Səhlənkarlıq dəhşətli qəzaya səbəb oldu: 6 ol, 47 yaralı (FOTO/VİDEO)
Dünən səhər saatlarında Qaradağ rayonu ərazisində 6 nəfərin ölümü, daha 47 nəfərin xəsarət almasıyla nəticələnən dəhşətli yol qəzası baş verib. Hadisənin səbəbi isə Lökbatan qəsəbəsi ərazisində 124 saylı sərnişin avtobusu ilə qatarın toqquşması olub.
“Bağlama, bağlama, mən keçim…”
Dünən biz hadisə yerində olarkən ölənlərin sayının 15-dən çox olduğu bildirilirdi. Məsələ burasındadır ki, həlak olanların cəsədlərini morqlara polislər apardığından Təcili Tibbi Yardım Stansiyasında (TTYS) qeydə alınmamışdı və bu səbəbdən dəqiq rəqəm bəlli deyildi. Həlak olanların bir qismi Qaradağ rayonundakı meyitxanaya, qalanı isə mərkəzi morqa aparılmışdı. Yalalıların isə əksəriyyəti 1 saylı Kliniki Tibbi Mərkəzə, bəziləri də Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutuna yerləşdirilmişdi.
Hadisə baş verən ərazidə yaşayan sakinlərin dediyinə görə, avtobusun sürücüsü dəmiryoluna çatanda dəmiryolu işçisi şlaqbaumu bağlamağa hazırlaşıb. Ancaq sürücü həmin vaxt “bağlama, bağlama, mən keçim…” – deyə ona müraciət edib. Dəmiryolu işçisi sürücüyə qatarın çatdığını və keçə bilməyəcəyini desə də, şlaqbaumu salmayıb. Nəticədə avtobusla qatar toqquşub. Qatar avtobusu təxminən 30 metrlik məsafədə sürüyüb. Qatar avtobusa çırpılarkən zərbənin təsirindən dəmir yolunun üzərindəki qidalandırıcı elektrik xətləri də qırılıb.
Olayın şahidlərinin bəziləri isə deyir ki, qəza baş verərkən nəzarətçi yatıbmış. Gecə işdə olmuş nəzarətçinin növbəni dəyişib getdiyini, gündüz növbəsindəki nəzarətçinin isə yerində olmadığını deyənlərdə vardı…
Hadisə zamanı yaxınları həlak olmuş və ya yaralanmış şəxslər isə birmənalı şəkildə avtobus sürücüsünü günahlandırırdılar.
İki nəfər həbs olundu
Yaxınlarından xəbər bilmək istəyən Lökbatan sakinlərinin əksəriyyəti Təcili Tibbi Yyardım Stansiyasına üz tutmuşdu. Onların sözlərinə görə, zərərçəkmişlərin bir qismi avtobusdan özünü ataraq xəsarət alıblar: “Onlar qəzanın baş verəcəyini görüb, yerə atılıblar. Yerə atılanların da bir hissəsi qatarın altında qalıb. Yaralıların bəzilərinin vəziyyəti olduqca ağırdır. Çünki dəmir yolunun üstünə düşənlərin bir qismini qatar sürüyüb”.
Meyitlər və yaralılar aparılandan sonra hadisə yerində təmizlik işləri gedirdi. Su vuran maşınlarla qan izləri, ətrafa dağılmış dəmir və şüşə qırıntıları təmizlənilirdi. Qəzanın baş vermiş yol bağlı olduğundan qatarlar ikinci yoldan, maşınlar da “Körpü yolu” adlanan yerdən istifadə edirdilər.
Nəqliyyat Nazirliyi də olaya münasibətini açıqlayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov mətbuata açıqlamasında deyib ki, sözügedən avtobus səhər texniki baxışdan, sürücü isə tibbi müayinədən keçib.
Baş Prokurorluğun mətbuat xidməti isə dünən günün ikinci yarısında məlumat yaydı ki, olayla əlaqədar iki nəfər həbs olunub: “Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Ismayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, ”Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulublar”.
Onu da qeyd edək ki, dünən hadisə yerinə yüksək çinli məmurlardan heç kim gəlməmişdi. Yalnız səhiyyə naziri Oqtay Şirəliyev Kliniki Tibbi Mərkəzdə yaralılara baş çəkmişdi.
Araşdırmalar zamanı o da məlum olub ki, avtobusda olan sərnişinlərin böyük əksəriyyəti işə gedən vətəndaşlar olub. Artıq hüquq-mühafizə orqanları həlak olan və yaralananların şəxsiyyətini müəyyənləşdirib.
