Azərbaycanı böyük kataklizmlər gözləyir

Xalqımızın mübarizə əzmini qırmaq mümkün deyil

Kamil Vəli Nərimanoğlu: “Nə qədər ki, Rusiya meyilli qüvvələr hakimiyyətdədir Azərbaycan heç bir şəkildə xilas ola  bilməz”

əvvəli ötən sayımızda

– Hakimiyyətin Elçibəyə münasibəti birmənalı deyil. Müxalifət liderləri də vurğulayıb ki, Elçibəy dünyasını vaxtsız dəyişibsə, buna səbəb hakimiyyətin onu uzun müddət Türkiyəyə müalicəyə buraxmaması olub. O zaman Elçibəyə qarşı bu “canyananlıq” nədən irəli gəlir?
– Həm bu, həm də başqa mövzular diqqəti əsas hədəfdən yayındırmaq üçün ortaya atılıb. Məsələn, bəzən vahid namizəd məsələsi qabardılır. Bizim dostlarımızın da bəzən bu məsələyə uymasına pis baxıram. Vahid namizədi xalq seçəcək, sosial tələblər onu müəyyənləşdirəcək. Heç kim deyə bilməz ki, vahid namizəd kim olacaq. Ona görə düşünürəm ki, tərcümeyi-halı buna imkan verən şəxslər namizədliklərini irəli sürməlidirlər.
O ki, qaldı gözlənilmədən Elçibəylə bağlı inormasiyanın ortaya atılmasına. Bəli, bu, təsadüf deyil. Azərbaycan iqtidarı Heydər Əliyev zamınında və daha sonra Ilham Əliyevin hakimiyyəti illərində Elçibəyə qarşı barışmaz olublar. Iqtidar heç görmədikləri lideri belə hədəfə almaqdan çəkinmir. Söhbət Məmməd Əmin Rəsulzadədən gedir. Rəsulzadəyə qarşı olan düşmənçilik Elçibəyə qarşı olan düşmənçilikdən on dəfə artıqdır. Yəni bu iqtidar Rəsulzadə, Elçibəy düşüncəsinin arxasınca gedən ideyalı insanların düşmənidir. Rəsulzadənin qurduğu universitetdən onun adının götürülməsindən faciəvi, tragikomik bir şey ola bilməz. Üzeyir Hacıbəyli Azərbaycan xalqının 20-ci əsrdə yetişdirdiyi şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. Onun adının konservatoriyadan götürülməsindən faciəvi bir addım ola bilərmi? Bu mənada Ilhamə Quliyevanın təklifini xatırlayıram. O təklif edirdi ki, Azərbaycanın adını Heydər Əliyev adına Azərbaycan Respublikası qoysunlar. Və ya Heydər Əliyevi prezidentlər prezidenti seçsinlər. Bunlar bu qədər ifrata varmağa çəkinmirlər. Bu çox gülməlidir. Amma Hafiz Hacıyev, Ilhamə Quliyevanın təklifindən dördəli yapışan, üzdən ciddi görünən mənasız adamlar var ki, onlar adlarını çəkdiyim şəxslərdən də qat-qat səviyyəsiz vəziyyətə düşürlər. Azərbaycan xalqı 20-ci əsrdə böyük intellektual yol keçib. Azərbaycan xalqını aldatmaq olmaz. Indiki iqtidarın sosial bazası korrupsiya ilə məşğul olan insanlardır. Onlar əməllərindən əl çəkmirlər. Hakimiyyətdən də buna görə dördəlli yapışıblar. Bu hakimiyyət hələ ki, Heydər Əliyevin cızdığı yolla gedir. Hazırda tunelin sonundakı işıq artıq görünməkdədir. Amma bu işığa qədər olan yolun nə qədər sürətlə keçiləcəyi eyni zamanda xarici amillərlə də bağlıdır. Çünki tale elə gətirib Azərbaycanla bağlı siyasət xarici amillərlə qırılmaz şəkildə bağlıdır. Istər Irandakı durum, Rusiyada baş verənlər, Amerikadakı seçkilər Azərbaycana təsir edir. Azərbaycan xalqında hazırda bir qədər ruh düşkünlüyü yaşanır. Sanki ətrafda baş verənlərə bir etinasızlıq var. Ziyalıların vəziyyəti yenə ağırdır. Qazaxıstana səfər etmişdim. Orada bir professor 1000-1500, dosent isə 800-1000 dollar arasında maaş alır. Azərbaycan alimi öz dolanışığını təmin etmək, dərmanına verməyə imkan verən əmək haqqı almalıdır. Mövcud vəziyyətdən çıxış yolu beynəlxalq praktikadakı dəyişiklikləri tətbiq etməkdir. Azərbaycan Avropa ilə, xüsusilə Türkiyə ilə sıx inteqrə olunmalıdır. Nə qədər ki, Rusiya meyilli qüvvələr hakimiyyətdədir, Azərbaycan heç bir şəkildə xilas ola  bilməz. Azərbaycanı çox böyük kataklizmlər gözləyir. Azərbaycanın mücadilə tarixində iştirak etmiş bir şəxs kimi deyə bilərəm ki, təsirlər xalqımızın mübarizə əzmini qıra bilməz. Xalqın gələcəyinə nikbin baxıram.

