Nəqliyyat Nazirliyində keçirilən qəza müşavirəsində Lökbatan faciəsinin üzərindən niyə sükutla keçilib?
Sentyabrın 1-də Nəqliyyat Nazirliyində geniş müşavirə keçirilib. Müşavirə bir gün qabaq Bakının Qaradağ rayonunda, Lökbatan qəsəbəsi ərazisində baş verən dəhşətli qəzaya görə çağırılıb.
Xatırladaq ki, avqustun 31-də Ağstafa-Bakı sərnişin qatarı Lökbatanda, Puta-Heybət mənzilindəki dəmiryol keçidində hərəkət edərkən 124 saylı sərnişin avtobusu gözləmədən keçidi keçmək istəyib, nəticədə qatarla avtobus toqquşub. Qəza nəticəsində 6 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
Nəqliyyat Nazirliyində keçirilən müşavirəyə nazir müavini Musa Pənahov sədrlik edib. Rəsmi məlumata görə, tədbirə nazirliyin müvafiq qurumlarının, eləcə də özəl daşıyıcı şirkətlərin nümayəndələri qatılıb. M.Pənahov ilkin araşdırmalara əsasən Lökbatandakı qəzaya Nəqliyyat Nazirliyinin 2 struktur bölməsi işçilərinin səhlənkarlığı və işə qeyri-ciddi yanaşmasının səbəb olduğunu deyib.
Nazirliyin nəqliyyatda təhlükəsizlik şöbəsinin rəisi Kazım Şərifov 2011-ci ildə və 2012-ci ilin ötən səkkiz ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilini nəzərə çatdırıb.
Sonra M.Pənahov nəqliyyat sektorunda təhlükəsizliyin təmin olunması sahəsində ciddi dönüş yaradılması barədə müvafiq rəhbər işçilərə tapşırıq və tövsiyələrini verib.
“Azpolitika.info” saytı isə xəbər verir ki, müşavirə Lökbatandakı qəzaya görə çağırılsa da, əslində orada bu qəza barədə danışılmayıb. Əvəzində nazir müavini müşavirədə iştirak edən marşrut sahiblərini “asıb-kəsib”. Ən maraqlısı isə, sonuncu ağır qəzaya səbəb olan 124 saylı marşrutun sahiblərinə heç nə deyilməyib. Saytın yazdığına görə, buna səbəb 124 saylı marşrutun nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin rəisi Rövşən Məmmədovun nəzarəti altında olmasıdır.
“Müşavirədə iştirak edən sahibkarlardan bir neçəsi bu haqda söz salmaq istəyəndə Musa Pənahov müşavirənin həmin qəza ilə bağlılığını danıb və söhbəti dəyişib.
Yeri gəlmişkən, Rövşən Məmmədovun nəzarəti altında xeyli sayda marşrut var. Təxminən iki ay əvvəl R.Məmmədov «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin rəisi təyin olunub. O vaxta qədər bu MMC-nin rəisi olan Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə isə onun müavini vəzifəsinə keçirilib”, – deyə sayt yazır.