Vətənpərvər korrupsiya

Təzəlikcə Əliyevçi rejimin yeni korrupsiya fırıldağının üstü açıldı, məlum oldu ki, bunlar indi də neft pullarını böhran içində olan, üstəlik, qeyri-şəffaflıqdan əziyyət çəkən Macarıstana yatırmaq istəyirlər. Bu barədə də biz yenə bunların özündən yox, xarici mətbuatdan xəbər tutduq.
Artıq əminliklə demək olar ki, Əliyev rejimi neft pullarını qamarlamağın yeni yolunu tapıb, onları Monteneqro kimi qaranlıq imici olan ikinci, üçüncü dərəcəli ölkələrə yatırım adı ilə mənimsəməkdədir. Doğrudan da, adam bunların korrupsiya işlərində fantaziyasına heyran qalmaya bilmir, hər gün yeni yeyinti ixtiraları ilə bizi heyrətləndirirlər.
Sözüm onda deyil, dünən ölkənin iki ən tirajlı qəzetindən biri vasitəsi ilə Macarıstana qoyulmağa hazırlaşan yatırıma əcaib bir don geyindirməyə çalışılıb, guya Əliyevçi rejim bu ölkənin həbsxanasında ömürlük cəza çəkən Ramil Səfərovun Azərbaycana ekstradasiya olunması üçün “müdhiş plan” hazırlayıb, böhran dövrünü yaşayan Macarıstana yatırım qoymaq da həmin planın tərkib hissəsidir. Sən demə, bununla bizim Əliyevçi rejim macar hökumətini ələ almaq istəyir. Milyardları ona görə qurban verir ki, təki Ramil Səfərovu Azərbaycana gətirmək mümkün olsun.
Mən ha fikirləşdimsə, Dubay həbsxanasında erməni baltalayan azərbaycanlı zabitin olub-olmadığını xatırlaya bilmədim, çünki ola bilsin, bizim möhtərəm orda özünə, uşaqlarına mülkləri də həmin zabitimizin ekstradasiyası üçün almışdır.
Həmçinin ada aldığımız Monteneqro, körpü tikdiyimiz Bosniya-Hersoqovina, yol çəkmək üçün az qala faizsiz kredit verdiyimiz Serbiya həbsxanalarında da monitorinq aparmağa ehtiyac vardır, bəlkə oralarda da başqa Ramil Səfərovlarımız yatır, Əliyevçi rejimin həmin ölkələrə bütün bu yatırımları da onların ekstradasiyası üçündür.
Təklif edirəm ki, böhran içində olan Almaniyaya yatırım qoyub “Kitabi-Dədə Qorqud” dastanının Drezden kitabxanasındakı nüsxəsini, Gürcüstana milyardlar yatırıb Kutaisidə saxlanılan Gəncə darvazalarını da geri qaytaraq. Sibiri də unutmamalıyıq, vaxtilə Hüseyn Cavidin nəşi ordan Azərbaycana gətiriləndə çoxlu pulumuz yox idi, analoqsuz inkişaf etməmişdik. Indi həmin borcumuzu da qaytarmalıyıq.
Bir sözlə, siz korrupsiyanın çiçəklənməsinə görə hakimiyyəti söyürsünüz, amma xəbəriniz yoxdur ki, bizim necə vətənpərvər, millətsevər korrupsiyamız vardır. Bizim korrupsiyamız da Qarabağ dərdi ilə alışıb yanır, ermənilərə dərindən nifrət edir, milli-mənəvi dəyərlərin keşiyində dayanır.
Qoy indi korrupsiyanı pis bir şey kimi qələmə verən, onu az qala cinayət hesab edən bəzi ağzıgöyçəklər bundan sonra ayıbına kor olub sussunlar! Yaşasın korrupsiya!
Gün o gün olsun Isa bulağının başında korrupsiya yeyək!
***
Yadınızdadımı bilmirəm, amma mən gün kimi aydın xatırlayıram.
Neft pulları ölkəyə təzə-təzə axmağa başlayanda ortaya axmaq bir söhbət buraxılmışdı, guya hakimiyyət Qarabağı pulla ermənilərdən almağa hazırlaşır.
Hətta ermənilərlə bazarlıqlar barədə xəbərlər də gəlirdi, onların gah 30, gah da 40 milyard istədiyi deyilirdi.
Camaatımız bu söhbətə çox aludə olmuşdu, kimi dindirirdin deyirdi: “Bizə neftdən qara qəpik də lazım deyil, yarıac, yarıtox yaşayarıq, təki hakimiyyət neftin pullarını yığıb Qarabağı geri alsın”.
Rejim istədiyinə nail olmuşdu. Onun arzusu da elə bu idi: xalqın neft pullarına iştahını öldürmək, bu pullardan əlini üzməsinə nail olmaq.
Xalq bir gün ayılıb gördü ki, bir ovuc adam bir neçə ilin içərisində dünyanın ən zəngininə çevrilib, amma əldə Qarabağın heç “q”si də yoxdu.
***
Ramil Səfərovun adını Macarıstana qoyulacaq bir neçə milyardlıq korrupsiya yatırımlarına alət etmək də eyni ssenarinin davamıdır. Xalq üçün həssas məsələlərdən öz kirli işlərinə haqq, bəraət qazandırmaq üçün yararlanırlar.
Belə “vətənpərvər korrupsiya”dan kim inciyər?!