Bölgəyə bu qədər zərbəni vuran kimdir?
“Azadlıq”a müraciət edən “Aqrolizinq” ASC-nin Şamaxı filialının işçiləri qəzetimiz vasitəsilə dövlət başçısı I.Əliyev, PA rəhbəri R.Mehdiyev və “Aqrolizinq” sədri Ə.Bayramova üz tutur. On nəfərdən çox şəxsin imzaladığı müracətdə deyilir:
“Bərbad vəziyyətdə olan Şamaxı ”Aqrolizinq”in mexanikasını şəxsi vəsaitimiz hesabına bərpa etmişik və taxıl biçinini yüksək səviyyədə başa çatdırmışıq. “Aqrolizinq”in hər işi qaydasına düşəndən sonra Şamaxı rayonunun icra başçısı Asif Məmmədov şəxsi maraqlarına görə ixtisasca baytar həkimi olan Eyvaz Adıgözəlovu, 1993-cü ildə məhkum edilmiş və son vaxtlar Şamaxı üzüm tingçiliyində müdir işləmiş və oranı məhv etmiş bir şəxsi Şamaxı “Aqroservis”inə müdir təyin etməsi barədə təqdimat verib. O, Kənd Təsərrüfatı Nazirliyinə və Respublika “Aqroservis” rəhbərliyinə təzyiq edərək E.Adıgözəlovu Şamaxı “Aqroservis”inə müdir təyin etdirib. Biz texnikaların ona təhvil verilməsinə məcbur edilirik, mexanizatorlar isə E.Adıgözəlovun texnikadan başı çıxmadığını söyləyir. Çünki o, mütəxəssis olmadığından Şamaxı “Aqroservis”ini məhv edəcək.
Şamaxı ərazisində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan üzümçülüyü artırmaq məqsədilə müəssisə yaradılıb və orada 70 hektar sualtı torpaq sahəsi var. E.Adıgözəlov müəssisəyə rəhbər gələndə 10-15 ha üzüm bağı vardı. Əkilməli olan üzüm şitillərinin əvəzinə, E.Adıgözəlov 70 ha-nın 20-sində əkilmiş üzüm bağının dayaqlarını, məftillərini məhv edərək burada özünə məxsus iri və xırdabuynuzlu mal-qara saxlayır. Deyilənə görə, üzüm sahəsinin bir hissəsini hektarı 500 manat olmaqla Çarhan kənd sakinlərinə icarəyə verib, qalan 5 hektar isə istifadəsiz qaldığı üçün oranı qamış basıb. Işlərin bu cür gedişinə səbəbkar “Aqroservis”in müdiri Əli Bayramovdur. O, 2005-ci ildən bugünə qədər Şamaxı “Aqroservis”inə külli miqdarda ziyan vurub. Ə.Bayramov texnikanın işlədilməsindən gələn pulları servisin müdirləriylə əlbir olaraq mənimsəyib. “Aqrolizinq”in mühasibi bildirib ki, texnikalara görə bizə ödəniş olunmayıb. Bizə də müəmmalı gəlir ki, 2005-ci ildən 2011-ci ilədək texnikalara görə ödədiyimiz pulları Ə.Bayramov neyləyib?
Biz 2012-ci ilin iyul ayında dövlət başçısı və KTN-ə, həmçinin Ə.Bayramovun özünə teleqram və ərizələr göndərmişik ki, o nə üçün Şamaxıya bu qədər ağır zərbə vurur.
Texnikaların hamısı bərbad vəziyyətdə olduğu üçün şəxsi vəsaitimiz hesabına bərpa edib işlətmişik. Göndərdiyimiz ərizə və teleqramların hamısı baxılması üçün Ə.Bayramovun üstünə gəlir. Ordan da bizə heç bir cavab verilmir. “Aqroservis”də işləyən Mehman adlı şəxsə dəfələrlə zəng vurduqda bizə bildirirlər ki, prezident “Aqroservis”in texnikalarını Ə.Bayramova hədiyyə edib. Hansı sənədlərə əsasən bunu dediklərini bilmirik.
Ə.Bayramovun Şamaxıda 2007-ci ildə şişirdilmiş rəqəmlə gətirdiyi süd emalı zavodu hələ də işləmir. O, zavoda ödənilən pulları qaytarmır, nə də zavodu təhvil götürmür.
Qeyd edilənlərə əsasən, xahiş edirik E.Adıgözəlovun “Aqrolizinq” adı ilə götürdüyü malların aqibətini araşdırasınız. Həmçinin, işlədiyi üzüm tingçiliyində 300 ton taxılı neyləyib. E.Adıgözəlovun işlədiyi 2-3 il ərzində hər hektarına 4 ton olan taxıl məhsullarını və bostan üçün satdığı 10 ha torpaq sahəsinin pulunu dövlətə köçürüb-köçürməməsi barədə araşdırma aparılsın. Əgər ödənilibsə, çeki təqdim etsin. Həmin sahədə təyinatı üzrə 1 milyon çubuq əkilməlidir, amma bu şəxs şəxsi mənafeyi naminə üzüm çubuğu əvəzinə, heyvan saxlayıb, taxıl əkir. Onda görəcəksiniz 50 ha sahədə biçilən 200 ha taxılı neyləyib”.
Sosial şöbə