Əliyevin reallıqları və Azərbaycan həqiqətləri

Böyük siyasətdəki 9 il ərzində I.Əliyev sübut edib ki, onun heç bir məsələdə uzunmüddətli strategiyası yoxdur. Aydın məsələdi ki, Tehranda keçirilən və bu ölkənin nəzarətində olan hər bir proses dərhal antiQərb və antiAmerika şousuna çevrilir. Ona görə də I.Əliyevin tədbirə qatılmamasını diplomatik və siyasi demarş kimi qəbul etmək olardı. Hətta bəlkə də bu, ona hansısa yeni siyasi dividenlər gətirəcəkdi. Amma Belarusa anonslaşdırılmamış səfər onu heçə endirdi.
Etiraf edim ki, Belarus mənimçün V.Bıkov və bir də oralara yolüstü səfərim zamanı gördüyüm gözəl qızlar və qadınlardır. Amma reallıqlar başqadır. Bir çox, lap qətiyyətlə demək olar ki, əksər ölkələr üçün Belarus A.Lukaşenko deməkdir. Hər iki dövlət başçısı görüş zamanı öz dostluqlarını şərtləndirən səbəbləri açmağa cəhd ediblər. Lukaşenko deyib ki, çətin vaxtda Belarusa kömək əlini uzadan Azərbaycan oldu. Əliyev də öz növbəsində buyurub ki, TŞ-yə üzvlük zamanı Azərbaycan Belarusun yardımından istifadə etmişdi.
Mənə elə gəlir ki, hər iki açıqlamanı siyasi açıqlama tək qiymətləndirmək və bundan o tərəfə getməmək olar. Əvvəlcə, A.Lukaşenkodan soruşmaq lazım gəlir ki, niyə Avropa ölkələri, ABŞ və beynəlxalq maliyyə institutları özlərini Belarusa bağlı elan ediblər, nədən bu ölkəni maliyyə donorlarından məhrum ediblər? I.Əliyevin ona kömək etməsinə gəldikdə isə, yalnız belə bir ölkədə – Azərbaycanda bir nəfər bir saatın içində on milyonlarla vəsaitin taleyini və müqəddəratını həll etmək iqtidarındadır. Başqa normal ölkələrdə belə deyil.
Məsələn, ABŞ bütün dünyaya yardım edir. Amma bu yardımın hər bir bəndi, maddəsi Konqresdə müzakirə olunur. TŞ məsələsinə gəldikdə isə, gəlin lap açıq danışaq. A.Lukaşenkonun nə nüfuzu var ki, o, hansısa ölkəni başqa bir ölkəyə səs verməyə, dəstək olmağa təhrik etsin? Gülüncdür, deyilmi? Mənə elə gəlir ki, I.Əliyev özünün düçar olduğu reallıqları Azərbaycanın düşdüyü reallıqlar kimi qələmə venir. O, A.Lukaşenko tək prezidentlərlə dost olmağa məhkumdur. Digər ölkələr diplomatik etiket qaydalarına görə özlərinin ona dözümlü münasibətlərini izhar etsələr də əslində heç kim bir prezident kimi ona rəğbət bəsləmir. Lukaşenko isə ondan da ağır vəziyyətddədir. Hətta rus siyasətçiləri özlərinin ona yaxın olmalarını nümayiş etdirməyi sevmirlər. Bu heç kim üçün yenilik deyil ki, Rusiya mətbuatı Lukaşenkonu “Belarusbaşı” adlandırır. Rusiya bir müddət hətta onu devirmək fikrinə düşümüşdü. Təbii ki, Rusiyanın motivləri başqa idi. Amma onlar da başa düşmüşdülər ki, ona Rusiya öz diktaturasını qorumaq üçün lazımdı, çünki Lukaşenko Rusiyadan olan siyasi məsafəsini öz rejimini tənzimləmək üçün vasitəyə çevirib. Əliyev isə özünü elə göstərməyə cəhd edir ki, sanki heç kimin rəyindən asılı deyil. Bu siyasətin ən ağır nəticəsi odur ki, adi insanlarda belə təsəvvür yaranır ki, Azərbaycan həqiqətlərini yalnız Belarus kimi rejimlər və yaxud da Afrikanın despotik dövlətləri qəbul etmək, onlara dəstək olmaq iqtidarındadır. Amma belə deyil, hərçənd bəzən zahirən belə təsəvvür formalaşır. Burada daha bir detala toxunmaq istərdim. Deyirlər, I.Əliyev Belarusa Iranı başından etmək, o ölkəyə səfərə yollanmamaq üçün gedib. Olsun. Bəs I.Əliyev ölkəni həmin bu quruma – Qoşulmayanlar Hərəkatına sürükləyəndə nə düşünürdü? Indi nə olacaq? Azərbaycan Iranın hərəkatda üç il sədrlik edəcəyi vaxtda özünün o qurumda fəaliyyətini donduracaqmı? Bəlkə Irana qarşı müxalifətdə olacaq?
Vaxt gələcək, Lukaşenko rejimi də çökəcək. Bir vaxt H.Mübarəkin şərəfinə abidə ucaltmışdılar, sonradan isə öz əlləri ilə götürdülər. Indi nə Mübarəkin yadına Azərbaycan düşür, nə də Azərbaycanın yadına Mübarək. Lukaşenko da belə olacaq. Bəlkə də nə vaxtsa Azərbaycanla Belarus arasında əsl dost münasibətlərin təməli qoyulacaq. Lakin bu, I.Əliyevdən və A.Lukaşenkodan sonra olacaq…
Kiçik sözardı
Bəli, indi, necə deyərlər, dövran onların dövranıdır. Lakin bu, əbədi deyil və bir gün gələcək bunun da sonu çatacaq. Bilmirəm, götürülmüş heykəlləri və abidələri harada saxlayırlar? Yəqin hər yerdə belə anbarlar var. Deyirəm ki, o anbarlarda bir vaxt çoxlu tanış simalar görəcəyik…