Biz nələrin uğrunda birləşməliyik?

Azərbaycanın düşməni nədir?

İsa Sadıqov

Bir çoxlarının bildiyi kimi mən artıq, 11 ildir Norveçdə yaşayıram. Burada həyat səviyyəsi olduqca yüksəkdir və Norveç uzun illərdir bu göstərici üzrə dünyada aparıcı yerlərdən birini tutur. Bu ölkə həm də uzunömürlülər ölkəsidir. Kişilər orta hesabla 76,5, qadınlar isə 81 il yaşayır. Ölkənin əhalisi 5 milyon nəfər, ərazisi isə Azərbaycandan təqribən 4 dəfə böyük olmaqla 300 min kvadrat kilometrdir. Bura təbii ehtiyatlarla, neft və qazla zəngin bir yerdir.

Azərbaycan kimi… Norveç

Norveç bizim vətənimiz Azərbaycan kimi çox gözəl ölkədir. Bu iki ölkəni bir-birinə bənzədən çoxlu göstəricilər var, amma fərqləndirən şeylər də çoxdur: həyat şəraiti, məişət, idarəetmə…
Norveç demokratik ölkədir. Bütün uğurlara yetişmək üçün Norveç xalqı çox böyük və ağır sınaqlardan, çətinliklərdən keçib. Amma xalq can atdığı göstəriciləri əldə edib, indi həyatın dadını çıxararaq yaşayır, özləri və gələcək nəsilləri üçün gözəl, varlı bir ölkə, sabit bir dövlət qurublar. Norveçlilər bugünkü həyatı stabil saxlamaq və gələcək nəsilləri təmin etmək üçün sərvət yığmaqla məşğuldurlar. Siz bilirsinizmi ki, neft və qaz satışından böyük gəlirlər əldə edən Norveç bu pulun yalnızca 4 faizini dövlət büdcəsinə cəlb edir. Yerdə qalan 96 faiz isə gələcək nəsillərə çatdırılmaq üçün Neft Fondunda yığılır. Və hamı, statusundan asılı olmayaraq hər kəs xərclənən pulların hesabatını verməyə borcludur, çünki xalq ona məxsus olan sərvətin necə və hansı istiqamətlərə sərf edildiyini bilmək haqqına sahibdir.
Burada diktatorlar, klanlar, millətə məxsus olan sərvətin üzərində sərəncam vermək hüququ olan ailələr yoxdur. Burada demokratiya var, burada dövlət var. Bugünkü məlumatlara görə, Norveçin Neft Fondunda 3 trilyon dollara qədər vəsait toplanıb.
Norveçdə, o cümlədən də paytaxt Osloda Azərbaycanda, Bakıda olduğu kimi tikinti bumu yaşanmır, heç kimin atası üçün heykəllər ucaldılmır, adalar, Dubayda villalar alınmır; Burada hər şeyi bir məqsəd üçün həll edirlər ki, bütün norveçlilər üçün həyat daha rahat və daha təminatlı olsun; hər bir norveçli ölkənin sərvətlərindən faydalansın, özünü yalqız, köməksiz hiss etməsin.
Burada iş yerlərinin yaradılması davamlıdır, hər bir adam istədiyi zaman istədiyi işi tapa bilir. Iş tapa bilməsə də, dövlətin qayğısı vətəndaşın üzərindədir və dövlət vətəndaşın bütün ehtiyaclarını təmin edir – iş tapılana qədər ona ev verir, bütün kommunal xərclərini ödəyir, yaşayış minimumlarını verir.
Burada rüşvət yoxdur. Heydər Əliyev Fondu da yoxdur. Yalnız qanunlar var. Gənclik üçün ideal, hətta fantastik şərait var. Oxumaq istəyənlər üçün bütün qapılar taybatay açıqdır. Əksər gənclər ali məktəblərə təpik döyməklə özünü yormaq istəmir və peşə məktəblərinə gedir, müəyyən bir peşə öyrənib işləməyə üstünlük verirlər. Ona görə ki, təhsil səviyyəsindən asılı olmayaraq, burada hər kəs çox böyümək haqqı alır. Burada yaxşı və ya pis iş yoxdur: bütün işlər eyni dərəcədə qiymətləndirilir və sayğıyla dəyərləndirilir. Və əgər iş varsa, deməli, daha böyük imkanlar var: ev, mənzil, avtomobil almaq üçün kreditlər və ssudalar var.
Burada hamı üçün bütün haqlar eyni dərəcədə keçərlidir. Harınlar və imtiyazlılar yoxdur. Kral da, baş nazir də, hamı və hər kəs qanunun nəzarəti altındadır.
Burada uşaqların gələcəyi, onların harada oxuyacağı, harada işləyəcəyi barədə qafa sındırmağa heç bir ehtiyac yoxdur. 18 yaşına çatmış hər bir şəxs azad vətəndaş olaraq dövlətin himayəsinə alınır.

