AXCP sədrinin qayını haqda yeni qərar

Elnur Seyidovun həbs müddəti daha 3 ay uzadıldı

Milli Təhlükəsizik Nazirliyinin istintaq təcridxanasında saxlanan bankir, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbs müddəti daha üç ay uzadılıb. Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.

Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib.

Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, avqustun 30-da Səbail Rayon Məhkəməsində Elnur Seyidovun həbs müddətinin uzadılması üçün verilən təqdimata baxılıb. Təqdimatı Milli Təhlükəsizlik Nazirliyinin vəsatəti əsasında Baş Prokurorluq verib: “Müstəntiq təqdimatı əsaslandırmağa çalışdı. Dedi ki, istintaqı gedən cinayət işi çox mürəkkəbdir, fəal istintaq hərəkətləri aparılır və bu proses davam etdiriləcək.

Biz isə bildirdik ki, həbs müddətinin uzadılması və Elnur Seyidovun azadlığa buraxılmaması həm qanunsuzdur, həm də humanizm prinsiplərinə ziddir. Elnur Seyidov 6 aydır həbsdədir. Ancaq bir dəfə də onun iştirakı ilə istintaq hərəkətləri aparılmayıb. Həm də o ağır xəstədir. Dəfələrlə vəsatətlər verməyimizə baxmayaraq xəstəliyi nəzərə alınmır.

Müstəntiq deyir ki, iş çox mürəkkəbdir. Deməli, istintaq uzana bilər. Bəs təqsirləndirilən şəxslər həbsdə nə qədər qalmalıdır? İstintaqın uzanması göstərir ki, təqsirləndirilən şəxslərin azadlığı təmin olunmalıdır”.

Əsabəli Mustafayev bildirib ki, Səbail Rayon Məhkəməsi avqustun 30-da “Texnikabank”ın prezidenti Etibar Əliyev və daha üç nəfərin həbs müddətini də üç ay uzadıb.