Lukaşenkodan sonra Suriyanın xarici işlər nazirinin əli sıxıldı
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Iranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin Xarici Işlər Naziri Valid əl-Muallem ilə görüşüb.
Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb.
Hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub. Elmar Məmmədyarov tərəfindən ölkəmizin Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.
Ekspertlər Elmar Məmmədyarovun Suriyalı ilə həmkarı görüşünü Azərbaycan hakimiyyətinin demokratik dünyaya mesajı kimi dəyərləndirir. Onların fikrincə, hakimiyyət bununla demokratiya uğrunda Suriya xalqının apardığı mücadiləni deyil, prosesi qanla yatırmağa çalışan Bəşər Əsəd rejimini dəstəklədiyini açıq şəkildə nümayiş etdirib. Ekspertlərə görə, bu, həm də Suriya məsələsində Bakının Rusiyaya jesti hesab edilə bilər. Yəni, hakimiyyət həm mahiyyətinə uyğun olaraq Suriydakı qəddar rejimə dəstək verir, həm də bu addımı məhz Rusiya ilə eyni mövqe bölüşdüyünü nümayiş etdirmək üçün atır.
Ekspertlərin fikrincə, rəsmi məlumatda oxşar rejimlərin qarşılıqlı dəstəyi “iki ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək” kimi qələmə verilməsi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı növbəti manipulyasiyadır. Azərbaycan hakimiyyəti ərazi bütövlüyü kartından hər dəfə korporativ maraqlar üçün yararlanır. Ekspertlər deyir ki, indiki halda Suriyadan Azərbaycanın ərazi bütövlüyünə dəstək almaq yersizdir. “Dəməşqin ətrafında döyüşlər getdiyi bir ölkədən belə bir dəstək almaq sadəcə absurddur və əslində görüşün bu cür təqdim edilməsi manipulyasiyadır”, – deyə ekspertlər vurğulayıb.
Ekspertlər bundan əvvəl Ilham Əliyevin Belarus diktatoru Aleksandr Lukaşenko ilə görüşünü xatırladaraq hakimiyyətin avtoritar rejimləri dəstəkələməkdə prinsipial mövqe tutduğunu düşünürlər.
Hikmət