Azərbaycanda gözləyirdik, Seneqalda baş verdi

Iki gün əvvəl bizim internet saytlarında da Seneqal prezidentinin çox maraqlı bir qərarı haqqında xəbər yayıldı. Açığı, mən xəbəri həmişə özümüzdən gözləyirdim, amma xaricdən gəlməsi bir az gözlənilməz oldu.
Xəbərdə deyilirdi ki, Seneqalın dövlət başçısı artıq xərclərə səbəb olduğu üçün parlamenti ləğv edib.
Mən bu səmimiyyətinə görə onu alqışlayıram. Bir ölkədəki parlament seçkili orqandan təyinatlı orqana çevrilib, həmin ölkədə onu saxlamaq həqiqətən də artıq xərcdir. Məsələn, Azərbaycanda. Bizdə parlamentin çox yaraşıqlı binası var, amma içində parlament yoxdur. Həmin bina hətta şadlıq evi kimi xalqa daha çox fayda verə bilər, nəinki parlament binası kimi. Ən düşük, ənənəvi toy belə, xalqa toy tutmaqdan daha yaxşıdır.
Yayılan xəbərdə mənə ən çox ləzzət edən Seneqalda qanunla parlamentin üzvlərinin yarıdan çoxunu prezidentin təyin etməsi oldu. Bu da həmin ölkədə avtoritarizmin nə qədər səmimi olduğunun göstəricisidir. Xalqa parlamentin seçkili olduğuna dair kəf gəlməkdənsə, ən yaxşısı elə parlamentin təyinatlı olduğunu qanuniləşdirmək, leqallaşdırmaqdır. Bizdə parlamentin bütün üzvlərini bir nəfər təyin edir, amma qanunda bu haqda bir cümlə də yazmayıblar. Belə olmaz, Seneqal prezidentindən səmimiyyət dərsi almaq lazımdır.
Əslinə qalsa, Azərbaycanda nəinki parlamenti, hətta Prezident Administrasiyasını, Nazirlər Kabinetini, məhkəmələri, polisi saxlamaq da artıqdır, hamısı ləğv edilməlidir. Bir ölkə bundan daha pis idarə oluna bilməz. Bir ölkəni özbaşına buraxsan belə, başıpozuqluq, özbaşınalıq bu qədər baş alıb getməz.
Bunun ən əyani nümunəsini də dünən gördük: səlahiyyətlərinə aid olmadığı halda, Qubadakı mart üsyanında tələm-tələsik ora gedib, icra başçısının yerinə xalqdan üzr istəyən nəqliyyat naziri Qaradağdakı dəhşətli qatar qəzasına görə nə hadisə yerinə getməyi özünə rəva gördü, nə də olanlara görə üzr istəməyi.
Bax, belə bir dəlixanada yaşayırıq.
Siz isə hələ uyuyun.
Dünən haqqında kiçik bir not
Istəyir “Neftçi”nin Avroliqa qələbəsi olsun, istəyir Ramil Səfərov hadisəsi, fərq etməz, bir ölkədə ki, bütün bunlara münasibətdə “oğurlasınlar, amma iş görsünlər”, “büdcəni dağıtsınlar, ancaq yetər ki, xalqa da bir az xeyirləri dəysin” deyə düşünən insanlar var, o ölkədə məzlumun ahı heç vaxt bitməz…
O ölkədə yetimin haqqını yeyənlərin sonu gəlməz.
O ölkə ən gözəl arzuların, ən müqəddəs dəyərlərin qəbiristanlığı olaraq qalar.
Bəs Isa Sadıqov?
Azərbaycanın ən dəyərli övladlarından biridir o. Istər bu ölkənin torpaq bütünlüyü uğruna olsun, istərsə də demokratik ideallara qovuşması naminə – fərq etməz, xidmətlərini hər kəs bilir.
Başına nələr gəldiyini, daha doğrusu, gətirildiyini, sonunda bu ölkədən dərbədər salındığını da.
Amma indiyədək buna “çırt” səsi çıxarmayanların, bunu sorğulamayanların bir başqa zabitimizlə bağlı dünənki şivənçiliyinə də deyəcək heç bir sözüm yoxdur.
Susuram.
Əli Insanov xəbərləri
Nazir ikən “Əli Insanov istefaya göndərilir” xəbərləri bitməzdi…
Həbsdə ikən də “Əli Insanov əfv ərizəsi yazdı” xəbərləri bitmək bilmir.
Bir insan haqqında bütün ömrü boyunca heçmi doğru xəbər yazılmaz, Ilahi?!