“Elçibəylə bağlı məsələ xoş niyyətlə ortaya atılmayıb”

kamil veli“Hakimiyyət 2013-cü il seçkilərinin normal baş tutmaması üçün ilk addımı atdı”

Kamil Vəli Nərimanoğlu: “Elçibəyin vəfatından sonra Əli Kərimli bir şəxsiyyət kimi ən çox hücuma məruz qalan siyasi liderdir”

Türkiyənin Istambul Aydın Universitetində dərs deyən filologiya elmləri doktoru Kamil Vəli Nərimanoğlunun bir müddətə vətənə döndüyü xəbərini aldıq. Gündəmin əsas mövzuları ilə yanaşı Kamil müəllimə öz işləri ilə bağlı suallar da ünvanladıq.

– Türkiyədə yaradıcılıqla məşğul olmaq üçün böyük imkanlar var. Universitetdə dərs deyirəm, kitablar, məqalələr yazıram. Ölkənin elmi və ictimai həyatında da iştirak etməyə çalışıram. Mənim Türkiyədəki işimin bir parçası da Orta Doğu və Qafqaz Araşdırmaları Mərkəzində araşdırma aparmaqdır. Bu il mən “Böyük fəlakət – erməni yalanları və həqiqətin özü” adlı iri həcimli bir kitab yazdım. Burada əsasən Moskva arxivlərində toplanan materiallar əksini tapıb. Kitabda bir qədər fərqli baxışlarla, insani yöndən bu məsələyə işıq salmağa çalışdım. Çünki bəzən biz bir-birimizə zövq vermək üçün kitab yazırıq ki, bax gör mən ermənini necə söydüm. Mən ermənifobiyaya da, erməni məsələsinin kiçildilməsinə də qarşıyam. Bu məsələni tarixdə necədirsə, elə araşdırmaq lazımdır. Çünki ermənilər 2015-ci ildə bu hadisələrin 100 illiyinə ciddi hazırlaşırlar. Amma istər Türkiyədə, istərsə də Azərbaycanda bu məsələyə hazırlıq yox dərəcəsindədir. Azərbaycanda hər şey iqtidar naminə olduğu üçün bu məsələnin mahiyyəti ortaya çıxmır. Bu mövzuda yazılmış kitablar, məqalələr içərsində qiymətliləri var. Amma bütövlükdə götürəndə konseptual əsər yox dərəcəsindədir. Türkiyədədə yalnız yeri gələndə, bir növ ermənilərə cavab xarakterli yazılar dərc olunur ki, buna da mən haqq qazandırmıram. Çünki yalnız cavab verməməliyik. Biz müəyyən mənada hücumda olmalı, məsələyə obyektiv yanaşmalıyıq. Biz bitərəf olan kəsim üçün kitab yazmalıyıq ki, baş vermişləri bitərəf dəyərləndirsin. Erməninin yalanı, şişirtməsi varsa, o yazılmalı, bizim tərəfdən isə ifrat varsa, o da qeyd olunmalıdır. Bu istiqamətdə araşdırmalarımı davam etdirirəm. Eyni mövzuda başqa aspektdən yazı yazmağa çalışacam. Ona görə mən Azərbaycan, Türkiyə və xaricdəki arxiv materialları ilə tanışlığımı davam etdirirəm. Bu mənim həm vətəndaş vəzifəm, həm də Türkiyədəki elmi işimin ayrılmaz hissəsidir. Sentyabrda yəqin ki, yeni kitabımın tanıtımı olacaq. Bu müddət ərzində Azərbaycanda da kitablarım işıq üzü görüb.

Demokratikləşmə Azərbaycanın müstəqilliyi qədər önəmlidir

– Azərbaycanda baş verən prosesləri intensiv izləmək imkanınız olurmu?
– Internetdən izləyirəm. Bu proseslərdə çox iştirak edə bilmirəm. Çünki ölkədə olmayandan sonra baş verənlərə kənardan yanaşmağı obyektiv hesab etmirəm. Azərbaycanda həm siyasi, həm ədəbi, həm mədəni prosesləri izləyirəm.

