimai Palata ordudakı vəziyyəti müzakirəyə çıxardı. Beş rayonda geniş sessiyalar keçirildi. Yüzlərlə insan İctimai Palataya qəbul olundu. Həftə ərzində iki dəfə bitərəf gənclərlə görüşlər keçirdim. Yəni təşkilatlanma işimizlə hökumət siyasətini ciddi şəkildə tənqid edib ictimai müzakirəyə çıxarmaq işimiz paralel davam edir.
Təbii ki, bir həftə ərzində cəmiyyətdə zəhərləmə əməliyyatı daha prioritet idi. Bir həftə gündəmi məşğul etməyi hökumətin qazancı hesab etmək olmaz. Hətta bu əməliyyatdan da hökumətin əleyhinə çıxan nəticələr var. Azərbaycanda hakimiyyət mənəvi cəhətdən daha da iflasa uğradı. Azərbaycan cəmiyyəti bu qeyri-ciddi adamın açıqlamalarına alışıb. Amma sadə azərbaycanlı Prezident Administrasiyası, Milli Məclis, YAP rəsmilərinin, prokurorluq orqanları əməkdaşlarının həmin qeyri-ciddi adamın açıqlamaları ilə assosiasiya olunan mövqeyə sürükləndiyini görəndə onu idarə edənlərin nə qədər cılız vəziyyətdə olduğunu aşkarladı. Bir var müxalifət bu adamların hansı mənəvi dəyərlərin daşıyıcısı olduğunu deyə, bir də var insanlar əyani şəkildə bu adamların çoxunun heç də Hafiz Hacıyevdən fərqlənmədiyini görə. Bu, hakimiyyətin ifşası, mənəvi iflası baxımından çox önəmlidir.
Seçkiyə bir il qalmış hökumət ciddi şəkildə anons edərək etiraf etdi ki, narahatdır, qorxu içindədir. Əlbəttə, mən hər zaman realist olmağa çalışıram. Hökumətin qorxusu bu saat onunla bağlı deyil ki, hər hansı strukturlaşmış bir partiya öz tərəfdarlarını meydanlara çıxarıb ölkədə böyük inqilab edər. Biz də, hökumət də bunun real olmadığını bilirik. Amma hökumət ona görə narahatdır ki, xalqın mütləq əksəriyyətinin narazılığından xəbəri var, xalqın bir qığılcıma bənd olduğunu, dəyişiklik gözlədiyini bilir. Eyni zamanda dəyişikliyə inam yaranacağı təqdirdə bu prosesləri idarə etmək, lazımi məqamlarda lazımi qərarları vermək iqtidarında olan siyasi qüvvələrin və liderlərin olduğunu da bilir. Bugünkü status-kvo bu saat, bu gün, bu ay hökumət üçün təhdid yaratmaya bilər. Amma hökumət cəmiyyətin və müxalifətin potensialından xəbərdardır. Əgər cəmiyyətdə hansı səbəbdənsə müəyyən inam yaransa, ölkədə rejimdən narazı olan yüz minlərlə insan prosesə qoşula bilər.
Azərbaycan hökuməti yox saydığı müxalifətdən ciddi narahat olduğunu etiraf etdi. Bu da hökumətin zəifliyinin etirafı oldu. Prosesin bir həftə gündəmi məşğul etməsi hec də hökumətin maraqlarına tam uyğun olmadı. Nə olsun ki, gündəmdə hökumətin ortaya atdığı məsələ idi. Amma bu proses bütövlükdə hökuməti gücləndirmirdi, onu haqlı çıxarmırdı. Hökumət bütün həftə ərzində mühakimə olunurdu, məsxərəyə qoyulurdu, ciddiyyətini itirirdi. Ona görə də hökumət zəhərlənmə şousu ilə bir həftə ərzində gündəmi zəbt etməyi öz aktivinə yazmağa tələsməsin. Əksinə, həmin bir həftə hökumətin daha da nüfuzdan düşməsi ilə xarakterizə olundu.
– Bir çox adam, Elçibəyin yaxınları, hətta sizin opponentlərin bir hissəsi zəhərlənmə iddiasını siyasi təzyiq təzyiq hesab etdiyini açıqlayıb. Hüquqi baxımdan bu o deməkdirmi ki, artıq iddianın heç bir qüvvəsi qalmır? Cəmiyyətin reaksiyasından sonra hökumətin bu məsələ ilə bağlı əvvəlcədən hazırladığı planda hansısa dəyişiklik varmı?
