“Prokurorluq belə diqqətcildirsə, niyə digər cinayətlərlə bağlı qulağına tonlarla pambıq tıxayır?”
Cəmiyyətin qeyri-ciddi adam kimi qəbul etdiyi bir nəfərin “eşitdiyimə görə, filankəslər belə deyib” sözü ilə cinayət işi başlanılır. Bu adamlar düşünmürlər ki, səhərisi gün eyni iddialarla kimsə mərhum Heydər Əliyev haqqında çıxış edə bilər.
Ən azından, Elçibəy vəfat edəndə prezident deyildi, Heydər Əliyev isə prezident idi. Əgər bu fikir səslənəcəksə və cinayət işi başlanmayacaqsa, o zaman hansı vəziyyət yaranacaq? Söhbət ondan gedəcək ki, Elçibəyə görə olur, buna görə niyə olmur?”. Bu fikirləri tanınmış vəkil Adil Ismayılov “Bizim yol” qəzetinə müsahibəsində səsləndirib.
A.Ismayılovun fikrincə, cinayət işinin başlanmasının özü də göstərdi ki, hüquq ikinci, üçüncü sırada qaldı, ön sıraya siyasət çıxdı: “Məsələnin daha dərin kökləri var. Bakı Şəhər Prokurorluğu özbaşına cinayət işi başlamır, konkret olaraq, bu səpkidə olan işlərdə. Baxın, Prezident Administrasiyasının rəsmisi Əli Həsənov münasibət bildirdi. Onun çıxışını oxuyursan və bunun haradan gəldiyini başa düşürsən. Nə Respublika Prokurorluğu, nə də Bakı Şəhər Prokurorluğu özbaşına bu işi başlaya bilməzdi. Bu, birmənalıdır, söhbət ola bilməz. Amma hesab edirəm ki, cinayət işinin başlanmasına rəvac verənlər bilərəkdən və ya bilməyərəkdən hakimiyyətin əleyhinə işləyirlər”.
A.Ismayılovun həmkarı Müzəffər Baxışov hesab edir ki, 2000-ci ildən – prokurorluqda rəhbərlik dəyişəndən bəri bu orqanı sözün əsl mənasında məhv ediblər: “Bu orqanın öz statusuna uyğun fəaliyyətindən söhbət gedə bilməz. Cinayət Prosessual Məcəllənin, ”Prokurorluq haqqında” qanunun tələblərinə görə, törədilmiş cinayətlə bağlı prokurorluq orqanlarına daxil edilmiş məlumatlar araşdırılmalı və kifayət qədər əsasların olduğu təqdirdə, cinayət işi başladılmalıdır. Bu qayda kimliyindən asılı olmayaraq hamıya şamil olunur. Zəhərlənmə iddiası ilə bağlı maraqlı fikirlər səsləndirilir. Məsələn, Əli Hüseynov bildirir ki, prokurorluq bu məsələyə biganə qala bilməzdi. Bunu Əli Həsənov da deyir. Əsas gətirirlər ki, söhbət, keçmiş prezidentdən gedir. Amma Azərbaycan Konstitusiyasına görə, hamı qanun qarşısında bərabərdir. Kimə qarşı törədilməyindən asılı olmayaraq cinayət barədə məlumat daxil olursa və kifayət qədər əsas varsa, bu iş üzrə cinayət işi başladılmalıdır”.
M.Baxışov xatırladır ki, zəhərlənmə iddiasına biganə qala bilməyən prokurorluq nədənsə, ölkədə baş verən digər cinayətlərə qarşı eyni münasibəti nümayiş etdirmir: “Məsələn, hüquq-mühafizə orqanları Zülfüqarlı qardaşlarının əmlakına qəsdlə bağlı qulaqlarını tıxayır ki, onların adını çəkməyin. Çünki onlara hücum edənləri Prezident Administrasiyasında yüksək vəzifəli şəxslər himayə edir. O cümlədən digər işlər – Elmar Hüseynovun işi, Rafiq Tağının işi və s. Prokurorluq belə diqqətcildirsə, niyə digər cinayətlərlə bağlı qulağına tonlarla pambıq tıxayır?
Çünki sifariş alıblar. Azərbaycandakı hüquq-mühafizə orqanları hansı sifarişi alırlarsa, ona da uyğun hərəkət edirlər. Hər cür qanunsuzluğa gedib özlərini biabır edirlər. Görünür, bu məsələlərin tənzimlənməsi üçün Allahın hökmü lazımdır”.