«Azərbaycan xalqı və dövləti bir qrup cinayətkarın yeminə çevrilib»
Qurban Məmmədov: «Azərbaycanda proseslər artıq hüquq müstəvisindən çıxıb»
“Azadlıq” qəzetinin bugünkü müsahibi tanınmış vəkil Qurban Məmmədovdur. Onunla söhbətimizə son zamanlar xüsusi mülkiyyətə edilən basqılarla bağlı sualla başladıq.
– Qurban bəy, artıq bir neçə həftədir ki, Keşlədə yerləşən metal zavodları idmançı dəstənin basqınına məruz qalır. Hücum edənlər müəssisələri ələ keçirməyə çalışırlar. Azərbaycanda əvvəllər də özbaşnalıqlar müşahidə olunsa da, bu həddə çatmamışdı. Bu nəyin görsənişidir?
– Azərbaycanda 16-17-ci əsrdə Şah Ismayıldan sonra Şah Təhmasibin vaxtında baş verən hadisələr müşahidə edilir. Kimin qolu zorludur, zəifi incidir, əmlakını alır. Azərbaycanda artıq proseslər hüquq müstəvisindən çıxıb. Bu, onun göstəricisidir. Günü-gündən ölkədə vəziyyət ağırlaşır və partlayışa doğru gedir. Təbii ki, heç kim arzulamaz ki, Azərbaycanda da ərəb ölkələrindəki kimi dağıntılar baş versin. Ölkədə anarxiyadır. Hakimiyyət oyanıb zəruri islahatlar aparmalıdır.
– Maraqlı məqam ondan ibarətdir ki, əvvələr hətta rayon səviyyəsində kiçik oliqarxlar mövcud idisə, indi ölkənin bütün gəlirli sahələri bir neçə nəfərin əlində cəmləşib. Ölkənin bütün banklarından tutmuş, ticarət obyektlərinə qədər eyni şəxslərin əlindədir. Bu tendensiya ölkəyə nə vəd edir?
– Bu proses təbidir. Bu, bəşəriyyətdə yaşanıb. Bu, var-dövlət uğrunda gedən müharibədir. Dünyanın tarixi bundan ibarətdir. Əmlakın ələ keçirilməsi və təkrar bölgüsü. Indi bütün əmlak dar bir qrupun əlində təmərküzləşdiyinə görə mübarizə də bu şəxslər arasında gedir. Təəssüf ki, bu mübarizə çərçivəsində dövlət, cəmiyyət əziyyət çəkir. Azərbaycanın inkişafının qarşısı alınır. Ölkəyə investisiya gəlmir, ağıllı adamlar ölkəni qoyub gedir. Bu həm də orta əsrlərdəki kimi hakimiyyəti əldə saxlamağın yollarından biridir. Yəni məmurları burax xalqın üstünə, onların başını qat və özün də idarə et. Vəziyyət budur. Baş verənlər hüquq müstəvisindən çıxıb.
Mübarizə padşaha daha yaxın olmaq uğrundadır
– Bəs oliqarxlar arasında bu mübarizənin sonluğu necə ola bilər?
– Burada hökmdara yaxınlıq uğrunda mübarizə gedir. Kim daha çox “dolya” verə bilər. Amma bütün bunlar bir görüntüyə də xidmət edir. Diktaturada rəhbərin ətrafında olan adamlar müstəqil şəxsiyyət deyilər ki, onlar nəsə mübarizə aparalar. Bəzən nüfuz dairəsi uğrunda mübarizə gedə bilər. Orta əsrlərdən də belədir. Kim güclüdürsə, hökmdarlar onun tərəfini saxlayır. Öncə mübarizəni buraxırlar başlı-başına. Amma mübarizə aparan tərəflərin hamısı padşahın ətəyindən yapışırlar. Bu mühitin yaradılmasının baiskarı padşahdır.
– Dövləti sarsıdan daha bir mühüm məqam təhsilin bərbad gündə olmasıdır. Bunu bu il keçirilən buraxılış və qəbul imtahanları da sübut etdi. Özünü universitetə girməyə hazır sayanlar belə bal toplaya bilməmişdi?
– Bizim dövləti sarsıdan yalnız təhsilin bu vəziyyətdə olması deyil, eyni zamanda mənəviyyatsızlıqdır. Bir milləti məhv etmək üçün onun ortaq dəyərlərini aradan qaldırmaq lazımdır. Azərbaycanda mövcud olan rüşvətxorluq və korrupsiya sistemi bir millət kimi Azərbaycan xalqını deqradasiyaya uğradıb. Nəticədə mənəviyyat əldən gedib. Indi rüşvətxorluq, əxlaqsızlıq nəinki cinayət, heç ayıb sayılmır. Müşahidə olunanlar rüşvətxorluq və korrupsiyanın nəticəsidir.
Xalq ayılana qədər zülm davam edəcək
– Azərbaycanın geniş imkanlarının olmasına baxmayaraq dövlət müəssisələrində belə təhsil haqqının ödənişi 2500 manatdan başlayır və 4500 manatda bitir. Bu isə əhalinin gəlirlərinə adekvat deyil. Belə uzlaşmayan təhsil haqqı tətbiq etmək nə dərəcədə düzgündür?