– Bunu tam olaraq söyləmək çətindir. Çünki Azərbaycanda ictimai rəylə hesablaşmayan, hər cür məntiqdən kənar, absurd, qeyri-ciddi addımları da atmağı özünə rəva görən bir zehniyyət hakimiyyətdədir. İstənilən müxalifət lideri, jurnalist, bloqçu, vətəndaş cəmiyyəti fəalı hər gün həbs olunmaq təhdidi ilə yaşayır. Belə vəziyyətdə hec nə istisna olunmur. Amma siyasi baxımdan iş bitib. İctimai müzakirələrdən sonra mətbuat da paralel istintaq apardı, olduqca maraqlı faktları ortaya çıxardı. Əbülfəz Elçibəyin səhhətindəki gerçək durum necə idi, hansı dövrləri keçib, onun vaxtında müalicəsinə kim mane olub, Elçibəyin öz xəstəliyi haqqında fikirləri, müalicə olunduğu xəstəxananın mövqeyi nədən ibarətdir – bütün bunlar ictimaiyyətə təqdim edilib və məsələ bitib. Biz nə məntiqin, nə də qanunun işlədiyi ölkədə yaşayırıq. Ona görə də prinsip etibarilə növbəti addımları gərək dövlət orqanlarının özündən gözləyək.
– Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli bəyanatla çıxış edərək zəhərlənmə iddiasını təkzib edib və cinayət işinin açılmasına etirazını bildirib. Elçibəyin digər ailə üzvləri bunu necə qiymətləndiriblər? Onların mövqeyi necədir? Sizcə, hüquqşünas Adil Minbaşı niyə Elçibəyin yaxınlarından fərqli mövqe tutur?
– Bəyin ailəsi öz aralarında razılaşıb qərara gəliblər ki, onların adından mətbuata açıqlamaları Aqil bəy versin. Ona görə də digər ailə üzvləri mətbuatla təmasda olmur. Adil Minbaşının açıqlamalarına təəssüf etdim. Adil bəyi tanıyan bir çox adam bu açıqlamaları ona yaraşdırmayıb. Mən daha ciddi təfərrüatlara varmaq istəmirəm. Bunun motivlərinin nədən ibarət olduğunu, onu belə ikibaşlı açıqlamalar verməyə nə sövq etdiyini jurnalistlər araşdıra bilər. Müəyyən gümanlarım var. Amma bu barədə danışmaq istəmirəm. Bu, fərdi məsələ deyil. Mən bunu ayrı-ayrı adamların şəxsi münasibəti zəminində baş vermiş məsələ olduğunu hesab etmirəm. Böyük dövlət aparatı mənə məqsədyönlü şəkildə iş düzüb-qoşub, imkan daxilində çox adamı bu işə qoşmağa çalışıb. “Obyektiv TV”yə müsahibəmdə də demişəm ki, Azərbaycan xalqına minnətdaram. Bu xalqın içində nadir hallarda Hafiz Hacıyevlər yetişir. Mütləq əksəriyyət özünü həmin adamla bir sırada qoymağı özünə rəva görmür. Bu hadisələrdə də gördük.
– Hakimiyyətin cinayət işi açmaqda məqsədinin gündəmi dəyişmək olduğunu dediniz. Hakimiyyət gündəmdə nəyin olmasını istəyirdi? İctimai Palata gündəmdə nəyin olmağını zəruri hesab edir?
– Ümumiyyətlə hökumətin vəzifələrindən biri seçkiyə az qalmış tələm-tələsik düzəltdiyi çoxlu sayda saytlar və burada işə götürülən adamların vasitəsilə müxalifət daxilində intriqa yaratmaq, böyük birliklərin yaranmasına mane olmaq, dağıdılmasına çalışmaqdan ibarətdir. Əmin olun ki, həmin hökumət mediasına bu barədə birmənalı tapşırıqlar verilir, onların bütün çalışmaları da bunun üzərindədir. İkincisi, aşılamaq istəyirlər ki, ölkədə dəyişiklik ola bilməz. Vaxtaşırı hökumət müxalifət partiyalarını və liderlərini daxili, hökumət üçün təhlükəsiz olan diskussiyalara cəlb etmək, beləliklə, müxalifətin öz fəaliyyətini hücuma keçməyə deyil, müdafiə olunmağa həsr etməsinə nail olmaq məqsədilə planlar cızır. Buna imkan vermək fikrində deyilik. Ölkəmizdə avtoritar bir sistem var. Avtoritar sistemdə yalnız seçkidən seçkiyə deyil, bütün müddət ərzində azadlıq uğrunda mübarizə aparılır. Ona görə də ölkədə rejim dəyişikliyi gündəmdə olmalıdır, çalışacağıq ki, belə də olsun. Seçkiqabağı demokratik mühitin formalaşması, bu məqsədlə kütləvi mübarizənin təşkil olunması, müxalifət birliyinin əldə olunması, hakimiyyət dəyişikliyinə inamın formalaşması gündəmin əsas məsələləri olmalıdır.
