Hər ölən əsgər Azərbaycanın genefonduna dəyən zərbədir

Üzeyir Cəfərov: «Prezidentin hərbi məsələlər üzrə müşaviri, onun beş köməkçisi ordudakı vəziyyətlə dərindən maraqlanmalıdır»

Son 10-15 gündə əsgər itkiləri yenə də intensivləşib. Ilin 6 ayında 60-dan çox əsgər dünyasını dəyişib ki, onun da əksəriyyəti döyüş itkisi deyil. Qeyri-hökumət təşkilatları, əsgər ailələri ordudakı vəziyyət və itkilərlə bağlı mütəmadi  mətbuat konfransları, tədbir və müxtəlif səpkili yığıncaqlar keçirsə də, bu məsələyə dövlət səviyyəsində reaksiya yoxdur. Maraqlısı isə ali baş komandan, dövlət başçısı Ilham Əliyevin orduda baş verənlərə hansısa formada münasibət bildirməməsidir.
Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov söyləyir ki, orduda baş verənlərə Ali Baş Komandan mütləq mənada münasibət bildirməlidir. Ekspertə görə, dövlət başçısının hərbi məsələlər üzrə müşaviri, general-leytenant Vahid Əliyev, o cümlədən, onun beş köməkçisi sözügedən məsələlərlə dərindən maraqlanmalıdır: “Təəssüf edirəm ki, bəzi şəxslər şəxsi marağı üzündən ordudakı vəziyyətə diqqət yetirmir. Misal üçün, V.Əliyev Ali Baş Komandana, güc strukturlarının rəhbərlərinə kömək etmək əvəzinə, sakit bir guşəyə çəkilib öz işlərilə məşğuldur. Acınacaqlı vəziyyət odur ki, son 6 ayda neçə-neçə hərbi qulluqçumuz dünyasını dəyişib”.
Üzeyir bəy qeyd etdi ki, Şəmkirdən hərbi xidmətə çağırılan əsgərin xəstəlikdən dünyasını dəyişməsi yeni yaradılan  səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yarıtmaz fəaliyyətinin göstəricisidir. Belə ki, yeni yaradılan qurum ordunu keyfiyyətli çağırışçılarla təmin etmək əvəzinə, xəstə və yararlı olmayan şəxsləri də hərbi xidmətə cəlb edir: “Ordudakı ağır vəziyyət barədə dövlət başçısının məlumatlandırılmaması və yaxud ona yalan məlumatların çatdırılması mümkündür. Burada ordu komandanlığının günahıyla yanaşı, vəzifəli şəxslərin məsuliyyətsizliyini qeyd etmək istəyirəm. Yuxarıda qeyd etdiyim yeni qurum, hərbi prokurorluq və başqa qurumlar orduda vəziyyəti yaxşılaşdırmaq əvəzinə, yalnız hesabat xarakterli işlə məşğuldur. Əlbəttə, bu məsələlərə parlament də münasibət bildirməlidir. Parlamentin müdafiə və təhlükəsizlik komitəsi var ki, ordudakı durumu araşdırmır. Bir sözlə, baş verən hadisələrin kökünü təkcə Müdafiə Nazirliyində deyil, başqa qurumlarda da axtarmaq lazımdır”. Hər ölən əsgərin Azərbaycanın genofond itkisi olduğunu söyləyən Ü.Cəfərov dünyasını dəyişən əsgərlərin orduya böyük zərbə vurduğunu dedi. Ekspertə görə, 8 ay ərzində 67 hərbi qulluqçunun itirilməsi, 62 nəfərin xəsarət alması, neçə-neçə şəxsin isə xəstələnməsi hadisələri dəqiq analiz olunmalı və mövcud duruma hüquq çərçivəsində qiymət verilməlidir.

Nigar