Berezovski Abramoviçə uduzdu

Rusiyalı oliqarxların mübahisəsinə London məhkəməsi nöqtə qoydu

Rusiyalı oliqarx Boris Berezovski keçmiş binzes ortağı Roman Abramoviçə qarşı Londonda qaldırdığı çoxmilyardlıq məhkəmə iddiasını uduzub. Londondakı Ali Məhkəmə ötən gün qərar çıxararaq, Berezovskinin qaldırdığı 6 milyard dollarlıq iddianı haqlı saymayıb.
Boris Berezovski Rusiyadan qaçaraq Britaniyada yaşayır. Əvvəllər onunla ortaq olmuş milyarder, 45 yaşlı Roman Abramoviç də Britaniyada biznesə sahibdir. O, “Çelsi” futbol klubunun sahibidir.
Qeyd edək ki, Berezovski iddiasında Abramoviçin onu “Sibneft”dəki səhmlərini dəyərindən ucuz satmağa məcbur etdiyini göstərib. Berezovski həmçinin iddia edib ki, Abramoviç onun icazəsi olmadan dünyanın ən böyük alüminium istehsalçılarından olan “Rusal”dakı paylarını da başqasına satıb. Abramoviç isə iddiaları rədd edib. Hakim də bu mübahisədə Berezovskinin haqlı olmadığı qənaətinə gələrək, onun 6 milyard dollarlıq təzminat iddiasını əsassız sayıb.