“Fövqəlnazir” “Naxçıvan” qruplaşmasından niyə üz döndərib?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov artıq birmənalı olaraq Paşayevlərin çətiri altına keçib. Bu barədə “Azadlıq”a hakimiyyət daxili mənbə məlumat verib. Mənbənin sözlərinə görə, 2013-cü il prezident seçkisi ilə əlaqədar hakimiyyət daxilində ziddiyyətlərin dərinləşməsi fonunda Kəmaləddin Heydərovun strateqləri ona Paşayevlərə əks-qütbdə dayanmamağı tövsiyyə edib.
Məlumat üçün deyək ki, “fövqəlnazir” hakimiyyət daxilində Paşayevlərin əsas rəqibi hesab edilən “Naxçıvan” qruplaşmasının əsas siması sayılırdı. Ziddiyyətlər dərinləşəndə Kəmaləddin Heydərovun hətta prezident seçkisində qruplaşmanın namizədi ola biləcəyi barədə məlumatlar yayılırdı. Elə bu səbəbdən idi ki, Paşayevlər “fövqəlnazir”ə müəyyən sarsıdıcı zərbələr vurdular. Vergilər Nazirliyi kimi iri dövlət qurumu Kəmaləddin Heydərovun nəzarətindən çıxarıldı. “Fövqəlnazir”ə məxsus “Gilan Holdinq”in bəzi layihələri əlindən alındı. Kəmaləddin Heydərova bank açmağa icazə verilmədi. Nəzarətində olan media quruluşlarından bəzilərinə əl qoyuldu və s.
Məhz bütün bunlardan sonra “fövqəlnazir”in strateqləri hesab edib ki, Paşayevlərlə anlaşmaq gərəkdir. Onların fikrincə, hakim ailə növbəti mərhələdə Kəmaləddin Heydərovu “vurmaq” üçün onun aktivinə yazılan uğursuzluqlardan istifadə edə bilər. Bu sırada Sabirabad və Zaqatala kimi fəlakət zonalarında baş verənlərdən, olimpiya uğursuzluğundan və boks yarışında rüşvət qalmaqalından yararlanma ehtimalı xüsusi olaraq vurğulanıb. “Fövqəlnazir” məsləhətləşmələrdən sonra “Naxçıvan” qruplaşmasından üz döndərib.
Məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərov Paşayevlərin beynəlxalq aləmdə təbliğatını maliyyələşdirməklə məşğuldur. Bununla belə yenə də aktivində olan uğursuzluqların ona qarşı yarada biləcəyi təhlükədən sığortlanmaq üçün hələ ki, nəzarətində bəzi KIV-lərə müxalifətə “diqqət” ayırmağı tapşırıb.
“Yeni Müsavat” qəzeti isə Kəmaləddin Heydərovun müxalifətə qarşı “qara piar” aparmasını onun prezidentlik iddiasında olması ilə izah edir. Lakin bizə məlumat verən mənbə bildirir ki, müxalifətə qarşı “qara-piar” hakimiyyətin zirvəsindən gələn göstəriş əsasında aparılır. Kəmaləddin Heydərov isə bu məsələdə yalnız icraçıdır.
Hikmət