ramil-seferov3

Azərbaycanda və dünyada “Ramil Səfərov fırtınası”

ramil-seferov3ABŞ izahat istədi; ermənilər Macarıstanla əlaqəni kəsdi; Bakıda zabitimizə rütbə və ev verildi…

Azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ektsradisiya edilməsi və əfv olunması Irəvanda aranı qarışdırıb.  Irəvanda azərbaycanlı zabitin ölkəmizə təhvil verilməsini Sarkisyan hakimiyyətinin məğlubiyyəti sayan ictimaiyyət etiraz aksiyalarına başlayıb. Ermənistan KIV-ləri məlumat yayıb ki, Irəvanın mərkəzi meydanında minlərlə etirazçı toplaşıb. Onlar Ermənistan Xarici Işlər Nazirliyinə etiraz bəyanatı qəbul ediblər. Aksiyaçılar xarici işlər naziri Edvard Nalbandyanın istefasını tələb edirlər. Bəyanatda bildirilir ki, Ramid Səfərovun Azərbaycana təhvil verilməsi Ermənistan xarici siyasətinin iflasının göstəricisidir.
Tələblər sırasında Ermənistanın ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları dayandırması, Avropa qonşuluq siyasətindən imtina edilməsi, NATO ilə əməkdaşlığa son qoyulması da irəli sürülür.
Aksiyaçılar həmçinin Əfqanıstanda xidmətdə olan Ermənistan hərbçilərinin dərhal geri çağırılmasını tələb ediblər.
Bundan başqa bu ölkənin Diaspora Nazirliyi dünya ermənilərini səfərbərliyə çağırıb. Nazirlik bütün dünya ölkələrində fəaliyyət göstərən diaspora qurumlarına 4 bənddən ibarət direktivlərini göndərib. Həmin direktivlərdə Macarıstanın və Azərbaycanın bu ölkələrdəki səfirlikləri önündə aksiyalar keçirmək kimi təşəbbüslərdən tutmuş, Avropa Parlamenti deputatlarına bu məsələni növbəti iclaslarda müzakirəyə çıxarmaq üçün təsir göstərməyin zəruriliyi bildirilir.

ABŞ Bakıdan izahat istədi

Bu arada ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Tommi Vietor Azərbaycan zabiti Ramil Səfərovun əfvinə münasibət bildirib. ANS PRESS-in Ağ Evin internet saytına istinadən verdiyi məlumata görə, Tommi Vietor deyib ki, Barak Obama Macarıstandan Azərbaycana qayıdan Ramil Səfərovun əvfindən narahatdır: “Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabitini qətlə yetirdiyini etiraf edib və ömürlük həbs cəhası alıb. Biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım regionda gərginliyin azaldılmasına və barışığa yardıma xidməti etmir”.
Ağ ev nümayəndəsi bəyan edib ki, Birləşmiş Ştatlar Macarıstandan da izahat gözləyir.
“Amerikanın Səsi” xəbər verir ki, məsələ ilə bağlı Dövlət Departamenti də “Azərbaycanlı əsgərin əfvi” başlıqlı press-reliz yayıb. Press-relizdə bildirilir: “Amerika Birləşmiş Ştatları Azərbaycan prezidenti Ilham Əliyevin Macarıstandan ekstradisiya edilərək Bakıya qayıdan azərbaycanlı ordu zabiti Ramil Səfərovu əfv etməsi xəbərindən ciddi narahatlıq hiss keçirir. Cənab Səfərov 2004-cü ildə Budapeştdə keçirilən NATO treninqində erməni zabit Qurqen Marqaryanı qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbsə məhkum edilib. Biz bu addımla əlaqədar olaraq Azərbaycana dərin narahatlığımızı çatdırır və izahat əldə etməyə çalışırıq. Biz habelə Macarıstan tərəfindən də cənab Səfərovun Azərbaycana ekstradisiyası qərarı barədə detallı məlumat öyrənmək istəyirik. Biz regional gərginliyi artıracaq bütün addımları pisləyirik”.

