Vallah-billah, əlifbamızda bir namuslu incə sait varsa, onun da adı elə “Ə”di. Gerçəkdən adama elə gəlir ki, ağzını açıb “ə” deyəndə ağzı yüz faiz “ə” şəklində olur. Istəsəniz bir “ə” deyin hələ, görün düz deyirəm, ya yox. Hər halda mənə belə gəlir.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik Institutunun direktor əvəzi Fəxrəddin Veysəlli isə deyib ki, Azərbaycan dilində “ə” istisna olmaqla, bütün incə saitlər qalın saitlərin üzərinə (ö, i, ü) nöqtə qoymaqla yaradılıb. Bu simmetriyanı gözləmək baxımından “ə”ni də “a” hərfinin üzərinə iki nöqtə qoymaqla yazmaq olar və “ə” hərfinin belə yazılması elmi cəhətdən daha düzgündür.
Bəli, məsələni gətirib bağladılar elmə. Elmin “ə” hərf şəklilə nə bağlılığı var, anlaya bilmirəm. Bir də deyirəm, “ə” dilimizdəki ən rahat, hətta ən azad hərflərdən biridi. Yenə desəydilər ki, ö, i, ü dəyişilsin, başa düşmək olardı. Niyə? Çünki əl yazısında bu hərflərin üstünə nöqtə qoyanda adamın canı çıxır. Elə bil sürətlə gedirsən, birdən gəlib çatırsan bu hərflərə, qəfildən dayanırsan, qovzanıb hərfin başına bir-iki qapaz vurursan, ya nə bilim, bir-iki daş salırsan, ondan sonra yoluna davam eləyirsən.
Yəqin Azərbaycanda nəsli kəsilmiş trolleybuslar köhnə adamların yadında olar. Yaxşı-yaxşı getdiyi yerdə birdən buynuzları şəbəkədən ayrılırdı, sürücü məcbur olurdu düşsün, buynuzları yerinə oturtsun, sonra yenidən yola düzəlsin. Ancaq yox, bizim alimlər, ziyalılar istəyir ki, “ə” də başıqapazlı olsun. Həm də bu, elmi cəhətdən daha doğru imiş. Bəli, Azərbaycan elmi sarıdan elə də olmalıdı. Qapaz altında yaşamağa vərdiş vermiş Azərbaycan alimi mütləq belə istəyəcək. Deyir, “a”nın da başına döyüb, ondan “ə” düzəldək.
Kəsəsi, yazıq “ə”-nin başına bir ip salıb sürüyürlər belədən-belə. Guya Azərbaycanın bütün problemləri bu “ə”nin başındaymış. “Ə” ki düzəldi, “ə”ni də başıqapazlı elədilərmi, ondan sonra YAP-ın ömrü sonsuz, Əliyevlərin hakimiyyəti əbədi olacaq.
Nizami Cəfərov da Veysəllinin fikrinə qahmar çıxıb. Özü də qəşəng elmi əsaslandırma verib: telefonların çoxunda “ə” hərfi yoxmuş, mesaj yazanda ciddi problem yaranırmış. Demək, həmin “elmi cəhətdən də doğru olardı” fikri elə buymuş – telefonların çoxundakı “ə”sizlik. Nizami müəllim hələ ortaq türk əlifbasından da danışıb, üstəgəl Türkiyə əlifbasında dəyişikliyə gərək olduğunu deyib. Çox maraqlıdı, ortaq türk dilindən, türk əlifbasından dəm vuran alimlərimiz həmin dildəki səsləri ifadə eləyən əlifbadan bərk-bərk yapışırlar, cəngə çıxırlar, məsələ qaldırırlar, ancaq birinin cəsarəti çatmır ki, bu dilin türk dili olması məsələsini qaldıra. Niyə? Çünki o dilin adını Heydər Əliyev dəyişdirib. Çünki o, azərbaycanlı olması ilə fəxr edib, ona görə də bu dilin adı azərbaycan dili olmalıdı. Çünki bu əlifba qəhrəmanları Əliyevin qapazının dadını yaxşı bilirlər. O, dilimizin adını “qapaz dili” qoysaydı belə, yenə də iki-üç ziyalıdan və “yaşıl köynəkli oğlan”dan başqa kimsə səsini çıxara bilməyəcəkdi. “Noolar, deyirsən, kolxoz, olsun Kolxoz”. Nə məsələdisə, Azərbaycanda hər kəsin “ə” qayğısı var. Hakimiyyət Əbülfəz bəyin zəhərlənməsi məsələsini ortalığa atmaqla canını Əli Kərimlidən qurtara biləcəyini zənn eləyir. Xalq Əliyevin əlindən cana yığılıb, istəyir onunla vidalaşsın. Ancaq bilmir bunu necə eləsin. Hakimiyyət elə düşünür ki, xalq bunu Əli Kərimlinin əliylə eləyəcək, onu aradan götürsə işləri düzələcək. Bu yandan da alimlər düşüblər “ə”nin üstünə. Hər bir halda bu gün ölkəmizdə bütün məsələlər “ə”nin başındadı. Yəqin Əli Həsənovun bu məsələylə bağlı da ciddi fikri olmamış olmaz. Nə qədər olmaya, onun da adında “Ə” var…

Azərbaycanın “Ə” məsələsi
•
•