Hakim şahid ifadələrini nəzərə almadı
1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəmədə hakim Vüsalə Baxışovanın sədrliyi ilə iş adamı Maqsud Mahmudovun Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbova qarşı iddiasına dair ötən gün məhkəmə prosesi davam edib.
Qeyd edək ki, iş adamı merin oğlundan obyektini təmir pulunu tələb edir. Amma qarşı tərəf iş adamını obyektdən çıxardıqdan sonra təmirə xərclədiyi pulu verməkdən imtina edir.
Prosesdə hakim tərəflərdən vəsatətlərinin olub-olmadığını soruşub.
Iş adamının vəkili Ilham Əsədov prosesə şahidlərin dəvət etdiklərini söyləyib. Bundan sonra məhkəmə araşdırması şahidlərin ifadəsi ilə davam etdirilib.
Şahid Sakit Vəliyev 2009-cu ilin avqustunda Nazim Hikmət küçəsində yerləşən obyektdə təmir işlərinə cəlb olunduğunu dedi: “Maqsud Mahmudov adlı iş adamı bizi orada təmir aparmağa dəvət etdi. Biz də qiymətdə razılaşdıq. Bu işə görə bizə 6 min manat ödədi. Biz əsasən döşəməni və tavanı düzəltdik, eləcə də metlax və kafel vurduq. Obyektin qarşısındakı səkiyə də daşlar düzdük”.
Bundan sonra şahidə suallar verildi. Suallara cavabında şahid dedi ki, burada iki aydan çox işləyib və bu müddətdə obyektdə başqa ustaların da işlədiyini görüb. O deyib ki, bu obyektdə işlədikləri zaman, demək olar, tavan və döşəmə pis vəziyyətdə imiş: “Bina qəzalı idi. Bərkitmə işləri aparılırdı. Içəri torpaq idi və beton tökülməmişdi”.
Digər şahid Vilayəddin Pənahov da bu obyektdə təmir apardıqlarını və buna görə 11 min manat aldığını deyib. O bildirib ki, təmir zamanı arakəsmələri və binanın divarlarını bərkidiblər, təmir-bərpa işləri aparıblar. Bina qəzalı olduğundan söküntü zamanı çoxlu qüsurlar ortaya çıxırdı. Biz də inşaat materiallarını iş adamı Maqsud Mahmudovla birgə gedib alırdıq”.
Şahidlərin ifadəsindən sonra vəkil Ilham Əsədov vəsatətlə çıxış edərək işin ekspertizaya göndərilməsi və bu yolla obyektin təmirinə nə qədər maliyyə xərclənməsinin müəyyən edilməsini istədi.
Hacıbala Abutalıbovun oğlunun vəkili Ələsgər Məmmədov isə ustaların dediklərinə şübhə ilə yanaşaraq vəsatətin təmin edilməməsini hakimdən xahiş etdi.
Hakim Vüsalə Baxışova vəsatətin təmin edilmədiyini bildirdi.
Bu zaman vəkil Ilham Əsədov xatırlatdı ki, bir müddət əvvəl merin oğlunun obyektinə yerindəcə baxış keçirilməsini təklif edib: “Mən sizdən xahiş edirəm ki, avqustun 3-də verdiyimiz vəsatəti təmin edib obyektə yerindəcə baxış keçirək. Bu zaman kimin haqlı, kimin haqsız olduğunu gözünüzlə görəcəksiniz”.
Hakim isə vəsatətin təmin edilmədiyini və iş üzrə icraatın davam etdirildiyini söylədi.
Vəkil Ilham Əsədov isə hakimin şahidlərə, iddia tərəfinə, gətirilən sübutlara inanmadığını xatırladaq yerindəcə baxış keçirməyə ehtiyac olduğunu dedi: “Biz obyektdən çıxıb təmirə xərclədiyimiz pulumuzu tələb edirik”.
Hakim isə qarşı tərəfin obyektin təmir edilməsini inkar etmədiyini, ancaq bunun onlara aidiyyəti olmadığını söylədi.
Hacıbala Abutalıbovun oğlunun vəkili Ələsgər Məmmədov da müqavilədə belə bir öhdəliyin olmadığını bəyan etdi.
Iş adamının vəkili isə 4 müqavilənin olduğunu xatırlatdı. Və bu işlərə aydınlıq gətirmək üçün “Spektr” MMC-nin direktoru Bəxtiyar Məmmədovun məhkəmə prosesinə dəvət edilməsi vəsatəti ilə çıxış etdi.
Ancaq hakim bu vəsatəti də rədd etdi.
Bundan sonra iş adamının vəkili hakimi qarşı tərəfin mövqeyini müdafiə etməkdə və sifarişli iş görməkdə ittiham etdi.
Hakim isə məhkəmə araşdırmasının başa çatdığını elan edərək tərəflərə çıxış üçün sentyabrın 6-na qədər vaxt verildiyini elan etdi.
Qeyd edək ki, bu prosesdə Maqsud Mahmudov iştirak etmirdi. O, ötən dəfə məhkəmənin qərəzli olduğunu deyərək zalı tərk etmişdi.
Ramin DEKO