48 milyard dövləti xəyanət, xalqın kürəyinə vurulan bıçaqdır

– Bir müddət əvvəl ölkə gündəmini Azərbaycandan 17 il ərzində offşor zonlara çıxarılan 48 milyard dollarla bağlı məsələ zəbt etmişdi. Bu faktı necə qiymətləndirirsiniz?
– Bu bir dövlət xəyanətidir. Bu böyük bir məbləğdi. Əgər 48 milyardı 100 dolarlığa çevirsən, onunla az qala yer kürəsini dövrə vurmaq olar. Bu, Azərbaycan xalqının kürəyinə saplanmış bıçaq deməkdir. Bu məsələ ciddi araşdırılmalıdır.

– Qanunvericilikdə belə bir məqam vr ki, KIV-də əksini tapan informasiyalar, korrupsiya faktları prokurorluğun araşdırma predmeti olmalıdır. Amma dəfələrlə mətbuatda hakimiyyətin korrupsiya əməllərini sübut edən faktlar ortaya qoyulsa da reaksiya yoxdur. Bütün bu faktlarla bağlı zamanında hesab sorulacaqmı?
– Hər şey piramidanın zirvəsindən qaynaqlanır. Bütün bəlalar balığın başındadır. Çünki Azərbaycanda korrupsiya piramida qaydası ilə zirvəyə gedir. Ölkədəki durum çox ağırdır. Hətta normal səhiyyə xidməti almaq mümkün olmadığından vətəndaşlarımız Türkiyəyə, Irana, Rusiyaya üz tutur. Artıq beş gündür ki, Bakıdayam. Şəhərdə toz əlindən nəfəs almaq olmur. Bu şəhəri elə tikirlər-sökürlər. Tıxaclar Bakını iflic edib. Yalnız dövlət başçısının keçdiyi yolda polislər gözə görünür. Bakı eyni zamanda çox natəmiz şəhərə çevrilib. Bütün bunların kökü isə korrupsiyada, qanunların işləməməsindədir. Minimal hüququ olmayan cəmiyyətdə böyük ideallardan danışmaq olmaz. Belə cəmiyyətlərdən ya baş götürüb qaçırlar, ya da həmin toplumları bölürlər. Düşmənçiliyi ailələrə keçirirlər. Heç Stalin və Hitlerin zamanında belə olmayıb.

