Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Sabirabad rayonundakı büstü götürülüb. Bu barədə gozetci.az portalına rayon sakinləri məlumat verib. Büstün hara aparıldığı bilinmir.
Rəsulzadənin büstünün “yoxa çıxması” rayon sakinlərinin narazılığına səbəb olub: “Hazırda həmin ərazi hasara alınıb və ora heç kim buraxılmır. Əraziyə polis əməkdaşları da gətirilib. Qorxurlar ki, camaat büstün götürülməsinə etiraz olaraq aksiya keçirər. Buna görə də ərazi polis nəzarətinə götürülüb”.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin büstü Sabirabad Rayon Icra Hakimiyyətinin binasının qarşısında idi. 3-4 ay idi ki, orada təmir-tikinti işləri aparılırdı.
Elə 3-4 ay öncə də Məhəmməd Əmin Rəsulzadənin büstünün götürüləcəyi haqda məlumatlar yayılmışdı.
Xatırladaq ki, büst 1992-ci ildə AXC hakimiyyəti zamanı qoyulub.
Ramin DEKO