Kimi seçirik, toxumları çürüdən oğlanımı?..

Azərbaycan gündəmi qaynayır. Gələn ilin payızına planlaşdırılan prezident seçkiləri marafonunun indidən başlandığını demək olar. Qəzet səhifələri, elektron media, sosial şəbəkələr yenə siyasi mübahisələrlə dolub-daşır. Müəyyən çirkin qalmaqalları kənara qoysaq, mən buna sevinirəm. Görünür, nəhayət, Azərbaycan insanı da seçki prosesinin ölkənin taleyini müəyyənləşdirən əsas vasitə olduğunu dərindən anlamağa başlayır. Bizdə prezident seçkisinə bir ildən artıq vaxt qalmış müddətdə belə məsələlərin geniş müzakirə mövzusuna çevrilməsini kim xatırlayır? Şübhəsiz, son bir neçə ildə dünyanın çox şərtləri, o cümlədən siyasi mənzərəsi də xeyli dəyişib. Bu gün dünya tarixinə “facebook inqilabı” deyilən ifadə daxil olub. Elə bu gün bizim insanların fəallaşmasında da dünyaya əngəlsiz siyasi debat meydanı verən sosial şəbəkələrin rolu böyükdür…
Bəli, bu sosial şəbəkələrdə açılan, mətbuat səhifələrinə daşınan müzakirələr çox faydalı və gərəklidir, hətta böyük mübahisələrə gətirib çıxarsa belə. Amma etiraf edək ki, bu qalmaqallı mübahisələr də uzun zaman dedi-qodu səviyyəsində davam edə bilməz. Bu gediş ən azı böyük siyasi görüşü olmayan insanları seçkilərdən uzaq sala bilər. Keçən parlament seçkilərindəki seçici passivliyi unudulmasın gərək. Heç şübhəsiz, belə debatların mərkəzində dayanan, onu yönləndirən şəxslər əsas etibarı ilə siyasi təcrübəsi olanlardır. Bu siyahıya həm uzun illərdən bəri siyasi proseslərin içində yetişmiş insanları, həm də siyasətlə maraqlanan yeni təhsilli, hadisələri düzgün dəyərləndirməyi bacaran gəncləri aid edə bilərik. Deyərdim ki, əsas yük elə onların üzərinə düşür. Dostlar, bu ölkəyə olan sevgimizi ortaya qoymaq üçün mütləq döyüş meydanına girmək tələb olunmur ki. Söz meydanında belə müzakirələri çığır-bağır, təhqir, qalmaqal kontekstindən yayındırıb sağlam polemika istiqamətinə yönəltmək sizin işinizdir. Insanları maarifləndirmək, ayıltmaq, yönəltmək üçün bundan yaxşı imkan hardadır ki?..
Bu müzakirələrdə yer alan prezidentliyə namizədlərlə bağlı bir məqama da toxunmaq istəyirəm. Söz açdığım debatlar göstərir ki, böyük çoxluq növbəti seçki siyahısında hakim elitadan kənar, yeni simaları namizəd görmək arzusundadır. Təəssüf ki, bu gözəl istək də düzgün yönləndirilə bilmir və “kim namizəd olacaq” sualıyla müzakirə açanların qarşılıqlı aqressiyasına çevrilir. Beləliklə, diqqət hiyləsiz, açıq seçki mühitinə nail olmaq kimi əsas hədəfdən yayınır. Sonda baş alıb gedən gərginliyi azaltmaq üçün hamımıza ibrət olacaq bir hekayə anlatmaq istəyirəm…
“Bir kralın taxt-tacına sahib olacaq 3 oğlu vardı. Hər üç oğul krallıq üçün uyğun yaşda olduğundan, o hansını seçəcəyi ilə bağlı qərar verə bilmirdi. Nəhayət, dərdini bir müdrik şəxsə danışdı və onun məsləhəti ilə oğlanlarını sınamağa qərar verdi. Hər üç oğlunu yanına çağırıb uzun səfərə gedəcəyini söylədi, hər birinə də bir torba çiçək toxumu verdi. ”Geri döndükdə, toxumları ən sağlam saxlamış olanınız mənim yerimə keçəcək”- dedi…
Üç ildən sonra kral geri dönüb əmanəti geri istəyəndə, böyük oğul sandığı açıb saxladığı çürümüş, qurdlu toxumları, ikinci oğul isə üç il əvvəl satdığı toxumun puluyla yeni aldığı toxumları kralın qarşısına qoydu. Kral böyük oğlu üçün “bunlar ölmüş, daha çiçək verə bilməz”, ikinci oğlu üçün isə “bunlar da mənim verdiklərim deyil, amma yenə böyük qardaşından yaxşı düşünmüsən”- dedi. Kral öz-özünə “üçüncü də ümidimi tam doğrultmasa, mən öldükdən sonra ölkəni kim idarə edəcək”- deyə çarəsiz halda düşünməyə başladı. Bu zaman üçüncü oğul onu sarayın bağçasına çıxardı və qarşıdakı rəngarəng çiçək kollarını göstərib dedi:
“Bunlar verdiyiniz toxumlardan açıldı, yeni toxumları yaxın zamanda sizə verəcəyəm”. Beləcə, kralın yerinə keçəcək oğul müəyyənləşmiş oldu…”.
Bir sözlə, əsas seçim üçün normal sınaq şəraiti yaratmaqdır. Bu halda insanlar hansı oğulun daha layiqli olduğunu asanlıqla müəyyən edəcək. Amma siz hakimiyyəti toxumları çürüdən oğlanın ələ keçirməsindən ehtiyatlı olun!