Ziyalılar Forumuna üzvlük üçün müraciət edəcəm

– Ötən müddət ərzində siz də içində olmaq şərti ilə bir çox ziyalılarımız Cavanşir Quliyev, Vurğun Əyyub, Tofiq Qasımov ölkəni tərk ediblər. Başqa ziyalılarımıza – Rüstəm Ibrahimbəyova, Rafiq Əliyevə, Cəmil Həsənliyə qarşı təzyiqlər edilir…
– Ziyalılar Forumunun yaranması Azərbaycan üçün ciddi siyasi impulsdur. Siyasətçinin peşəsi hakimiyyət uğrunda mübarizə aparmaqdır. Amma ziyalı vicdan, ədalət uğrunda mübarizə aparır. Ziyalı istəyir ki, ölkədə vicdan kredosu olsun. Bu adları çəkilən şəxslər kredo ola bilər. Azərbaycanda ziyalı qüvvəsinin formalaşması çox şeyi tənzimləyə, iqtidarı da çox şeyə məcbur edə bilər. Bu proses ölkədə ədalətin, hüquq normalarının bərpa olunmasında, korrupsiyanın qarşısının alınmasında olduqca vacib prosesdir. Inanıram ki, Azərbaycanda ziyalılar hərəkatı getdikcə güclənəcək. Mən də Ziyalılar Forumuna öz qatqımı göstərmək istəyirəm. Bunun üçün müraciət etməyə hazıram. Yaşadığım Türkiyədə də Ziyalılar Hərəkatının fəaliyyət göstərməsi üçün əlimdən gələni etməyə hazıram. Bu bir siyasi yox, ictimai prosesdir.

Azərbaycanın sərvətləri bir ailənindir

– Ölkədə təhsilin bərbad vəziyyətdə olmasını attestat və qəbul imtahanları sübut etdi. Əldə olunan nəticələr təhsilin acınacaqlı durumundan xəbər verir. Yaranmış vəziyyətin günahkarı kimdir?
– Təhsil ictimai həyatın güzgüsüdür. Totalitar, anormal, korrupsiyalaşmış cəmiyyətdən yaxşı təhsil gözləmək olmaz. Bəzən totalitar cəmiyyətdə dahi kino xadimi, yazıçı yetişir. Bu sıxılmanın təbii reaksiyasıdır. Amma təhsil xalqın hamısını əhatə edir və təhsil, cəmiyyət necədirsə, onun ifadəsidir. Bu baxımdan Azərbaycanda minlərlə diplom satılıbsa və ölkədən xaricə getməli olan tələbələri yuxarı orqan, kardinal seçirsə, təhsilin ideologiyası qurama şəkildə Heydərizmlə bağlanılırsa, bunun axırı yoxdur. Elə təsəvvür yaradılmağa çalışılır ki, sanki Azərbaycanın minillik tarixi məhz Əliyevlər üçün gəlirmiş. Bu təbliğat Biləcəridən o tərəfə keçə bilməz. Azərbaycanın şərəfli tarixi var. Amma heç kəs tarixini bəzəməməlidir. Bizim Cəmil Həsənli, Süleyman Əliyarlı kimi tarixçilərimiz var. Sovet zamınında Süleyman Əliyarlının “Azərbaycan tarixi” kitabı böyük bir hadisə idi. Amma bu şəxslərin yerinə uydurma tarixçilər çıxıb və bəyan edirlər ki, bizdən böyük millət yoxdur, dünyanın mərkəzi Azərbaycandır. Bunlara inanan yoxdur. Bu tarix deyil. Bizim tarix ən böyük tarixdir bəyan etməkdənsə, tarixi Çin, Hindistan mənbələrindən, qədim Şumer, Iskit abidələrindən öyrənmək lazımdır.

