İlham Əliyev neçə nəfəri söyə bilər?

Bir icra başçısı on-on beş adamı, bir nazir beş-altı yüz nəfəri təhqir edə bilərsə, prezidentin “Konstitusiya haqqı” neçə nəfərlikdir?

“Balbelan”lı iş adamı və eyni zamanda Qubanın icra başçısı olan Rauf Həbibov nəhayət, istintaqa çağırıldı, ifadəsini verdi və deyəsən, sudan qurulanıb çıxarılmağa başlayır. Hüquqşünaslar deyirlər ki, onun “zərərçəkən” kimi tanınması əmlakına ziyan vurulmasıyla bağlı imiş. “İşdən çıxarılmaqla, o, onsuz da cəzasını alıb”. Bu da Rauf Həbibovu qurulamaq üçün qətfə misallı bir iddia.
Deməli belə çıxır ki, istənilən vəzifə adamı ağlına gələn bir cinayəti edəcək, sonra da vəzifədən çıxarılmaqla cəzalandırılacaq. Kommunist hökumətinin dönəmində belə bir qayda vardı: partiyalı adam cinayət edəndə onu partiyaan çıxarmaqla cəzalandırırdılar. Partiya adamın cinayət “predoxranitel”i olurdu. İndi də belə çıxıb ki, icra hakimiyyətinin başçısı olmaq cənab Həbibovun “ildırımötürən”i imiş.
Quba hadisələrinə görə nə qədər adamın tutulduğunu dəqiq bilmirəm. Hər halda, çoxdur. Bu adamların əksəriyyətinin heç bir vəzifəsi yoxdur. Vəzifələri olmadığına görə onlar azadlıqdan məhrum edilməklə cəzalandırılacaqlar. Həbibov isə azadlığını vəzifəsini itirmək hesabına qoruyub saxlayacaq. Vəzifə azadlığın girovu olaraq verilirmiş Azərbaycanda və bu da yeni bir normadır.
Əlbəttə, mən sadist deyiləm və kiminsə, hətta sabiq “Balbelan” şefinin belə azadlıqdan məhrum edilməsində heç bir marağım, istəyim və ya təhrikim ola bilməz. Amma hər şey adi məntiqlə qavranılan şəkildə baş verməlidir. Sabiq “Balbelan” şefi ifadəsində iddia edib ki, o, Quba camaatını təhqir etməyib, ayrı-ayrı adamları nəzərdə tutaraq həmin təhqiramiz ifadələri işlədib. Deməli, icra başçısının ayrı-ayrı adamları təhqir etmək haqqı var. İndi bu vəzifə əlindən alınandan sonra Həbibov ayrı-ayrı adamları təhqir edə bilməz. Bu, pozitiv nəticədir.
“Əmlakına zərər dəydiyinə görə”. Kim və nə zaman soruşdu ki, sabiq “Balbelan” şefi icra başçısı işlədiyi müddət ərzində Qubada 4 villa tikdirmək üçün vəsaiti haradan əldə edib? Bəlkə, “Balbelan”lı illər ərzində qazandığı pullar hesabına? O zaman “Balbelan” Azərbaycanın ən iri vergi ödəyiciləri siyahısına liderlik edən şirkətlərdən biri olmalı idi. Belə bir “lider”in olması ilə bağlı iş dünyasında heç bir bilgi yoxdu və olmayıb. Bu fakt yoxdusa, deməli, icra başçısının əmlakına heç bir ziyan vurulmayıb. Bu əmlak cinayət yolu ilə qazanılmış əmlakdırmı, ya deyilmi? İstintaq bunu araşdırırmı, ya araşdırmırmı? Bu barədə də heç bir anlayışımız yoxdur. Amma olmalıdır. Çünki sabiq “Balbelan” şefinin Quba əhalisini, yaxud ayrı-ayrı qubalıları təhqir etməsi üçün tələb olunan cəsarət həmin bu əmlakın əldə edilməsindən keçib. Sadə, qanunpərəst və mütəvazi bir vəzifə sahibi bu qədər əmlak sahibi ola bilməz və idarə etdiyi bölgənin “ayrı-ayrı adamlarını” da sabiq “Balbelan”lının təbiri ilə təhqir edə bilməzdi.
Əgər sadəcə bir icra başçısı 4 villa əldə etdikdən sonra “ayrı-ayrı adamları” bu şəkildə təhqir edirsə, o zaman “Balbelan”dan daha böyük sektorlara nəzarət və sahiblik edən vəzifə sahibləri bizim başımızda turp əkməlidirlər.
O zaman prezident İlham Əliyev “ayrı-ayrı adamları” deyil, “ayrı-ayrı bölgələrin əhalsini” kütləvi şəkildə təhqir edə bilər. Çünki adamın o boyda vəzifəsi var.
Quba hadisələri anlaşılmazlıq deyil. Kiminsə kənardan qızışdırdığı olaylar da deyil. Bu hadisələr idarəetmənin verdiyi çatdır. İndi biz orta əsrlərdə yaşamırıq ki, bir “Balbelan”ın süqutuna görə onlarla, yüzlərlə adama divan tutaq. Başqalarına görk olsun deyə. İdarəetmədə belə fəsad varsa, deməli, onu aradan qaldırmaq lazımdır. Həm də “Balbelan”lının vəzifəsini, o birilərinin isə azadlığını əlindən alaraq yox.

Turan Əli