– Devrilən diktatorların rəhbər olduğu ölkələrin çoxunda təhsil pulsuz idi. Tələbələrin heç biri təhsillərinə görə haqq ödəmirdilər. Onların başqa imtiyazları da var idi. Amma sonda nə oldu. Azərbaycanda normal hüquqi dövlət yoxdur. Bu hakimiyyəti xalq formalaşdırmayıb deyə özünü xalqın yanında borclu görmür. Hakimiyyətdəkilər bir cinayətkar qrupdur və milyardların üzərində oturublar. Ali təhsil müəssisələri də özünküdür. Bundan başqa, vaxtilə Ilham Əliyev elan etmişdi ki, tələbələrə təhsil kreditləri veriləcək, ödənişlər aşağı salınacaq. Hanı bunların hamısı? Əksinə, qiymətlər artır. Burada məqsəd Azərbaycan xalqını təqətdən salmaqdır. hakimiyyət xalqı elə duruma salmaq istəyir ki, o, öz haqlarını müdafiə etmək iqtidarında olmasın. Burada məqsəd etirazların qarşısını almaq üçün xalqı savadsızlaşdırmaqdır. Insanlar oxuya bilməyəcəklər, qalacaqlar savadsız.
– Gürcüstan prezidenti məktəbə gedən hər birinci sinif şagirdinə noutbuk bağışlayır. Kifayət qədər sərvəti olan Azərbaycan isə aztəminatlı ailələrin övladlarının məktəbli geyimi ilə belə təchiz etmir. Bu nə dərəcədə məntiqlidir?
– Gürcüstan bu hərəkəti ona görə edir ki, onun nefti yoxdur. Saakaşvili də millətini sevir. Çünki onu prezident qoyan gürcü xalqıdır. O, bütün ömrünü, fəaliyyətini xalqın tarixində ədalətli padhaş kimi qalmağa sərf edib. O, ətrafına da özü kimi adamları yığıb. Qanunu pozan ən yaxın dostunu belə cəzalandırıb. Yenə deyirəm. Azərbaycan hüquq müstəvisindən çıxıb. Azərbaycan xalqı və dövləti bir qrup cinayətkarın yeminə çevrilib. Xalq ayılana qədər, dünya birliyi bu məsələyə sərt reaksiya verənə qədər bu davam edəcək. Artıq Azərbaycan iqtidarı geridönməz yola keçib. Dövlət orqanları obyekt kimi fəaliyyət göstərir.
Xalq taleyinə sahib çıxmalıdır
– Prokurorluq Əbülfəz Elçibəyin zəhərləndirildiyi ilə bağlı absurd iddia ilə bağlı cinayət işi başlatsa da, bu günə qədər mətbuatda yer alan səsli-küylü cinayətlər və korrupsiya layihələri ilə bağlı heç bir araşdırma başlatmayıb…
– Azərbaycanda hüquq işləmədiyinə görə də prokurordan hesab sora bilmirsən ki, nəyə görə Azərbaycanda mətbuatda gedən bəzi yazılara görə cinayət işi qaldırmırsan. Bütün bu məqamlar yalnız hüquqi dövlətlərdə olur. Azərbaycan isə bu anlayışlardan çox-çox uzaqdır. Əbülfəz Elçibəyi Əli Kərimlinin zəhərlədiyini iddia etmək ictimaiyyətin diqqətini bir sıra məsələlərdən yayındırmaq üçün ortaya atılan oyunbazlıqdır.
– Sabiq səhiyyə naziri Əli Insanov məhkəmədə açıqlamasında Heydər Əliyevin 2003-cü il dekabrın 12-də deyil, avqustun sonlarında dünyasını dəyişdiyinə eyham vurmuşdu. Bu məsələ ilə bağlı sizcə, araşdırma aparılmalıdırmı? Çünki avqustdan sonra biz H.Əliyevin bir neçə sərəncam və bəyanatının şahidi olmuşuq…
– Səfəvilərdə Şah Ismayıldan sonra Şah Təhmasib keçir taxta. Orta əsrlərdə belə adət var ki, yeni şah müəyyənləşdirilməmiş, köhnə şahın ölümü barədə xalqa məlumat verilməzdi. Bu o məqsədlə edilirdi ki, ölkədə hərc-mərclik olmasın, saraya hücumlar reallaşmasın. Bu, orta əsrlərin qanunu idi. Amma yaxşı olardı ki, bu etirafı Əli Insanov həbsindən öncə edəydi.
– Elçibəyin zəhərlənməsi olayının meydana çıxmasını qarşıdan gələn seçkilərlə əlaqələndirirlər. 2013-cü il seçkiləri ərəfəsində Azərbaycanda bu məsələ ilə yanaşı olduqca mühüm hadisələr baş verir. Ölkədə mülkiyyət hüququ, sahibkarların haqları kobud surətdə pozulur. Bu üzdən cəmiyyətdə narazılıq artmaqdadır. Eyni zamanda iqtidar daxilində qeyri-sabitlik hökm sürür. Bütün bu narazılıq fonunda seçkiyə yaxınlaşmaq nə vəd edir?
– Azərbaycan xalqı ayılaraq öz taleyinə sahib çıxmayana qədər vəziyyət bu cür də davam edəcək. Eyni zamanda beynəlxalq birliyin də Azərbaycanda baş verənlərə münasibəti ərəb dünyası ilə eyni səviyyədə olmalıdır. Amma hər şey Azərbaycan xalqından asılıdır. Beynəlxalq birliyi də Azərbaycan xalqının təpkisi hərəkətə keçirməlidir. Kənardan ağ atlı oğlan gələrək vəziyyəti dəyişdirməyəcək. Sadəcə biz istərdik ki, rüşvətxorluğa son qoyulsun, ölkənin inkişafı üçün zəruri olan islahatlara start verilsin.
Xəyal