Söhbət Ramil Səfərovu Heydər Əliyevin qəbrinə ziyarətə aparıb, bundan şou düzəldən bir dövlətdən gedir. Onun idarəçiliyi nəyə söykənir? Heç bir prinsipi yoxdur, nə ağıla söykənir, nə hüquqa, nə beynəlxalq konvensiyalara, nə də strategiyası var. Bir ailənin hakimiyyətini saxlamaq, yaltaqlıq şouları düzəltmək, yalan və talan siyasətini davam etdirmək üçün hər şeyə gedirlər.
Axı bu, Ramil Səfərovun azadlığa çıxmasından çox, onun cəmiyyətdəki müsbət və emosional obrazından Ilham Əliyevə qələbə bayrağı düzəltməyə oxşadı. Bununla da oğul Əliyevin “siyasi baltası” itilənir, cəmiyyəti baltalamağa ona haqq verilir. Anlaşılan və aşılanan təəssürat budur: o, Ramili azad edib, deməli, kimi istəsə “baltalaya” bilər. Ona əzmək, məhv etmək haqqı verilir. Qəlbinin Vətən sevgisi ilə dolu olduğuna şübhə edilməyən Ramil də indi öz ölkəsi üçün “balta kimi” istifadə edilir. Ramil özü də bunu anlamır. Onu bu işlərə nə haqla qatırlar? Bu cür dövlətmi olur?
Amma bu artıq dövlət yox, onu əvəz edən cəza maşınıdır. Əziyyətini azərbaycanlıların çəkdiyi cəza maşını. Ölkəmizin həbsxanalarında indi heç bir günahı olmayan, ölkəsini canından da çox sevən insanlar cəza çəkir. Şahin bəy kimiləri, Vidadi Isgəndərov kimiləri.
Bu gün Azərbaycanın öz əsgərləri bir-birini öldürür, hətta özlərinə qəsd edirlər…
Insanlar haqsızlıqdan intihar edirlər…
Vətəndaşlar ədalətsizlikdən təngə gəlib bu ölkədən qaçırlar…
Dövlət alimin cibinə narkotika atıb həbs edir burada…
Mitinqdə çıxış edib hakimiyyəti tənqid edən Şirinbacı Rzayevanın şərlənmiş oğluna elə dünən məhkəmə 2 il həbs cəzası verdi…
Dövlət cəza maşınına çevrilib. Amma həm də bu səbəbdən qəzalı vəziyyətə düşüb. Indi o həm də qəza maşınıdır. Dünən əslində Azərbaycan günə ağır qəza ilə başlayıb. Çox sayda qurban, çox sayda yaralı vardı. Qəza maşını öz işini görmüşdü.
Acı xəbəri alanda qəza maşını ilə bağlı bir fikrimi Facebook şəbəkəsində bölüşdüm: “Korrupsioner sistemdə idarəçiliyin yalnız bir amalı var – pul. Odur ki, hər addımda nəzarətsizlik, boşluq, qəza riski var…”.
Qəzanın ilk anlardan bəlli olan səbəbləri də bu yanaşmanın haqsız olmadığını sübut edirdi. Sərnişin avtobusu xarab olaraq dəmiryol xətti üzərində qalıb, şlaqbaumu tənzimləyən – qatarı saxlaya biləcək şəxs isə bu zaman yatmış olub.
Amma dəyərli dostlardan biri dərhal bu fikrə etiraz etdi: “Korrupsioner olmayan sistemlərdə də qəzalar olur. Həm də bundan betəri. Bir az cığallıq etməkdir bu…”.
Təbii ki, mən ortada statistikanın olduğunu, qəzalarda ölənlərin sayının korrupsioner sistemlərdə, həmçinin Azərbaycanda normal ölkələrdən qat-qat yüksək olduğunu qeyd etdim. Sonrakı müzakirədən bunu anladım ki, bizim internet fəalları vəziyyəti tam aydınlığı ilə qəbul edirlər. Onlardan biri yazmışdı: “Demokratik ölkələrdə də qəzalar olur, amma səbəblər fərqlidir, bizdə korrupsioner, talançı rejim olduğuna, sürücülük vəsiqələri satıldığına, nəqliyyat naziri digər məmurlar kimi acgözlüyün son həddində olduğuna, marşrutlar ayrı-ayrı şəxslərə tamamilə satıldığına görə, bir sözlə, pis idarəçiliyə görədir. Adi misal deyim. Məktəbdə oxuyanda TV-dən 2 xəbəri eyni gündə eşitmişdim, ABŞ-da və Mozambikdə iki qatar üz-üzə toqquşmuşdu. Birincidə 18, ikincidə 424 nəfər ölmüşdü”.
Söhbət təkcə avtomobil qəzalarından getmir, məsələn, səhiyyə qurbanlarını götürün… Hər dəfə aydın bir həqiqətlə üzləşəcəksiniz: Cəza maşını qəza maşını olmağa məhkumdur.
***
Iqtisadçı Natiq Cəfərlinin bir müddət öncə apardığı müqayisədəki rəqəmləri isə yenidən yada salıram: “Ispaniyanın əhalisi 46 milyon 152 min nəfərdir, 2011-ci ildə avtomobil qəzalarında 2605 insan həyatını itirib. Azərbaycanda 8 milyon əhali yaşayır (bəlkə də az), 2011-də qəzalarda ölənlərin sayı 1016 nəfər olub. Əhalisi bizdən 5 dəfə çox olan ölkədə qəzalardakı ölümün sayı 2,5 dəfə azdır. Həm də onu nəzərə alın ki, orada hər 1000 nəfərə 471, Azərbaycanda isə 51 avtomobil düşür”.

Cəza maşınına çevrilən dövlətin qəza maşınına çevrilməsi
•