Bu yay Dənizkənarı Milli Parka gələnlərin sayı azalıb
Bu yay mövsümündə Dənizkənarı Milli Parka gələn insanların sayında azalma müşahidə olunub. Bunu APA-ya açıqlamasında Dənizkənarı Bulvar Idarəsinin rəis müavini Nazim Məcidov deyib.
O bildirib ki, bunun səbəbi Neftçilər prospekti boyu yolun təmirə dayandırılması olub:”Bulvar boyu avtomobilləri saxlamağa yer olmadığı, bulvara giriş çətinləşdiyi üçün ötən illərə nisbətən bu yay mövsümündə gələn insanların sayı azalıb. Bu il ötən illərlə müqayisədə təqribən bir neçə faiz azalma var”.
N.Məcidov qeyd edib ki, bulvar ərazisində qəzet köşklərinin fəaliyyətə başlaması istiqamətində danışıqlar aparılır:”Bu zamana kimi Dənizkənarı Milli Park ərazisində qəzet köşkləri fəaliyyət göstərməyib. Bulvar ətrafı, Neftçilər prospekti boyunca köşklər var, amma bunun bizə aidiyyatı yoxdur. Bulvarda köşk çoxdur, amma onlarda qəzet yox, sərinləşdirici içkilər, yeyinti məhsulları satılır. Amma hazırda bulvarda qəzet köşklərinin olması istiqamətində danışıqlar aparılır və bu gələcək üçün planlaşdırılır”.