Avropadan Bakı necə görünür?

Birinci yazı
1. Niderlandın polis zabiti Azərbaycan haqqında nə dedi?
Amsterdam hava limanında sərhəd polisinin bir xeyli sorğu-sualına məruz qaldım. Pasportumu götürüb rəislərinin yanına getdi. Rəis də türk dilini bilən bir nəfəri çağırtdırdı. Öncə rəisə bir sual ünvanladım. Soruşdum ki, nədən, pasportuma möhür vurmaq istəmirlər. Səfərimin məqsədi, maddi durumum, geriyə – Azərbaycana dönüb-dönməyəcəyim barədə suallar verdi. Nə Niderland krallığında, nə də Avropanın başqa bir ölkəsində yaşamaq fikrində olmadığımı, məmləkətimdə demokratiya uğrunda mücadilədən şərəf duyduğumu və Azərbaycanın da nə vaxtsa Avropa evinə qovuşacağını vurğuladım. Sifətinə təbəssüm gələn rəisin “Azərbaycan demokratiya istəyirmi” sualı, etiraf edim ki, mənə qəribə göründü. Hiss etdim ki, ölkəmizdə cərəyan edən proseslərdən xəbərdardır və elə buna görə də rica etdim ki, Azərbaycan haqqında bildiklərini söyləsin. Tərcüməçi şaşqın baxışlarla gah mənə, gah da polis rəisinə baxırdı. Görəvi ölkəsinə qədəm qoymuş əcnəbinin Niderland üçün problem yaradıb-yaratmayacağını müəyyən etməkdən ibarət olan rəis təxminən 10 dəqiqə Azərbaycandakı demokratiyadan, neft-qaz yataqlarından, rüşvətdən, korrupsiyadan danışdı. Bir daha əmin oldum ki, Qərb YAP-ın iqtidar olduğu Azərbaycanı çox gözəl tanıyır. Qovluqdan “Azadlıq” qəzetinin vəsiqəsini çıxardım. Diqqətlə baxdı, gülə-gülə əlimi sıxdı və pasportuma möhür vurmağı əmr etdi. Pasportu mənə təqdim edərkən bir də əlimi sıxdı və “Azərbaycanda demokratik bir rejim olsa, kimsə Avropa ölkələrinə sığınmaq istəməz” dedi.
Avropa ölkələrində, o cümlədən Niderland Krallığında yüzlərlə yox, minlərlə soydaşımızın sığınacaq tapdığından xəbərim var. Və məhz bu sığınmanın kütləvi xarakter almaması üçün həm Bakıdakı Avropa ölkələrinin səfirlikləri çox ciddi araşdırmalar aparır, azca şübhə doğuranlara viza verilmir. Bu azmış kimi hava limanlarında pasport nəzarətini gerçəkləşdirən təhlükəsizlik qüvvələri də geriyə dönüşünə şübhə ilə yanaşdıqları azərbaycanlıları deportasiyaya məruz qoyur…
Bu gün də o polis rəisinin “Azərbaycanda demokratik bir rejim olsa, kimsə Avropa ölkələrinə sığınmaq istəməz” sözləri qulaqlarımda səslənir və əminəm ki, 30-35 yaşlı gənc zabitin dedikləri ilə hər kəs razılaşar.
2. Amsterdam və Bakı
Məqsəd heç də Amsterdamla Bakını zahirən müqayisə etmək deyil. Yalnız rejimə yarınanlar, dünyadan xəbərsizlər və dərketməsində problemi olanlar Bakını – bəlkə də dünyanın ekoloji baxımdan ən çirkli şəhərini “gözəl şəhər” adlandırırlar. Ağlı başında olan bir kəs “Bakı gözəldir” deməz. Nədən ki, sivil dünyada şəhərə gözəllik etiketi öncə ekoloji təmizliyinə görə vurulur. Bir saatlıq küləkdən və yağışdan sonra Bakının hansı hala düşdüyünü təsəvvür etmək belə adamın əsəblərini tarıma çəkir.
At izinin it izinə qarışdığı Bakını tülpanlar şəhəri olan Amsterdamla müqayisə etmək suç işlətməyə bərabərdir. Bakının Amsterdam olması çox müşkül məsələdir. Nədən ki, Amsterdamı gözəlləşdirən, onu füsunkar edən Niderland dövlətidir. Niderlandda DÖVLƏT MAŞINI dayanmadan, kənara çıxmadan, səmərəli çalışır. Niderlandlılar üçün DÖVLƏT MAŞINININ sükanının kimin əlində olmasının heç bir önəmi yoxdur. DÖVLƏT MÜXANIZMI elə tənzimlənib ki, nə baş nazir, nə də Kraliça səlahiyyətindən sui-istifadə etmək iqtidarında deyil. Məhz bu mexanizmin xətasız işləməsinin nəticəsidir ki, Niderland Krallığında orta ömür qadınlarda 81, kişilərdə 76-dır. Məhz bu mexanizmin dəqiqliyinə görə Niderland Krallığında hər min diri doğulan körpənin yalnız 5-i bir yaşına çatmamış dünyasını dəyişir. Bu iki statistik göstəricinin nə demək olduğunu uzun-uzadı yazmağa lüzum yoxdur. Yalnız demokratiyanın bərqərar olduğu ölkələrdə insanlar uzunömrlü olur. Yalnız demokratiyanın hakim olduğu dövlətlərdə uşaq ölümü aşağı səviyyədədir.
Amsterdamdan Bakı həm ekoloji, həm də siyasi aspektdən çox çirkli göründü. Almaniyanın kiçik Ratinqen şəhərindən isə Bakının görüntüləri lap ürəkbulandırıcı idi…
Davamı olacaq