***

Bunları ona görə yazmıram ki, bizim vətəndaşlarımız, gənclik Norveçə necə düşmək haqda düşünməyə başlasınlar. Qətiyyən, yox! Ona görə yazıram ki, hər birimiz öz ölkəmizdə bu təminatları, hətta bundan daha artığını necə yarada biləcəyimiz haqda düşünək. Bizdə olan bir çox əhəmiyyətli potensial göstəricilər var ki, Norveçdə yoxdur. Və biz Norveçdə olduğundan daha artığını öz ölkəmizdə yarada bilərik.

***

Yaşlı nəsil ayın sonunu o biri ayın əvvəlinə zorla bağlayır. Biz 40 ildir əsarət, qorxu, təhdid altındayıq. Bunları bizim gələcək nəsillərimizdəmi yaşamalıdır? Yaxşı, biz həyatımız boyu bu əsarətə dözdük, süründük, bəs bizim övladlarımız? Onlaradamı bu mirası qoyub gedəcəyik? Bu mirasla qoyduğumuz gələcək nəsillər bizi necə anacaqlar? Ümumiyyətlə, anacaqlarmı? Bu miskin mirasla: sonu görünməyən müharibə perspektivi, səfalət, dağıntılar, həbslər…
Heç bir şey etməsək… Yeni-yeni Heydərlər taxt-tacda dəyişəcəklər, xalq isə bizim uzun illərdir ki, davam gətirdiyimiz səfalət və əsarətə davam edəcəkmi?

Azərbaycan… Gürcüstan kimi

Bir çoxları kimi mən də uzun müddət hesab edirdim ki, biz düzələn deyilik, bu cür həyata məhkum olunmuşuq. Amma bu tərəddüdlər bu yaxınlarda Tbilisiyə gedəndə məni birmənalı şəkildə tərk etdi. Mən orada sonuncu dəfə 8 il əvvəl olmuşdum. Son dəyişikliklər haqqında məlumatlı deyildim, təsəvvürümdə belə yox idi. 8 il əvvəl mənim tərk etdiyim Gürcüstan dilənçi kökündə idi, kriminal göz açmağa imkan vermirdi, korrupsiya tüğyan edirdi. Belə təəssürat yaranırdı ki, gürcülər də bizim kimi, düzələn deyillər; onlar da, biz də qanunlardan kənardayıq, qanunlarla yaşaya bimərik. Azərbaycandamı, Gürcüstandamı vəziyyətin daha pis olduğunu müəyyənləşdirmək çox çətin idi. 5-6 dollar məbləğində olan pensiyalar 5-6 ay gecikdirilirdi.
O zamanlar Gürcüstanda da özünə yer eləmiş bir əfsanə dolaşırdı: Əgər Şevardnadze deyilsə, bəs kim? Şevardnadze olmasa, Gürcüstan batar, dağılar!.. Baxmayaraq ki, ötən yazılarımda da qeyd etdiyim kimi, Şevardnadze Əliyevdən fərqli olaraq dünya siyasətində pozitivləri ilə çox fərlənən bir siyasətçi idi. Amma Şevardnadze Gürcüstanı indiki Saakaşvili Gürcüstanı ilə heç bir halda müqayisə oluna bilməz.
36 yaşlı, tanınmayan bir gənc hakimiyyətə gəldi və Gürcüstanı indiki Gürcüstana, postsovet məkanında heç kimin, hətta çoxdandır ki, Avropa Birliyində olan Baltikyanı respublikalarında belə kimsənin təsəvvür edə bilməyəcəyi bir ölkəyə çevirdi. Bir çoxlarının təbirincə desəm, “təcrübəsiz Saakaşvili” Gürcüstanı tanınmaz hala gətirdi. Bu dəyişikliklər, islahatlar məni sözün həqiqi mənasında heyrətləndirdi. Inana bilməzdim ki, bunca az zaman içərisində korrupsiya sistemini dağıdaraq Gürcüstanı qanunların işlədiyi həqiqi rels üzərinə qoymaq olar! O isə bunu etdi. Hamıya, eyni zamanda yaxın qonşusu Azərbaycana da sübut etdi ki, bunu etmək olar. Uğurlarının sirrini soruşanda da qısaca olaraq “mən rüşvət almadım” dedi. Bəli, həqiqətən də o göstərdi ki, korrupsiyanı idarəetmə üsuluna çevirən Əliyevlərdən fərqli olaraq ölkədə hansı yolla hüquqi cəmiyyət qurmaq olar.