Ölkədə həddindən artıq irimiqyaslı oğurluqla məşğul olmuş bir hakimiyyət var. Azərbaycanın bütövlükdə varidatı ilə müqayisə edəndə bu, dəhşətli soyğunçuluqdur. On milyardlarla sərvət ilbəil, mütəmadi olaraq talan edilir. Ona görə də nəinki siyasi liderlərin, hər bir Azərbaycan vətəndaşının gündəmində xalqdan oğurlanmış həmin milyardlar olmalıdır. Hər vəchlə cəmiyyətin gündəmində bu sərvətlərin xalqa qaytarılması, onu talayan rejimin dəyişdirilməsi məsələsinin prioritet olmasına çalışacağıq.
– Sizi istintaqa çağırıblarmı?
– Xeyr, çağırmayıblar.
– Müsavat Partiyasının başqanı İsa Qəmbər 2013-cü ilin prezident seçkilərində iştirak edəcəyini bildirib. Bunu necə qiymətləndirirsiniz? İctimai Palatanın Koordinasiya Şurası namizəd məsələsinə moratorium qoyub. İsa Qəmbərin açıqlamasından sonra Koordinasiya Şurasının toplantısı olub. Toplantıda İsa bəyin açıqlamasını da müzakirə etdinizmi?
– Biz bu məsələni müzakirə etmədik. Çünki İctimai Palatanın vahid namizədinin müəyyənləşdirilməsinin indi tez olduğu və zamanının çatmadığı qənaətindəyik. Bununla bağlı qərarımız var və məsələni gündəlikdən çıxarmışıq. İsa bəyin 2013-cü ildə namizədliyini irəli sürməsini, belə niyyətinin olmasını İctimai Palatanın vahid namizədinin müəyyənləşdirməsi prosesi ilə qarışdırmaq lazım deyil. İsa bəy onu nəzərdə tutur ki, əvvəl öz namizədliyini irəli sürdüyünü bəyan eləsin ki, nə zamansa vahid namizədlə bağlı müzakirələrə ehtiyac yaranacağı təqdirdə prosesdə potensial namizədlərdən biri kimi iştirak etsin. Ona görə də bunlar bir-birini istisna etmir. İsa bəyin namizəd olmaq niyyətini bəyan etməsi hansısa bir mərhələdə müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi məsələsini müzakirə edib konsensusa gəlməsinə, ortaq qərarlar verməsinə mane olmur. İctimai Palata lazım bildiyi məqamda biz bu mövzuları müzakirə edəcəyik. Hələlik isə bu məsələni müzakirə etmirik.
– Sizin İsa bəyin açıqlamasına münasibətinizə gəlincə…
– Dediklərim mənim münasibətim idi.
– Siz necə, 2013-cü ilin prezident seçkisində namizəd olacaqsınızmı?
– Bununla bağlı indiyə qədər ətraflı danışmışam. Adamları təkrarlarla yormaq istəmirəm.
– İctimai Palatanın Koordinasiya Şurasında prezidentliyə iddialı olan siyasətçilər, eyni zamanda siyasətlə fəal məşğul olmayan şəxslər təmsil olunur. Bu halda qurumdan vahid namizəd çıxarmaq mexanizmini tapmaq mümkün olacaqmı? Ola bilərmi həm İsa Qəmbər, həm siz namizəd olasınız, sonrakı mərhələdə birgə mübarizə aparasınız?
– İctimai Palatanın Koordinasiya Şurasının müvafiq qərarına uyğun hərəkət etməyin tərəfdarıyam. Vahid namizədlə bağlı müzakirələr açmağı doğru hesab etmirəm. Amma cəmiyyətin müəyyən kəsiminin narahatlığını nəzərə alaraq vurğulamaq istəyirəm ki, demokratiya uğrunda mübarizə aparırıq, demokratik təşkilatlarıq. Təbii ki, vaxtı çatanda demokratik mexanizmlərlə vahid namizədi müəyyənləşdirə bilərik. Cəmiyyətin demokratik kəsiminin böyük hissəsinin təklif edəcəyi istənilən meyarla vahid namizədin müəyyənləşdirilməsinə etiraz etməyəcəm. Buraya ilkin seçkinin, müəyyən qurumlarda səsvermələrin keçirilməsi də daxil ola bilər. Zamanı çatanda cəmiyyətin ağlabatan hesab etdiyi istənilən meyarın təsdiq olunmasına etirazım olmayacaq.
