Etibar Əliyev
“Bakcell” şirkəti, “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti, “Əli və Nino” Nəşriyyat evinin sponsorluğu ilə Milli Kitab Mükafatına (MKM) start verildi. Bununla bağlı avqustun 28-də Beynəlxalq Mətbuat Mərkəzində layihənin təşkilat komitəsi və münsiflər heyətinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Tədbirdə MKM-in təsisçisi, “Əli və Nino” Nəşriyyat evinin rəhbəri Nigar Köçərli bildirib ki, növbəti MKM layihəsi zamanı da milli ədəbiyyatımız üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlar. “Keçən il baş tutan ilk MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu”.
Mükafatın münsiflər heyətinə Çingiz Abdullayev, Pərviz Cəbrayıl, Rafiq Əliyev, Əkrəm Əylisli, Cəmil Həsənlı, Rüstəm Ibrahimbəyov, Hamlet Isaxanlı, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı kimi tanınmış şəxslər daxildir. Birinci yer 3 min, 2-ci yer 2 min, 3-cü yerin qalibi isə 1000 manat pul mükafatı ilə təltif olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə, ən yaxşı gənc yazara və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.
MKM-in təsisçisi, “Əli və Nino” Nəşriyyat evinin rəhbəri Nigar Köçərli Azərbaycanda böyük bir kitab şəbəkəsinin rəhbəridir. Onun rəhbərlik etdiyi kitab məkanları əsl mədəni mühitə çevrilib. Bu son dərəcə nəcib və gözəl missiyadır. Dövlətin olan, lakin yeri və yurdu satılmış kitab mağazalarının yerinə icarəyə mağazalar götürüb kitab satışını təşkil etmək heç də asan məsələ deyil. Azərbaycanda satılan kitabların əksəriyyətinin rus və ingilis dillərində olmasına baxmayaraq milli yazarlara verilən bu cür dəstək tədbirləri sayəsində artıq Azərbaycan dilli oxucuların da ədəbiyyata marağı artmağa başlayıb. Artıq kitab şəbəkələrində milli yazarlarımızın da əsərləri yer tutmağa başlayıb. Indiki dövrdə əsər yazmaq həm asandır, həm də çətin. Bunları stimullaşdırmaq və ortaya çıxarmaq isə başqa məsələdir. Azərbaycanda yaşlı nəsil gənc yazarları həzm edə bilmir. Vaxtilə böyük Norveç yazıçısı Knut Hamsun söylədiyi Nobel nitqində yaşlı nəslə olduqca maraqlı çağırış etmişdi:
“Bu anda bu şamlarla işıqlandırılmış zalda mənim həqiqətən istədiyim şey, bu çox hörmətli toplantının hər bir üzvünə gül, hədiyyə, şeir bağışlamaqdır. Bu mənim əsl arzumdur və məhz bu hadisə, çox güman ki, həyatda bəlkə də elə son arzumdur. Lakin mən hamının gülüş obyektinə çevrilməmək üçün bunu edə bilmərəm. Həqiqətən mən bu gün Stokholmda şan və şöhrət işığında üzürəm, lakin məndə əsas şey, lap əsas şey – gənclik yoxdur. Aramızda elə bir qoca adam yoxdur ki, öz gəncliyini xatırlamasın. Və biz qocalar kənara çəkilib yolu təmizləməliyik və bunu şərəflə etməliyik”.
Əslində Hamsun 92 yaşına qədər yazdı. Bu demək deyil ki, o, gəncliyə mane oldu. Gənclərin çap olunmasına yardım etdi və mükafatdan aldığı böyük məbləği də gənc yazarların təşkilatlarına köçürdü.
Yazıçı kimdir? Istedad mistik və son dərəcə fərdi keyfiyyətdir. Yalnız tək-tək adamlar iradəsi və sözünün gücü ilə yeni dünya yaratmaqla yazıçı ola bilirlər. Bunu böyük Jan Pol Sartr “seçim” adlandırmışdı. Başqa sözlə, insan hansısa anda yazıçı olmağa qərar verir. Özünü bu keyfiyyətdə seçir. Yaxud bu taleyi özü üçün təyin edir.
Artıq çoxsaylı gənclik öz seçimini edib. Yazıçı və şair olmağa qərar verib. Buna qısqanclıqla yanaşmaq düzgün deyil. Deyirlər yazıçının ilk və son əsərləri daha maraqlı olur. Gənclik və ahıl yaşlarında yazılan əsərlər. Ilk əsər uğursuz da alına bilər. Amma buna faciə kimi baxmaq düz deyil. Ilk əsərini 22 yaşında yazmış Portuqaliya yazıçısı Joze Saramaqo uğur qazana bilmədiyindən 19 il ədəbi həyatda gözə çarpmadı. Yazıçı olmaq seçimini etmiş bu böyük sənətkar 76 yaşında “xəyaldan, mərhəmətdən və kinayədən yoğrulan əsərləri ilə addımbaşı bizdən qaçmağa çalışan gerçəkliyi dərk etməyimizə imkan yaratdığına görə” Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Artıq yazarlarımıza pul mükafatı ilə yanaşı, “Buker”, “Qonkur”, “Pulitser” tipli mükafatlar da təsis etmək lazımdır. Bu həm də Nobelə doğru yol aça bilər. Onların əsərləri xarici dillərə tərcümə olunmalı, xarici ölkələrdə təqdimatları təşkil olunmalıdır.
Yaşlı nəsil gəncləri oxumalı və tənqidi fikirlərini bildirməlidir. Gənc nəsil isə onlardan öyrənməlidir. Qalır siyasi baxışlar. Siyasət yaxşı ədəbiyyatın içərisində puça çevrilən bir sənətdir və bunu tarix zaman-zaman sübut edib.