Azərbaycan… Rumıniya kimi

Çirkli təbliğatla və imperializm simasında uydurulan düşmən obrazıyla kütlələri aldadaraq kommunistlər 70 il duruş gətirə bildilər. Bundan daha artıq aldatmaq və qorxutmaq onlara müyəssər olmadı: Sovet Ittifaqı çökdü. Məlum oldu ki, bizim pis yaşayışımızın səbəbi qətiyyən imperializm-filan deyilmiş, həmin rejim imiş, xalqları qorxudan və xof altında saxlayan, “lazımsızları” sadəcə olaraq, öldürən, potensial narazıları şil-küt edən həmin diktatura imiş. 70 ildən sonra biz 70 il geriyə qayıdaraq həmin aclığın və səfalətin, 20-ci əsrin əvvəllərindəki vətəndaş müharibələrinin ağuşuna düşdük. Bizim həyatımızı məhv edən bu illər ərzində isə həmin kapitalistlər özləri üçün demokratik cəmiyyətlər qurdular, öz problemlərini gizlətmədən, açıq müzakirələrlə həll etdilər.

***

70 il yalan və qorxu üzərində bərqərar olan Sovet Ittifaqı kimi rejimlərin də analoqu vardı. Məsələn, başqa bir sosialist Avropa ölkəsi olan Rumıniya. Orada da diktator Çauşeskunun ailəsi uzun müddət hakimiyyətdə oldu. Bu ailə bir çox mənalarda Azərbaycandakı Əliyevləri xatırladır.

