AXCP sədri zabitimizin azad olunmasına qiymət verdi: “Yəqin ki, bu, erməni qətliamına məruz qalmış və bunun əzabını yaşamış xalqımız üçün müəyyən bir təsəllidir”
AXCP sədri Əli Kərimli azərbaycanlı zabit, 8 ildən artıq Macarıstanda həbsdə saxlanan Ramil Səfərovun ölkəmizə ekstradisiyası və ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılmasına münasibət bildirib.
“Azadlıq”a açıqlamasında bu hadisəni müsbət qiymətləndirən AXCP sədri “xeyirlə-şər əkizdir” deyərək, bu gün səhər saatlarında Lökbatanda baş verən dəhşətli yol qəzasını da yada saldı: «Bu, çox dəhşətli qəzadır. Qəzada həlak olanların yaxınlarına, doğmalarına başsağlığı verirəm. Allah millətimizə səbr versin. Elə millətimiz bu kədəri yaşayan bir vaxtda Ramil Səfərovun azadlığa çıxması, onun ekstradisiya olunması haqqında xəbər eşitdik. Bu, çox müsbət xəbərdir. Mən bunu doğru hesab edirəm. Ramil Səfərov neçə müddətdir həbsdə idi və o, Azərbaycana qayıdandan sonra da həbsdə qalmalı deyildi, azad olunmalıydı. Yəqin ki, bu, yurd-yuvasını itirmiş, işğala, erməni zorakılığına, qətliamına məruz qalmış və bunun əzabını yaşamış xalqımız üçün müəyyən bir təsəllidir. Bu baxımdan xalqımızın baş verənlərə sevinməsi olduqca təbiidir. Xalqımız sevinc içindədir, təbrik edirəm».
Nigar