– AXCP və Müsavat funksionerləri bir-birini ittiham edən açıqlamalar verirlər. Bunun qarşısını almaq üçün İctimai Palata, AXCP, Müsavat olaraq hansısa müzakirələr aparırsınızmı?
– Bu açıqlamaların hamısı ilə tanış deyiləm və onların hamısının qeyri-konsturuktiv olduğuna inanmıram. Amma funksionerlərin ümumi maraqlara xidmət etməyən müəyyən açıqlamalar verməsini də istisna etmirəm. Partiyalarda insanlar, o cümlədən funksionerlər çoxdur. Onların hamısının nə zaman nəyi deməsi əvvəlcədən partiyada müzakirə olunmur. Bir sıra hallarda müəyyən subyektivizmə yol verilir. Tam əminliklə demək istəyirəm ki, AXCP-nin ali qurumlarında yekdil fikir var ki, müxalifətdaxili intriqalardan maksimum uzaq olmalıyıq, belə intriqaların yayılması üçün bəhanə verməməliyik. Hətta öz aramızda bir-birimizə nəzarət edirik, kimsə hardasa uğursuz ifadə işlədəndə bunu həmin şəxsin nəzərinə çatdırırıq. Bu intriqaları böyütməməyə siyasi iradəmiz çatır. Ümid edirəm ki, Müsavat Partiyasının rəhbərliyi də müvafiq addımlar atacaq.
– Bunu qarşılıqlı ittihamların dayandırılması üçün sizin çağırışınız kimi də qəbul etmək olarmı?
– İstəyirsiz elə olsun.
– Bir neçə partiya Demokratik Qüvvələrin Məşvərət Məclisini yaradıb. İctimai Palata bu qurumla əməkdaşlıq edəcəkmi?
– Qurumu təmsil edən şəxslərin dediyinə görə, orada hansısa təşkilatlanma olmayıb, qurum yaranmayıb. Mənə belə deyirlər, baxmayaraq ki, mətbuatda əksi israr olunur. Biz həm ikitərəfli, həm çoxtərəfli məsləhətləşmələrə, dialoqlara açığıq. Çünki məqsədimiz Azərbaycanın demokratik qüvvələrinin maksimum geniş əməkdaşlığına nail olmaqdır. Çalışırıq ki, demokratik düşərgənin daxilində ziddiyyətlər az olsun, olan ziddiyyətlər dialoq yolu ilə aradan qaldırılsın. Ən azı bütün demokratik qüvvələrin vahid mövqedə birləşə bilməsi üçün zəmin yaransın, əməkdaşlıq edə bilsinlər. Hər kəslə müxalifət düşərgəsində danışırıq, məsləhətləşirik. Bu baxımdan AXCP Ali Məclisinin sədri Həsən Kərimovun həmin toplantılarda nəyə görə iştirak etdiyi başa düşülməlidir.
Bizim mövqeyimiz aydındır. Azərbaycan müxalifətinin əsas birliyi kimi İctimai Palatanı görürük. Bu, kifayət qədər sınaqdan çıxmış mexanizmdir, güclü birlikdir. Əlbəttə, ölkədəki bütün demokratik qüvvələri əhatə eləmirik. Ona görə də digər qurumlarla işləyirik. Məsələn, Ziyalılar Forumu ilə ciddi əməkdaşlıqla bağlı razılığımız var. İctimai Palataya üzv olmayan bir sıra partiyalarla müntəzəm görüşlərimiz olur, əməkdaşlığın formalarını axtarırıq. Mənəvi, siyasi bir platformanın formalaşması üçün belə məsləhətləşmələr davam edəcək. Amma elan olunmuş təşkilatda təmsil olunmuruq. Açığı, bu formatda təşkilatın yaranmasını məqsədəuyğun hesab etmədik. Hətta orada təmsil olunan bəzi partiyalar var ki, onlar barədə dəqiq, ətraflı məlumatımız yoxdur. Ona görə də yeni qurumda təmsil olunmağı nəzərdə tutmuruq. İlk gündən də bu barədə mövqeyimizi bildirmişik. Əgər mətbuatın yazdığı və sizin dediyiniz doğrudursa, o, artıq qurumdur. Amma bu yaxınlarda partiya rəhbərlərindən biri ilə söhbətdə o, bir qurum kimi birləşmədiklərini dedi. Əgər qurumdurlarsa da, orada təmsil olunan bir çox partiya ilə əməkdaşlığımız olacaq. Bütövlükdə isə bu qurumun üzvü kimi fəaliyyət göstərməyi nəzərdə tutmuruq.