“Bu işin arxasında Ramiz Mehdiyevlə Bəylər Əyyubov dayanır”
“Ramil Usbovla Zakir Qaralov heç nə edə bilmirlər”
“Baku Steel Company” daha bir zavodu bağlatdırdı. Iyulun 19-dan fəaliyyəti məhdudlaşdırılmış “R.A.N.Q” metal zavodunun qapısı avqustun 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin möhürü vurularaq bağlanıb. Zavod polis nəzarəti altındadır. Rəhbərlikdən tutmuş fəhləyə qədər heç kimin içəri girməsinə icazə verilmir…
“Heç bir səbəb olmadan 70 ton metalı apardılar”
Ötən gün “R.A.N.Q” metal zavodunun təsisçisi Dövran Mikayılov onun vəkili Aslan Ismayılov, hüquq müdafiəçisi Eynulla Fətullayev və jurnalistlərlə birgə sözügedən ünvana getdik. Qarşımızı kəsən polis içəri keçməyə icazə verilmədiyini söylədi. Asayiş keşikçisi içəri keçmək üçün Sabunçu Rayon Polis Idarəsinə getməyi məsələhət gördü. Ancaq vəkil Aslan Ismayılov “kimin sözü varsa, özü zavoda gəlsin” deyib içəri keçdi.
Dövran Mikayılov jurnalistlərlə söhbətində bildirdi ki, iyulun 19-dan zavod fəaliyyət göstərmir: “Biz məftil istehsal edirik. Bura hücum edənlər ”Baku Steel Company”nin adından çıxış edirlər. Fariz və Rüstəm adlı şəxslər qoluzorlulara başçılıq edirdi. Zavodun 70 ton xammalını apardılar”.
Dövran Mikayılov deyir ki, bir ton xammal almaq üçün 300 manat pul ödəyirlər: “21 min manat ziyana düşmüşəm. Zavoda hücum edənlər işləməyimizə imkan vermir. Rəhbəri olduğum metal zavodu 2005-ci ildən fəaliyyət göstərir. Bütün sənədləri qaydasındadır”.
Avqustun 26-da Dövran Mikayılova saat 12 radələrində zavodun mühafizəsinin telefonundan zəng gəlir: “Dəstəyin o başında Ziya adlı şəxs idi. Özünü ”Banditizm”in işçisi kimi təqdim etdi. Dedi ki, sənədləri götürüb zavoda gəlin. Mən sənədləri icraçı direktor Nuşirəvan Əmirova verdim. O, bura gəldi, sonra Nuşirəvanı “Banditizm”ə apardılar”.
Zavodun təsisçisi deyir ki, Nuşirəvan Əmirovu bir gecə “Banditizm”də saxlayıblar: “Məqsəd isə mənim ora gəlməyim idi. Mən isə vəkilimlə getdim. Ziya dedi ki, idarənin şöbə rəisi Yaşar adlı şəxs sizinlə təkbətək görüşmək istəyir. Razı olmadım, onlar da qəbul etmədilər”.
“R.A.N.Q”da 30-dan artıq fəhlə çalışır. Onlar səbirsizliklə işə başlamalarını gözləyirlər.
Zavodda çalışan fəhlə Xəqani Həsənov “Baku Steel Company”nin sonuncu basqınını belə təsvir edir: “Zavoda hücum etdilər. 15-dən artıq idmançı görkəmdə olan şəxs idi. Birdə eşitdim ki, mühafizəçini döyüblər. Tez getdim, bizə yaxınlaşıb dedilər ki, tez zavodu tərk edin. əvvəlcə bizi otağa saldılar, sonra isə zavoddan uzaqlaşdırdılar”.
Zavoda hücum edənlər heç bir sənəd təqdim etməyib. Dövran Mikayılov deyir ki, nə məhkəmə qərarı var, nə də başqa bir sənəd-sübut: “Özlərini ”Baku Steel Company”nin işçiləri kimi təqdim edirlər, ancaq sənəd göstərmirlər. Bura hücum olanda 102-yə zəng etdim. Polis gəldi, bir az keçdi kimlərdənsə onlara zəng oldu, sonra çıxıb getdilər”.
”Banditizim”də saxlanmağımda məqsəd zavodun rəhbərini ora gətirmək idi”
Aslan Ismayılov jurnalistlərlə söhbətində bildirdi ki, məsələylə bağlı baş prokuror Zakir Qaralova təcili teleqram vurub: “Hadisənin təfərrüatını geniş şəkildə yazıb Baş Prokurora teleqram göndərdim. Dövran Mikayılovla da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində oldum. Orada hüquqlarını müdafiə etdiyim şəxsə deyiblər ki, sənlə tək görüşəcəklər. O, mənimlə birgə görüşdə iştirak etmək istəsə də, buna imkan vermədilər. Bir neçə dəfə idarənin rəisi Mirqafar Seyidovla görüşməyə cəhd etdim, ancaq alınmadı”.
Sözügedən zavod ölkədə məftil istehsal edən tək zavoddur. Aslan Ismayılov deyir ki, zavodun fəaliyyətinə imkan verilmədiyi üçün bazarda qiymətlər qalxıb: “Əgər bazarda məftilin bir tonu 620 manat idisə, indi 740 manat olub. Bir müddət keçdikdən sonra tikinti sektorunda problem yaranacaq”.
Vəkil “Baku Steel Company”nin zavodlara baqsınından daxili işlər naziri Ramil Usbovun və baş prokuror Zakir Qaralovun xəbərdar olduğunu sölədi: “Sadəcə bu işin arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov dayandığından heç nə edə bilmirlər”.
Zavodun icraçı direktoru Nuşirəvan Əmirov “Banditizm”də bir gün saxlanması barədə bunları dedi: “Zavoda gəlib ”Banditizm”in işçilərinə sənədləri verdim. Onlarla birlikdə idarəyə gedəcəyimi söylədilər və getdim. Bazar günü olduğundan idarədə işçi az idi və anketi gec tapdıqları üçün məni bir gün saxlamalı oldular. Zavodun fəaliyyəti ilə bağlı sorğu-sual verdilər, sonra izahat yazdım. Mənə bir gün orada saxlamaqda məqsədləri o idi ki, zavodun rəhbəri Dövran Mikayılov gəlsin. Bir gündən sonra məni buraxdılar”.
Ramin DEKO