İspaniya superkuboku “Real”a qismət oldu

Avqustun 30-na keçən gecə İspaniya superkuboku uğrunda “Real” Madrid və “Barselona” arasında revanş oyunu keçirilib. “Camp Nou”da “Real”a 3:2 hesabı ilə qalib gələn “Barsa” rəqib meydanında məğlub olub.
“Real” oyunun ilk dəqiqələrindən sürətli hücumlara başlayıb, “Barselona” isə müdafiədə zəif olub. Nəticədə 11-ci dəqiqədə İquayin hesabı açıb, 19-cu dəqiqədə isə Ronaldo komandasının ikinci qolunu vurub.
Qapılarında iki erkən qol görmələri azmış kimi katalonlar 28-ci dəqiqədən sonra azlıqda oynamaq məcburiyyətində qalıblar. Adriano qapıçı ilə təkbətək vəziyyətə çıxan Ronaldonu sözün həqiqi mənasında qucaqlayaraq yerə yıxıb və qırmızı vərəqə alaraq meydanı tərk edib.
Bununla belə, “Barselona” qollardan birinin əvəzini çıxa və hesab arasındakı fərqi minimuma endirə bilib. Birinci hissənin sonlarına doğru “Barsa”nın əfsanəsi Messi cərimə zərbəsindən topu sərrast zərbə ilə tora daxil edib.
İkinci hissədə “Real” daha çox hesabı qorumağın qayğısına qalıb, “Barselona” isə ilk yarıya nisbətən öz oyununu qura, rəqibə qol təhlükələri yaşada bilib. Lakin hesab dəyişməyib.
Beləliklə, iki oyunun nəticəsinə görə, hesab 4:4 olub, ancaq “Real” səfərdə bir top artıq vurduğu üçün superkubokun sahibi olub.