Zabitin əfv edilməsinə hüquqi izahat nədən ibarətdir?
Azərbaycan zabiti Ramil Səfərovun ölkəmizə təhvil verilməsi və əfv fərmanı ilə azadlığa buraxılamsı ilə bağlı ABŞ hökumətinin izahat isətyinə Bakıdan cavab verilib.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov mətbuata açıqlamasında bilidirb ki, Ramil Səfərovla bağlı məsələdə Macarıstan və Azərbaycan “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının şərtlərinə tam riayət ediblər: “Məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası ilə tənzimlənir. Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb”.
F.Ələsgərov əlavə edib ki, Macarıstan məhkəməsinin çıxardığı hökm yalnız məhkumun hökm çıxarılandan 30 il müddətində vaxtından əvvəl şərti azadlığa buraxılması imkanlarını məhdudlaşdırır. Bu məhdudiyyət məhkumun əfv olunması və ya amnistiyaya salınması imkanlarına aid edilmir.
Ramil Səfərovun əfv edilməsinə gəlincə, F.Ələsgərov bildirib ki, Konstitusiyaya əsasən, əfv ölkə prezidentinin müstəsna hüququdur. Cinayət Məcəlləsi isə ömürlük məhkum olunan şəxslər üçün bu cəzanı 25 ili ötməyən azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi nəzərdə tutur. Əfv sərəncamını Ramil Səfərov barəsindəki ömürlük cəzanın onun çəkdiyi 8 il cəza ilə əvəz olunması kimi qəbul etmək lazımdır. Bunları nəzərə alaraq Ramil Səfərov azad olunub.
Məsələnin bu tərəfinə Ramil Səfərovun vəkili olmuş hüquqşünas Adil İsmayılov da aydınlıq gətirib. O, “Facebook” səhifəsində yazıb: “Avropa Konvensiyasının əfv, amnistiya və cəzanın yüngülləşdirilməsi adlanan 12-ci maddəsinə əsasən “Hər bir tərəf öz Konstitusiyasına və ya digər qanunlara əsasən əfv, amnistiya və cəzanın yüngülləşdirilməsini tətbiq edə bilər”.
Bu maddəyə əsasən prezident Ramil Səfərovun cəzasını 25 ilədək istənilən müddətə əvəz edə bilərdi. Buna görə də sərəncamda belə yazılmalı idi: “1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlunun cəzası 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və o cəzasını çəkdiyi üçün həbsdən azad edilsin”.