– Sizin dərs dediyiniz Türkiyədə təhsil haqqı ləğv edilib. Yəni birinci təhsili tələbə dövlət hesabına ala bilər. Bundan başqa, təhsil haqları da ölkə reallığına uyğundur. Azərbaycanda isə bunun tam əksi yaşanır. Necə olur ki, geniş sərvətləri olan Azərbaycanda təhsilə belə münasibət sərgilənir?
– Çünki xalqımızın Azərbaycanın sərvətlərinə dəxli yoxdur. Azərbaycan sərvəti bir ailənindir. Əgər sərvətlərimizi xalqın olsaydı professor 200-300 manat maaş almazdı. Qiymətlərə yaxın durmaq olmur. Mən Türkiyədə aldığım məvaciblə burada 10 gün güclə dolanıram. Halbuki bu məbləğ Türkiyədə mənə bir ay bəs edir. Hələ nəzərə almaq lazımdır ki, Türkiyədə enerji daşıyıcılarının qiyməti bahadır. Amma buna baxmayaraq xərcləmələr arasında fərq üçün birə nisbətindədir. Azərbaycan çox bahalı ölkədir. Bu bahalı ölkədə əzab çəkən, ən çox yük düşən sıravi vətəndaşlardır. Mən bütün bunları ürək yanğısı ilə dilə gətirirəm. Elə bilirsiniz Rafiq Əliyev kimi alim dünyada çoxdur? Böyük kəşfləri olan görkəmli alimimiz Siyavuş Dadaş var. Amma bu alimlərin heç qədir-qiyməti bilinmir. Bütün bunlar Azərbaycanın bütövlüyü naminə edilməlidir. Bizim dövlətdə bu ruh yoxdur. Azərbaycanın hansı dərsliyi Cənublu-Şimalı Azərbaycanın bütövlüyü ruhunda yazılıb?

Azərbaycan Türkiyənin əsas məsələsidir

– Türkiyə hazırda Yaxın Şərqdə olan proseslərə ciddi diqqət ayırır. Amma bunun fonunda Azərbaycandakı demokratikləşmə bir qədər biganə yanaşır. Bunun səbəbi nədir?
– Türkiyə çox mürəkkəb problemlərinin içərisindədir. Türkiyənin yaşadığı qaçqın problemini Azərbaycan üzərinə götürsə, bir gün belə dözə bilməz. Türkiyə cazibə mərkəzi olduğuna görə ora hər yandan qaçqın axını var. Amma Azərbaycan Türkiyənin əsas məsələsidir. Türkiyədə Azərbaycana etinasız yanaşan yoxdur. Azərbaycana münasibət doğmalıq yanaşmasıdır. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin bir parçasıdır.

– 2013-cü il seçkisi öncəsi ölkədə hərarətin artacağı gözlənilir. Amma budəfəki seçkinin daha gərgin keçəcəyi gözlənilir. Çünki ötən müddət ərzində Azərbaycanda insan haqları istiqamətində böyük geriləmə olub. Ölkədə narazılıq daha da artıb. Bu baxımdan gələn ilki seçkiləri necə görürsünüz?
– Qarşıdan gələn seçkiləri nikbinliklə qarşılayıram. Amma böyük sıxıntılar da var. Idmanda belə bir məqam var. Qədim Afinadakı Olimpiadadan bu günə qədər heç bir idman nəticəsi geriyə doğru getməyib. Hər zaman inkişaf olub. Insan güclənib, daha uzağa tulanıb, yerin cazibəsin qırıb. Bu inkişafı siyasətə transformasiya etsək, demək olar, siyasi münasibətlər də sağlamlaşmağa doğru getməlidir və belə də olur. ABŞ-dakı seçkilər, Avropadakı iqtisadi böhran, Suriyadakı vəziyyət Azərbaycandakı seçkilərə təsirsiz ötüşməyəcək. Eyni zamanda Azərbaycanın beynəlxalq önəmi də bu seçkilər ərəfəsində daha da artacaq, ölkəmizlə bağlı durum dünyanın diqqətinə gələcək. Məhz bu hadisələr zamanı dəngə saxlamaq mümkün olmayacaq və reallığa uyğun addımlar atılacaq.

Xəyal