Azərbaycan… Rumıniya kimi

Ər-arvad Çauşeskular ölkədə hər kəs və hər şey üzərində hüdudsuz hakimiyyət sahibi idilər, heç kim qarşısında hesabat verməzdilər. Onlar da biz zamanlar qəti olaraq əmin idilər ki, heç bir halda əməllərinə görə məsuliyyət daşımayacaqlar. Bu, ümumiyyətlə, diktatorların hamısına xas olan xüsusiyyətdir. Onlar uzun müddət hakimiyyətdə qalaraq kütləşirlər, onlarda çox müştəbeh təəssüratlar yaranmağa başlayır; özlərini Allah sanmağa başlayırlar. Bir zamanlar Allah ata idi, indi də oğuldur. Baxmayaraq ki, bu “allahlar” böyük mühafizə ordusu olmadan ölkə içində hərəkət etməyə qorxarlar, yola çıxmazdan iki saat əvvəl yolları bağlatdırarlar, çünki nifrətin ölçüsünü dərk edirlər.
Çauşeskular əlləri bağlanıb üzü divara söykədilənə qədər idarə etdilər. Hərbi tribunal bütün rumınların ürəyindən tikan çıxaran bir hökm verdi: güllələmək! Əmr dərhal, elə komendaturadaca icra edildi. “Millətə həddən artıq məhəbbət” naminə yerindəcə güllələnmə! Bu, Çauşesku cütlüyünün təbii sonluğu idi: xalq bundan artığına dözmək istəmirdi. Xalq indən belə özünün həyatı, gələcək nəsillərin taleyi haqqında düşünmək istəyirdi və diktatorun əcayib planları ilə yaşamaq istəmirdi. Aydın olmuşdu ki, rumın xalqının düşmənləri hansısa kapitalist-imperialist çevrələr deyil, ölkənin sərvətlərini oğurlayan, talan edən Çauşesku cütlüyüdür. Millətin bunu dərk etməsi üçün on illər gərək olmuşdu. Bu talana, zorakılığa, qarətə, təhqir və təhdidlərə son vermək üçün tələb olunan məqam on illər sonra yetişmişdi. Orada yad fikirlilər təqib edilirdilər, həbsxanalarda çürüdülürdülər, məhv edilirdilər. Xalq qorxu içində yaşayırdı. Amma bir milləti sona qədər kölə edərək onun üzərində əbədi ağalıq planı, hakimiyyəti öz uşaqlarına ötürmək niyyəti baş tutmadı.
Buna bənzər situasiyalar Şərqi Avropanın başqa ölkələrində də oldu. Amma həmin ölkələrdə daha az itki ilə, daha az qanla məsələni həll etmək mümkün oldu. Kimsəni asmağa, öldürməyə ehtiyac olmadı.

