Ölülər Ibrahimbəyovu tərk edir

Tərk edənlərin növbəti siyahısında dünyasını dəyişmiş bir şəxsin də adının olması xəbərini oxuyanda ani olaraq bu cümlə təkrar-təkrar beynimdə səslənməyə başladı: “Ölülər Ibrahimbəyovu tərk edir…”.
Yadıma sovet dövründə keçirilən bir seçki düşdü. O vaxt biz tərəfdən bəstəkar Arif Məlikov SSRI Ali Sovetinin deputatı seçiləcəkdi. Seçki gününə bir ay qalmış məktəbimizin dəhlizində seçicilərin adı yazılmış iri bir siyahı qoydular. Uşaqlara belə şeylər həmişə maraqlı olur – siyahıda öz valideynlərimin adlarını axtarmağa başladım, tapdıqca da sevindim. Atamın adının hətta “vətənimizin” paytaxtı Moskvada da tanındığına elə şirin-şirin təəccüblənmişdim ki! Inana bilmirdim. Həm də qürur duyurdum. Sanki bu dünyada var olduğumuz rəsmən təsdiqlənmişdi. Öz adımın da nə vaxtsa bu siyahıya düşəcəyini düşünüb, xoş hisslər keçirirdim. Neçə-neçə rəhmətə getmiş qohum-əqrəbanın, qonum-qonşunun adını siyahıda oxuyanda isə təəccübüm birə-min artdı. Ölülər də səs verəcəkdi!
Sonra Qoqolun “Ölü canlar”ını öyrəndik.
Sonra Mirzə Cəlilin “Ölülər”i…
Sonra Brejnev, ardınca Çernenko, Andropov, davamında SSRI öldü. Əliyevin ölümü də sonunda etiraf olundu. Ancaq Rüstəm bəylə bağlı bu xəbəri oxuyanda gördüm ki, heç nə ölməyib. Ölülər hələ də yaşayır, seçkilərdə iştirak eləyir, səs verir, bir təşkilatdan çıxıb başqasına daxil olur. Sanki ölmüş adamlar belə, bu ölkədəki iyrənc rejimə boyun əymək zorunda qalırlar: əmr gəlib, hər kəs Azərbaycan Kinematoqraflar Ittifaqını, Rüstəm Ibrahimbəyovu tərk etməlidir! Hətta onlar belə Ibrahimbəyova xəyanət aktına, onun çökdürülməsi, tifaqının dağılması prosesinə qoşulmalıdırlar.
Əsas siyahıdı, siyahının davamlılığı, hər həftə yenisinin üzə çıxmasıdı. Ibrahimbəyov hər dəfə yenidən əsəb keçirməli, xəyanətlə üz-üzə gəlməli, üzülməli, insanların murdar xislətindən acı çəkməlidi. Lakin əsas siyahıdı. Quruca siyahı. Ordakı insanların ölü, ya diri olmasının heç önəmi yoxdu. Heydərizm əzəldən pripiska üstə qurulub, kimsə onun qarşısını ala bilməyib, bu ölkə onun mövcudluğundan bəri rəqəmsal xoşbəxtlik, rəqəmsal bədbəxtlik içində yaşayıb – haçan hansı gərək olub, onu dilə gətiriblər. Indi bu əhvalat da beləcə.
Zənnimcə, istənilən əhvalatın mahiyyəti haqda nə qədər informasiyaya sahib oluruq-olaq, hadisələri tam dərk eləyə bilmərik. Lakin hər bir olayda bizə hardansa bir nişan, bir görk göndərilir. Bu görkləri çox vaxt sezmirik, görə, duya, anlaya bilmirik. Bu dəfəki olayda isə hadisənin dərki üçün açar açıq şəkildə üzə çıxdı. Özünü dağa-daşa salmağa gərək yoxdu. Siyahıyaalma işinə baxdığı söylənilən Cəmil Quliyev o adı siyahıya səhvən saldığını deyir, bənzər soyadmış guya. Belə bir əhvalatı xatırlayıram: Əlzayid adlı biri zəng vurub bir idarədən yaşlı bir nəfəri soruşur. Zəngə cavab verən şəxs həmin adamı çağırıb deyir: “Əzrayıl səni telefona çağırır…”.
O soyadın yerinə bu soyadın düşməsi yanlış deyil, naxışdı. Bizə olayı tam dərk eləmək üçün göndərilən naxış. O naxışı, istəsə belə, Cəmil Quliyev poza bilməzdi. Axı adamlar heç olmasa yüz olaydan birini dərk etməlidi, ya yox?..
Quliyev Ibrahimbəyovun rəhbərlik etdiyi qurumun artıq 40 ildən bəri fəaliyyətsiz olduğunu və siyasi təşkilata çevrildiyini, bunun da ucbatından qurumu tərk etdiklərini deyir. Hardasa haqlıdı. Rüstəm bəylə qurumu eyniləşdirərsək, haqlıdı. Ancaq bu siyasiləşmə iki etapa bölünür axı. “Əliyevin alternativinin (ümumiyyətlə, Əliyevlərin) olmadığı” və ondan sonrakı – ziyalılığın deqradasiyası və hakimiyyətin “juliklik” mahiyyətinin dilə gətirildiyi. Ancaq nədənsə birinci dövr siyasiləşmədə kimsə qurumu tərk eləmirdi. Indi isə siyasilik yada düşüb. Çünki Rüstəm bəy ölülərlə yaşamağı kişiliyinə sığışdırmayıb, ziyalılığın kəfəni yırtmasına başladı. Zaman isə Arif Məlikovun xalq deputatı seçildiyi çağına qayıdıb. Ölülərin səsi kef eləyir…