– Türkiyədən ölkəmizin eybəcərlikləri necə görünür. Türkiyə dövləti və cəmiyyəti Azərbaycandakı korrupsiyaya, insan haqlarının pozulmasına necə yanaşır?
– Bir var xalqın, bir də var rəsmi baxış. Rəsmi yanaşma bir qədər fərqlidir. Bildiyiniz kimi Türkiyənin Şərqində PKK ilə savaş gedir. Burada böyük bir müharibə getsə də onun kökü kürd xalqı deyil. Kürd xalqı müharibə etmir. Müharibəni edən yolundan çıxarılmış bir terrorçu dəstədir. Orada bir terror savaşı gedir. Bu, xaricdən dəstək alan və maliyyələşən, Türkiyəni zəiflətmək istəyən qüvvələrin addımlarıdır. Bu mənada Azərbaycanla bağlı bir çox məsələlərin Türkiyə dövlətini təmsil edən şəxslərin dilindən obyektiv şəkildə deyilməsinə imkan verilmir. Amma Türkiyənin müstəqil qəzetləri var. Onlar bu məsələni gündəmdə saxlayırlar. Zaman-zaman “Hürriyyət”, “Taraf” qəzetlərində kəskin yazılar çıxır. Mən onların çoxunun obyektivliyinə inanıram və təqdir edirəm. Bəzi hallarda münasibət də bildirirəm, qeydlər edir, dostlarla müzakirə aparıram. Mən müəlliməm və Türkiyədə aktiv siyasətlə məşğul olmuram. Amma müəllim-tələbə münasibətlərində Azərbaycan naminə olan söhbətlərdə açıqlama verirəm, aydınlıq gətirməyə çalışıram. Azərbaycanın müstəqilliyi qədər də önəmli olan ölkədəki demokratik proseslərdir. Azərbaycandakı insan hüquqlarına, korrupsiyaya, siyasi məhbus məsələsinə münasibət istər-istəməz yaranır. Bu, insanın siyasi olub-olmamasından asılı deyil. Ziyalı mənliyi, şəxsiyyəti deyilən anlayış var. Ziyalı şəxsiyyəti fikirləri təhrif etmədən, məsələni şişirtmədən aydınlıq gətirməlidir. Bu baxımdan millətin Azərbaycanda baş verənlərə münasibəti olduqca obyektivdir. Mən Türkiyə aydınlarının viza məsələsindəki problemə, Azərbaycan-Israil münasibətlərinin ayrı-ayrı zamanlarda Azərbaycan-Türkiyə münasibətlərini üstələməsinə yanaşmasını təqdir edirəm. Türkiyə xalqı iki dövlət arasındakı qardaşlıq münasibətlərinin başqa dəyərlərə qurban verilməsini qəbul etmir. Amma Türkiyənin tənqidi xoş tənqiddir. Həkim qardaşın digər həkim olmayan qardaşını cərrahiyyə əməliyyatı etməsinə bənzəyir. Bu çox çətin əməliyyatdır. Çünki həkim başqasını asanlıqla əməliyyat edir, amma doğma qardaşını çox sevdiyindən eyni soyuqanlığı nümayiş etdirə bilmir. Əlbəttə, korrupsiya və rüşvət bu cəmiyyəti çürüdür və buna Türkiyə cəmiyyətinin münasibəti birmənalıdır.

Tarixdə Rəsulzadədən sonra ən böyük şəxsiyyət Elçibəydir

– Siz, Elçibəyin ən yaxın adamlarınızdan olmusunuz. Hazırda prokurorluqda Elçibəyin guya vaxtı ilə zəhərləndirildiyi ilə bağlı cinayət işi qaldırılıb…
– Bu bir tragikomediyadır. Heç bir xalqın siyasi tarixində prezident olmuş şəxsə qarşı bu qədər yüngül münasibət ola bilməz. Elçibəyə eks-prezidentlik statusunun verilməsinə görə biz minnətdarıq. Bu, ədalətin ifadəsidir. Elçibəyin Milli Azadlıq Hərəkəatındakı, dissident hərəkətındakı rolu, dövlət həyatındakı addımları da inkaredilməzdir. Elçibəyin bu istiqamətdə müəyyən yanlışları da olub. Amma bu yanlışlar tarixi vəziyyətin, böyük güclərin diqtəsi ilə olan prosesdir. Azərbaycan tarixinin Rəsulzadədən sonra ən böyük şəxsiyyəti Elçibəydir. Bunu heç kim inkar edə bilməz. Dünya bunu belə qəbul edib. Elçibəyə qarşı bu cür münasibət Əli Kərimliyə yönələn qərəzdən irəli gəlir. Elçibəyin vəfatından sonra Əli Kərimli bir şəxsiyyət kimi ən çox hücuma, təqibə, sıxıntıya məruz qalan siyasi liderdir. Ona qarşı bu cür həqarətli münasibət, evinin qarşısında iyrənc piketlər, əlbəttə, nə normal insana, nə də Azərbaycan xalqına yaraşır. Istər Qərbdə, istərsə də Şərqdə tarix boyu zəhərlənmə olayları geniş yayılıb. Hətta indi mətbuatda məlumatlar yayılır ki, Abdulla Gülün, Turqut Özalın zəhərlənməsi ilə bağlı iddialar var. Yəni bu qəribə bir şey deyil. Amma Elçibəylə bağlı baş verən elə məsələdir ki, xoş niyyətlə ortaya atılmayıb. Bu məsələnin indiki iqtidar tərəfindən irəli sürülməsi ilə əlaqədar çoxlu fərziyə var. Bu məsələnin bəh-bəhlə hüquq-mühafizə orqanları tərəfindən şişirdilməsi Azərbaycanın dərin dövlətində hazırlandığını göstərir. Burada bir məqsəd baş qatmaqdırsa, başqa məqsəd ləkələməyə xidmət edir. Eyni zamanda bu iddia 2013-cü ildə keçiriləcək seçkilərin normal baş tutmaması üçün atılan ilk addımdır.
Ölümə tale kimi baxırdı və ölümdən qorxmurdu