Həlak olanların siyahısı:
1. Nəcəfquliyev Tahir Nəcəf oğlu (1965-ci il təvəllüdlü)
2. Şahbazov Nizami Muxtar oğlu (1973-cü il təvəllüdlü)
3. Əliyev Azər Taryel oğlu (1980-ci il təvəllüdlü)
4. Xəlilov Rafail Əmirəhməd oğlu (1978-ci il təvəllüdlü)
5. Isgəndərova Mətanət Ismi qızı (1966-cı il təvəllüdlü)
6. Əliyeva Yaqut Nəriman qızı (1957-ci il təvəllüdlü)
Xəsarət alan şəxslərin siyahısı:
1. Məmmədova Gülnar Tofiq qızı (1975-ci il təvəllüdlü)
2. Baxışova Həmidə Baxış qızı (1991-ci il təvəllüdlü)
3. Poladov Tamerlan Mehman oğlu (1985-ci il təvəllüdlü)
4. Ağayev Füzuli Vəliağa oğlu (1979-cu il təvəllüdlü)
5. Məhərrəmova Zülfiyyə Kamil qızı (1973-cü il təvəllüdlü)
6. Babayev Xanbala Mayıl oğlu (1959-cu il təvəllüdlü)
7. Salahov İlqar Hüseyn oğlu (1971-ci il təvəllüdlü)
8. Behbudov Mehman Vəli oğlu (1996-cı il təvəllüdlü)
9. Kərimov Cavad Rauf oğlu (1992-ci il təvəllüdlü)
10. Əliyev Yusif Əli oğlu (1950-ci il təvəllüdlü)
11. Nəcəfquliyeva Hənifə Nəcəf qızı (1962-ci il təvəllüdlü)
12. Xalıqov Rəvvaq Cavad oğlu (1967-ci il təvəllüdlü)
13. İsmayılova Gülnaz Həmidulla qızı (1964-cü il təvəllüdlü)
14. Musayev Kürdoğlu Qənbər oğlu (1983-cü il təvəllüdlü)
15. Ağayev Məhəmməd Xosay oğlu (1986-cı il təvəllüdlü)
16. Miriyeva Gülnaz Ağamoğlan qızı (1959-cu il təvəllüdlü)
17. Eyyubov Röyal Yunis oğlu (1981-ci il təvəllüdlü)
18. Kərimov Şahin Rauf oğlu (1996-cı il təvəllüdlü)
19. Babayeva İradə Ağahəmid qızı (1978-ci il təvəllüdlü)
20. Salahova Fəridə (1980-ci il təvəllüdlü)
21. Cəfərov Rəşad Rauf oğlu (1998-ci il təvəllüdlü)
22. Ağayev Fərid Ağami oğlu (1986-cı il təvəllüdlü)
23. Hacıyev Elşad Zakir oğlu (1991-ci il təvəllüdlü)
24. Şirəliyev Tural Malik oğlu (1990-cı il təvəllüdlü)
25. Namazov Anar Ramiz oğlu (1986-cı il təvəllüdlü)
26. Kazımov Əhliman Kəmaləddin oğlu (1987-ci il təvəllüdlü)
27. Talıbova Sevda Qabil qızı (1950-ci il təvəllüdlü)
28. Zeynalov Mehman Oktay oğlu (1990-cı il təvəllüdlü)
29. Məmmədov Sülhi Bayram oğlu (1972-ci il təvəllüdlü)
30. Xalıqverdiyeva Günel Məhəmməd qızı
31. Ağamova Səlimə Natiq qızı (1991-ci il təvəllüdlü)
32. Orucova Gülnarə Əbdül qızı (1977-ci il təvəllüdlü)
33. Tağıyeva Aygün Hüseyn qızı
34. Məmmədova Tehranə Məhəmməd qızı (1971-ci il təvəllüdlü)
35. Məmmədov Niyaz Azad oğlu (1975-ci il təvəllüdlü)
36. Nəsirov Röyal Rauf oğlu (1989-cu il təvəllüdlü)
37. Əliyev Rait Şirin oğlu (1961-ci il təvəllüdlü)
38. Səlimov Firuz Tacir oğlu
39. Alcanov Xubyar Əliqardaş oğlu (1974-cü il təvəllüdlü)
40. Malayeva Lyudmila Seyidmaqamedovna (1968-ci il təvəllüdlü)
41. Abbasov Kazım Tərlan oğlu (1950-ci il təvəllüdlü)
42. Əliyeva Elnarə Bayram qızı (1984-cü il təvəllüdlü)
43. Baharov Emin Etibar oğlu (1987-ci il təvəllüdlü)
44. He Ven Juan (Çin Xalq Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü).
Ramin DEKO
Fotolar: ANS PRESS