Bakının ABŞ-a cavabı

Rəsmi Bakının ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin açıqlamalarına cavabı gecikməyib. APA-nın məlumatına görə, PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası ilə tənzimlənir: “Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir. Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb”.ÿ
Fuad Ələsgərov Ramil Səfərovun əfv olunması məsələsinə də aydınlıq gətirib: “Ramil Səfərovun əfv olunması ilə bağlı bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Macarıstan məhkəməsinin çıxardığı hökm yalnız məhkumun hökm çıxarılandan 30 il müddətində vaxtından əvvəl şərti azadlığa buraxılması imkanlarını məhdudlaşdırır. Bu məhdudiyyət məhkumun əfv olunması və ya amnistiyaya salınması imkanlarına aid edilmir. Ramil Səfərov təhvil verilmə haqqında Konvensiya nəzərə alınaraq, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında əfv edilib. Konvensiyaya əsasən, hər bir tərəf əfv, amnistiya elan edə və ya ölkə Konstitusiyası, yaxud digər hüquqi aktlar əsasında məhkumun cəzasını azalda bilər”.ÿ

Əfv sərəncamı necə olmalı idi?

Əfv məsələsinə Ramil Səfərovun vəkili olmuş hüquqşünas Adil Ismayılov da aydınlıq gətirib. O, “Facebook” səhifəsində yazıb: “Avropa Konvensiyasının əfv, amnistiya və cəzanın yüngülləşdirilməsi adlanan 12-ci maddəsinə əsasən ”Hər bir tərəf öz Konstitusiyasına və ya digər qanunlara əsasən əfv, amnistiya və cəzanın yüngülləşdirilməsini tətbiq edə bilər”.
Bu maddəyə əsasən prezident Ramil Səfərovun cəzasını 25 ilədək istənilən müddətə əvəz edə bilərdi. Buna görə də sərəncamda belə yazılmalı idi: “1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlunun cəzası 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və o cəzasını çəkdiyi üçün həbsdən azad edilsin”.

Ermənistan Macarıstanla diplomatik münasibətləri dayandırıb

Ermənistan isə Macarıstan ilə diplomatik əlaqələri dayandırır. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serc Sərkiysan ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə təcili müşavirədə bəyan edib. “Mən rəsmi surətdə bəyan edirəm ki, bu gün biz Macarıstan ilə diplomatik münasibətləri və bütün rəsmi əlaqələri dayandırırıq”, – deyə Sərkisyan bəyan edib.
Ermənistanla Macarıstanın əlaqələri Budapeştin Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək barədə qərarından sonra gərginləşib.
Ermənistan parlamentinin spikeri Macarıstana səfərini təxirə salıb
Ermənistan parlamentinin spikeri Ovik Abramyan Macarıstana edəcəyi rəsmi səfəri qeyri-müəyyən müddətə təxirə salıb. Bu barədə APA “Armenia Today”ə istinadən məlumat verir.
Səfər Macarıstan parlamenti sədrinin dəvəti ilə sentyabrın sonlarında həyata keçirilməli idi. Ermənistan parlamenti mətbuat xidmətinin məlumatına görə, Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək barədə qərarı ilə bağlı Ovik Abramyanın bu ölkəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınır.

Ramil Səfərova mayor rütbəsi verildi

Dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ramil Səfərovu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, vətənə dönməsi və prezident Ilham Əliyev tərəfindən əvf olunması münasibəti ilə R.Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif edərək gələcək hərbi fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərov indiyədək baş leytenant hərbi rütbəsinə malik idi.
Bundan başqa, hərbi ekspert Üzeyir Cəfərovun məlumatına görə, bugünkü görüşdə müdafiə naziri Səfər Əbiyev mayor Ramil Səfərova həbsdə olduğu müddətdə çatacaq bütün məvacibinin tam şəkildə ödənilməsi barədə göstəriş verib. Bu 45  min Azərbaycan manatı məbləğində vəsaitdir. Bundan əlavə, Ramil Səfərova hər şəraiti olan 3 otaqlı mənzil də bağışlanılıb.

***

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası almışdı.   
Zabitimiz 2012-ci il avqustun 31-də Azərbaycana ekstradisiya olunaraq əfv edilib.