– Bu məsələyə cəmiyyətin böyük təpkisi oldu. Ictimai-siyasi xadimlər, ziyalılar ortaya atılan iddiaya kəskin reaksiyalarını bildirdilər…
– Mən bu məsələ ilə bağlı Azərbaycanın siyasətçi olmayan insanlarının da mövqeyi ilə tanış oldum. Bir ziyalı kimi onlara minnətdaram. Bu işin Azərbaycan üçün faydasız olduğunu yazanlara haqq qazandırıram. Bu işdən mənfəət götürmək istəyənlər az deyil. Onların içərisində bizi istəyənlər də var, istəməyənlər də var. Bəzi hüquqçuların, dostların bu işdə iştaha gəlməsi suallar yaradır. Təsəvvür edin ki, bir orqanizm artıq ölür. Öldüyü zaman Elçibəyin adı gələn kimi o mikroorqanizm fəallaşır. Ölkədəki korrupsiya, insan haqlarının pozulması unudulur və bu adam Elçibəylə bağlı yeni bir aktivlik qazanır. Sanki Elçibəy haqqında danışmaq bunların həyatının əsasıdır. Bunlar sanki nəyinsə qanı ilə dolanan canlılara oxşayır. Indi Elçibəy vəfat edib. Allah ona rəhmət eləsin. Onun xidmətləri unudulmazdır. Elçibəyin siyasi məktəbi var. Bütün kommunist mahiyyətini unudaraq, Elçibəyin dili ilə, onun ifadələrindən istifadə edərək ona qarşı danışan “demokratlar” var. Bunlar hamısı bir pərdədir. Mən Kələkidə Elçibəylə iki dəfə görüşmüşəm. O zaman bu adam xəstəhal, olduqca bitkin idi. Məsələn, gəzəndə çətinlik çəkirdi. Mən bir neçə dəfə ondan soruşdum ki, səhhətində bir problem var. O bildirdi ki, yox. O, sızıldamağı sevməyən adam idi. Ölümə tale kimi baxırdı və ölümdən qorxmurdu. O bildirdi ki, ounun Kələkidə müalicə keçmək imkanı olmasa da, bir şikayəti yoxdur. Xəstəxanada onunla görüşmüşəm. Iki saata yaxın söhbət elədik. O dedi ki, Allah nə qədər ömür veribsə, onu yaşayacaq. Amma mübarizəsini davam etdirmək əzmindədir. Elçibəyin zəhərlənməsi faktına ciddi yanaşaraq onu araşdırmaq istəyirlərsə, ictimaiyyətin etibar etdiyi bir komissiya yaradaraq onu araşdırmalıdırlar. Baş verənlərdən müəyyən mənfəət əldə etmək istəyən adamlar var ki, mən onların açıqlamalarını nifrətlə oxudum. Nə bilim, bəy birinci dəfə Türkiyəyə gedəndə özünü belə hiss edirdi, ikinci dəfə başqa cür hiss etdi, mənə belə dedi. Bütün bunları qurtarmaq lazımdır. Guya o kiməsə etiraf edib ki, onu zəhərləyiblər. Bütün bunlar yalandır. Bu cür yalanlarla insanları aldada bilməzlər. Digər tərəfdən, Elçibəy Türkiyədə müalicə olunub və türk həkimlərinin rəyi burada əsas götürülməlidir. Mən Elçibəyin zəhərləndirilməsinə inanmıram. Amma Elçibəyə qarşı elə bir plan qurulmuşdu ki, o bu şəraitdə uzun müddət yaşaya bilməzdi. Mənəvi zəhərlənmələr, uzun müddətli təzyiq öz nəticəsini verməli idi və belə də oldu.

– Hakimiyyətin Elçibəyə münasibəti birmənalı deyil. Müxalifət liderləri tərəfindən də vurğulanıb ki, əgər Elçibəy dünyasını vaxtsız dəyişibsə, buna səbəb hakimiyyətin onu uzun müddət Türkiyəyə müalicəyə buraxmaması olub. O zaman Elçibəyə qarşı bu “canyananlıq” nədən irəli gəlir?

ardı gələn sayımızda

Xəyal