Keçmiş icra başçısı günahsız idisə, hökumət onun əvəzindən niyə üzr istəmişdi?
Istintaq Qubanın keçmiş icra başçısı Rauf Həbibovu 2012-ci il martın 1-də Qubada baş vermiş hadisələrə görə zərərçəkən kimi tanıyıb. Halbuki Quba hadisələrindən sonra nəqliyyat naziri Ziya Məmmədovun qubalılardan R.Həbibovun əvəzinə dəfələrlə üzr istəməsi, rəsmilərin icra başçısının cəzasız qalmayacağı ilə bağlı açıqlamalarından sonra keçmiş başçının “zərərçəkən” yox, “zərərvuran” kimi təqdim ediləcəyi ilə bağlı gözləntilər var idi.
Amma gözlənilənlərin əksi oldu. Qısaca xatırladaq ki, martın 1-də Qubada R.Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar R.Həbibovun 2011-ci il noyabrın 22-də rayonda keçirdiyi müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini bəyan ediblər. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. Icra hakimiyyətinin yardımçı binaları, icra başçısı R.Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident Ilham Əliyev sərəncam imzalayaraq R.Həbibovu Quba Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsi aparır. Iş üzrə 30-dan çox şəxs məsuliyyətə cəlb olunub.
Media Haqları Institutunun direktoru, hüquqşünas Rəşid Hacılı bildirir ki, R.Həbibovun zərərçəkən kimi təqdim olunması Quba hadisiləri zamanı əmlakının yandırılması ilə bağlıdır: “Həmin gün dağıdılan və yandırılan əmlaklardan biri Rauf Həbibova məxsus idi. Bu baxımdan onun zərərçəkən kimi tanınması normaldır. Burada söhbət, onun icra başçısı kimi zərər çəkməsindən yox, hüquqi formallıqdan gedir. Məsələ bu şəkildə təqdim olunsa, mənzərə ictimai rəyə də aydın olar. Amma Quba hadisələrinə siyasi qiymət verməyə, hadisənin kökündə duran məsələlərə aydınlıq gətirməyə ehtiyac yaransa, təbii ki, tamam fərqli mənzərə yaranacaq. Razıyam ki, bu gün rəsmi qurumlar Rauf Həbibovu zərərçəkən kimi təqdim edəndə bir qədər narazılıq yaranır. Amma onlar da bunu belə qiymətləndirə bilər ki, Rauf Həbibov vəzifəsindən çıxarılmaqla onsuz da cəzasını alıb”.