Erməni həmkarını qətlə yetirdiyinə görə Macarıstanda həbsdə olmuş Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv fərmanı ilə azadlığa buraxılması Ermənistanda da ciddi əks-səda doğurub.
Məlumatlara görə, erməni mediası Səfərovun azadlığa buraxılmasını “Qurqen Marqaryanın qatili azadlığa çıxdı” başlığı ilə xəbər verib. Ermənistanda bu hadisə Azərbaycanın qələbəsi, Serj Sarkisyan hökumətinin məğlubiyyəti kimi də təqdim olunur.
Ermənistanın Macarıstandakı səfirliyinin əməkdaşı Artur Muşexyan Macarıstan hakimiyyətinin açıqlamasından sonra rəsmi İrəvanın mövqe bildirəcəyini deyib: “Hal-hazırda Macarıstan hakimiyyətinin bu məsələyə dair rəsmi açıqlamasını gözləyirik. Bu açıqlamadan sonra Ermənistan da öz mövqeyini bildirəcək”.
Ermənistan prezidenti Serj Sarkisyanın bu olaya görə, Təhlükəsizlik Şurasının fövqalədə toplantısını çağırdığı, toplantıya İrəvandakı diplomatik korpus nümayəndələrinin dəvət olunduğu haqda da xəbər yayılıb.
Başqa bir məlumata görə isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, bu hadisə Macarıstanla ölkəsi arasında ciddi problem yaradacaq: “Hazırda dövlət başçısı xarici işlər naziri Edvard Nalbandyan və hökumət üzvüləri ilə məsləhətləşmələr aparır. Yaxın günlərdə Macarıstandakı səfirimiz də məsləhətləşmələr üçün geri çağrılaq”. O, əlavə edib ki, bütün beynəlxalq hüquq normalarına zidd addımdır.
“Macarıstanla diplomatik əlaqələr kəsilə bilərmi?” sualına mətbuat katibi “Bəli” deyə cavab verib: “Baş verənlər o qədər kobud və hüquq normalarını əzib keçəndir ki, diplomatik əlaqələri kəsə bilərik”.
Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov isə deyib ki, Macarıstan hakimiyyətinin bu addımı ən azı çaşqınlıq və hiddət doğurur, “çünki Azərbaycanda qatili nə gözlədiyi bilinirdi”. Ramil Səfərovun təhvil veriləndən sonra əfv olunmasına əlincə, Şarmazanov deyib: “Bu, növbəti dəfə Azərbaycanın dövlət səviyyəsində ermənilərə nifrət siyasətinin və faşizmin həyata keçirildiyini göstərir. Hesab edirəm ki, Azərbaycanın qatili üzrə sarsıdıcı addımı reaksiyasız qalmamalıdır və dünya birliyi tərəfindən mühakimə olunmalıdır”.
Ermənistan hökumətinin Ramil Səfərovu “İnterpol” xətti ilə beynəlxalq axtarışa vermək niyyətində olduğu da yayılan xəbərlər sırasındadır.