Azərbaycan… Ərəbistan kimi

Amma ərəb dünyasında baş verənlər üzərində bir qədər dayanmaq istərdim. Tunisdə, Misirdə, Liviyada, Yəməndə və bu günlər Suriyada baş verən hadisələr üzərində. Çünki Azərbaycanda baş verənlər, idarəetmə, hakimiyyətin bir ailənin əlində cəmləşməsi, klan tiraniyası, məhz ərəb dünyasının təkrarıdır. Orada da dövlət başçıları özlərini allahlaşdıraraq xalqın taleyini barmaqlarına dolamaqla məşğul idilər və məşğuldurlar. Tunusdə Ben Ali, Misirdə Mübarək, Suriyada Əsəd ailəsinin davranışlarını gözlərinizin özündə canlandırın və Azərbaycandakı hakimiyyət ailəsi ilə müqayisə edin. Bu ölkələrdə də seçkilər keçirilir və “böyük əksəriyyətin” səsi ilə hökmdarlar seçirdilər. Devrilməmişdən cəmi bir il əvvəl Hüsnü Mübarək 86 faiz səs “qazanmışdı”. Onlar da eyni qayda ilə seçkilər keçirir, səsləri sayırdılar. Bütün vərdişlər və davranışlar tamamilə eyni idi. Çünki rejimlər eyni idi; xalqın tamamilə sındırıldığı, məhv edildiyi möhkəm bir qənaət kimi idarəedənlərin beyninə hopmuşdu. Hesab edirdilər ki, onlar hər şeyi düz edirlər. Günün birində isə bəlli oldu ki, bu ölkələrin düşmənləri israillilər-filan deyil, həmin xalqları əsarət alan, onları insan yerinə qoymayan diktatorların özləridir. Amma nə zaman dərk etdilər. Ölkənin və millətin milyardlarla sərvəti oğurlanandan, talan ediləndən, nəhayət, on illər boş yerə itiriləndən sonra. Axı, orada da illər öncə vəziyyəti düzəltmək, ölkəni bəşəri və insani əsaslarla qurmaq mümkün idi. Əgər həmin xalqlar öz diktatorlarını on illər əvvəl devirib özlərinə normal bir yönətim qura bilsəydilər, indi ərəb dünyası bu günlərdə geriliyin və cəhalətin, iç savaşların, daxili düşmənçiliyin, məzhəbçiliyin, nifrətin girovuna çevrilməzdi.
Əgər həmin Qəzzafi, Mübarək və ya Əsəd azacıq müdrik ola bilsəydilər onlar da bu gün Şevardnadze kimi öz ölkələrində asudə yaşaya bilərdilər. Amma bacarmadılar. Və on illər boyu talan etdiklərini, millətin əlindən zorla qopardıqlarını, ailələrini, əzəmətlərini ən qısa müddətdə itirdilər, ömürlərini də şərəfsizcəsinə başa vurdular və vuracaqlar. Onlara elə gəlirdi ki, yaratdıqları quldur dəstələri onları himayə edə biləcək, bu quldur dəstələri coşan xalq qəzəbinin qarşısında duruş gətirə biləcək.
Bu böyük və zəruri dəyişikliklər on illərlə yubandı. Bugünkü nəticələr göz qabağındadır və bütün bu qansızlıqlarda, xaosda, xalqların bugünkü bədbəxtliklərində korrupsiyanı və özbaşınalığı, qətl və qarətləri özü üçün iş üsuluna çevirmiş həmin rejimlər günahkardır.
Suriyada bu proses ləngiyir, amma heç şübhəsiz, yaxın zamanlarda oradakı diktaturanı da eyni aqibət – qafasına sıxılacaq güllə gözləyir. Özünü millətin atası adlandıran bu diktator da öz ölkəsində 20 mindən artıq adamın ölümünə səbəb olub. Ola bilsin ki, bugünkü Suriya qiyamçıları diktatordan qurtuluş üçün daha artıq can qurban edəcəklər. Amma onlar dərk edirlər ki, diktaturasız bir cəmiyyət qurmaq üçün geriyə yol yoxdur. Onlar bu qurbanları bu gün öz sıralarından verməsəydilər də, onların övladları, nəvələri-nəticələri qurban gedəcəkdi. Bu qurbanlar indi verilməlidir ki, gələcək nəsillər dünyanın bədbəxt ölkələri siyasında qeyd olunan bir Vətəndə yaşamasınlar.
Təbii, Suriyanın da ən böyük fəlakəti, məhz Əsəd ailəsidir. Orada da Azərbaycanda olduğu kimi hakimiyyət atadan oğula ötürülüb. Diktator ata Əsəd də suriyalıların qanını tökmüş, talelərini məhv etmişdi. Orada da, Azərbaycanda olduğu kimi oğul Əsəd bütün ölkə boyu atasına heykəllər ucaltmaqla məşğul idi. Məhz bu ailə on illər ərzində Suriya xalqına qarşı həqiqi düşmənçilik etmişdir və nəhayət, günün birində xalq öz düşməninə qarşı birləşərək onu və onun simasında diktaturanı, korrupsiyanı, zorakı siyasi (əslində isə qeyri-siyasi) idarəetməni rədd etməyə qərar verə bilmişdir.

Azərbaycan… kimi!

Gürcülər, ərəblər kimi diktaturanı və onun bütün mənfur nəticələrini aradan qaldırmaq üçün qərar verə bilmiş, əzm göstərmiş xalqlar varsa, nədən biz, azərbaycanlılar onlardan geridə qalmalıyıq? Biz bütün Şərqdə ilk Demokratik Respublikanı quran bir xalq olaraq bu gələcəyə daha artıq layiq deyilikmi? Biz Sovet Ittifaqının param-parça olub dağıldığı bir coğrafiyada, böyük tarixin oluşduğu yerdə, böyük mədəniyyətin beşiyində yaşayan xalq deyilikmi?
Oralardan, diktaturaların bitdiyi yerlərdən fərqli olaraq bizdə hələ də korrupsiya hökm sürür, hələ də insanları başqa cür düşündüyünə görə şərləyərək həbs edir, zindanlarda çürüdür, millərin sərvətin talan edirlər.
Bizim düşmənimiz kimdir? Kim bizə insan kimi yaşamaq haqqı tanımır? Mən bu sualı hər bir azərbaycanlıya verirəm. Hər birimiz bu sualın ətrafında düşünməliyik! Biz düşmənlə məsələni həll etmədən, ona qalib gəlmədən özümüzə və gələcək nəsillərimizə həyat qura bilməyəcəyik!..