Qəbul sevincindən sonra təhsilhaqqı dərdi

Ölkədəki fantastik təhsil haqqı valideynləri çətinliyə salıb

Azərbaycanı insan orqanizminə bənzətsək, onun ən ağrılı nöqtələrindən birinin məhz təhsil sistemi olduğunu görərik. Bu sistemin problemlərinin bitib-tükənmədiyi artıq sirr deyil. Hansı tərəfini araşdırsaq, mütləq çətinlik və problem çıxacaq. Ali təhsil alanların valideynlərini bu yöndə narahat edən əsas məqam isə, ödənişin məbləğidir.
Ali məktəblərdə ödənişli təhsil alanların təhsil haqqı ölkəmizdə təxminən 2-4 min arası dəyişir. Lakin təkcə 2 min manatın hansı yolla ödənilməsindən danışsaq, onun real əməkhaqqıyla üst-üstə düşmədiyini görərik. Bir sözlə, övladının təhsil haqqının ödənilməsi birbaşa üzərinə düşən valideynin maaşıyla ödəniş bir-birinə adekvat deyil.

«Azərbaycanın hazırkı ödənişli təhsil haqqını ABŞ-ın nüfuzlu universitetlərinin təhsil haqqıyla uyğunlaşdırmaq olar»

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu söyləyir ki, ali məktəblərdəki təhsil haqqı ilə Azərbaycan vətəndaşının əməkhaqqı birmənalı şəkildə uyğun deyil. MDB məkanındakı orta təhsil haqqının 1500 dollar olduğunu diqqətə çatdıran həmsöhbətimiz, bunun 1000 Azərbaycan manatından çox olmadığını vurğuladı: “Azərbaycanın hazırkı ödənişli təhsil haqqını ABŞ-ın nüfuzlu universitetlərinin təhsil haqqıyla eyniləşdirmək olar. Həmin universitetlərdə belə təhsil haqqıyla oxuyanlar yüksək səviyyədə dövlət vəzifələrini tutur, həmçinin intellektual bazarda kifayət qədər özünü təsdiq edə bilir. Azərbaycanda isə bu qədər yüksək ödəniş sıravi şəxsin əməkhaqqıyla uyğun gəlməməklə bərabər, xüsusi bir intellektual baza yaratmır”.

«Təhsil haqqının belə yüksək həddi aztəminatlı ailələrin övladlarını təhsil hüququndan məhrum edir»

Iqtisadçı-ekspert Məhəmməd Talıblıya görə, Azərbaycandakı orta aylıq əməkhaqqını, yəni 353 manatı ali məktəbdəki ödənişlə – 1500-4800 manatla müqayisə etsək, ikincinin birincidən dəfələrlə yüksək olduğunu görərik. Ekspertin qənaətincə, ölkədə orta aylıq əməkhaqqının səviyyəsiylə aztəminatlı, hətta orta statistik azərbaycanlı ailəsinin övladının ödənişli təhsil alması mümkünsüzdür: “Təhsil haqqının belə yüksək həddi onu göstərir ki, belə ali məktəblərdə təhsil almaq heç də aztəminatlı, sosial həyatı zəif olan əhali üçün nəzərdə tutulmayıb. Bu, daha çox aşağı ballı və eyni zamanda, maddi imkanı yüksək olan ailələr üçün nəzərdə tutulmuş bir təhsil sistemidir. Ona görə də bu vəziyyətin özü, keçid ballarının aşağı düşməsi və təhsil haqqının yüksək həddi böyük bir məzun ordusunun yaranmasından xəbər verir. Əslində, mövcud mənzərə həmin ali məktəblərdə diplom paylama kampaniyasının aparılması deməkdir”. M.Talıblı qeyd etdi ki, ölkədə sosial müdafiəsi zəif olan, maddi imkanı ödənişli təhsil sistemində oxumağa imkan verməyən ailələr adicə təhsil almaq hüququndan məhrum olur. Bu arada neft gəlirləri olan və dövlət büdcəsi, həmçinin büdcədən kənar fondların maliyyələşməsi mexanizminin işlənməsinə ehtiyac var: “Fikrimcə, Neft Fondundan da gənclərin ödənişli təhsil və təhsil kreditlərini ödəmək mümkündür. Elə ailələr var ki, onların ödənişli təhsili qarşılamaq imkanı yoxdur. Amma Neft Fondundan beynəlxalq təcrübədə olduğu kimi, təhsil kreditləri vermək olar. Ali məktəb məzunları da işlə təmin olunanda həmin kreditləri qaytara bilər. Yəni Azərbaycanda belə bir sistemi tətbiq etmək olar və ölkənin buna kifayət qədər maliyyə resursları var”.
M.Talıblı bir məqama da toxundu. Ekspert söylədi ki, son 5 ildə ödənişli təhsil sistemində bir neçə dəfə artım müşahidə olunub. Artımın Nazirlər Kabinetinin məlum qərarıyla həyata keçirildiyini bildirən ekspert bunun tənzimlənən qiymət artımı qanununa görə, yəni qiymətlərin artırılıb-azaldlmasının qanunvericilik baxımından Tarif Şurasının həyata keçirməli olduğunu söylədi. Nazirlər Kabinetinin belə bir qərar verməsi qanunvericiliyə tamamilə ziddir.
Ekspert sözügedən məsələdə xarici təcrübədən də sitat gətirdi. Belə ki, Isveçrə kimi ölkədə adambaşına düşən ümumi daxili məhsul Azərbaycandakından çox yüksək olsa da orada ödənişli təhsil tamamilə qadağan olunub. Amma Azərbaycanda təəssüf ki, bunun əksi yaşanır. Maraqlı olan son xəbər isə  budur ki, yaxın qonşumuz Türkiyə artıq ödənişli təhsil sistemindən imtina edib və bu ölkədə ödənişli təhsildən artıq söhbət gedə bilməz.

Nigar