Rauf Həbibov Quba olayları barədə nələr deyib?
Qubanın sabiq icra başçısı Rauf Həbibovun bu ilin martın 1-də rayonda baş verən olaylarla bağlı istintaqa ifadəsi yayılıb. Mediaforum.az saytının yazdığına görə, Rauf Həbibov ifadəsində qeyd edib ki, 2011-ci il noyabrın 22-də rayonda dini durumun vəziyyəti və xidmət təşkilatlarının (qaz, elektrik, su) fəaliyyəti ilə bağlı müşavirə keçirib. Müşavirənin keçirilməsi onun təklifi ilə təxminən bir həftə əvvəldən planlaşdırılıb.
Həbibovun təhqirləri kimlərə ünvanlanıb?
Müşavirədə icra hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədovun sədrlik etdiyi din məsələləri komissiyasının məruzəsinin dinlənilməsi nəzərdə tutulub. Istintaqa ifadəsində Rauf Həbibov belə bir məruzəyə zərurətin nədən yarandığını izah edərkən bildirib ki, müşavirədən bir həftə əvvəl, noyabrın ortalarında ona Vladimirovka kəndində mədrəsə binası tikildiyi haqda məlumat daxil olub. Rauf Həbibov bildirib ki, mədrəsə tikintisi rayon icra hakimiyyətindən xəbərsiz aparılırmış və bu tikinti üçün müvafiq icazə alınmayıbmış…
Rauf Həbibov ifadəsində vurğulayıb ki, Vladimirovka kəndinin icra nümayəndəsi və bələdiyyə sədri kənddə mədrəsə tikildiyi barədə rayon icra hakimiyyətinin aparatına məlumat verməyibmişlər və onlar bunu belə izah ediblər ki, kənddə mədrəsə tikilməsindən xəbərsiz olublar…
Sahib Məmmədov müşavirədə məruzə ilə çıxış etdikdən sonra Rauf Həbibov Vladimirovka və Amsar kəndlərinin icra nümayəndələrini ayağa qaldıraraq onlara icazəsiz mədrəsə tikintisi və məscid təmiri ilə əlaqədar iradlarını bildirib.
Bundan sonra müşavirədə rayon ağsaqqallar şurasının sədri Həsən Günəşli çıxış edib. O, çıxışında rayon xidmət təşkilatlarının fəaliyyətini tənqid edib, qazın təzyiqinin aşağı olduğunu söyləyib.
Sonra Rauf Həbibov tribunaya qalxıb. O, Istintaqa ifadəsində deyib ki, rayondakı dini durumla əlaqədar ona müntəzəm məlumatlar daxil olub, bu məlumatlarda Azərbaycan Islam Partiyasının Bakı şəhərində yaşayan funksionerlərinin, onların Iran Islam Respublikasında yaşayan havadarlarının ayrı-ayrı Quba sakinlərini təsir altına salmaq, onlardan dövlətçiliyə qarşı istifadə etmək məqsədilə fəaliyyət göstərdiyi, həmin sakinlərin evlərinə 30-40 manatlıq bazarlıq edib göndərdiyi, onlara maddi yardımlar etdiyi bildirilib.
Rauf Həbibov istintaqa deyib ki, 22 noyabr müşavirəsi dini duruma həsr olunduğundan çıxışında bu məsələlərə toxunub və çıxışında bəzi qubalılara xitab edərkən Azərbaycan Islam Partiyası üzvlərinin ayrı-ayrı qubalılara bazarlıq göndərməklə onları təsir dairəsinə salmağa cəhd etdiyi barədə aldığı məlumatı nəzərdə tutub.
Müşavirənin videoçəkilişi “yox”a çıxıb
Həbibov 22 noyabr müşavirəsinə media nümayəndələrinin dəvət olunmasını Sahib Məmmədova tapşırdığını söyləyib. Sahib Məmmədov da icra başçısına məruzə edib ki, mətbuat və televiziya nümayəndələri müşavirəyə dəvət olunublar.
Rauf Həbibovun bildirdiyinə görə, həmin vaxt müşavirəyə konkret hansı telekanalların dəvət olunması ilə maraqlanmayıb, yalnız onun çıxışının montaj olunmuş variantı 2012-ci ilin fevral ayında internetdə yayıldıqdan sonra bu məsələni araşdırıb və bəlli olub ki, 22 noyabr müşavirəsini “Xəyal TV”, “Xəzər TV”, “Kanal 13″, ”Interaz” telekanallarının əməkdaşları çəkiblər.
Həbibov müşavirədəki çıxışının montaj olunmuş variantının sosial şəbəkədə yerləşdirildiyini ilk dəfə 2012-ci il fevralın 21-də günün birinci yarısında eşitdiyini söyləyib. Istintaqa ifadəsində o, iddia edib ki, həmin 1 dəqiqə 18 saniyəlik videosüjetdə onun müşavirədə səsləndirdiyi cümlələr ümumi kontekstdən çıxarılıb və elə təqdim olunub ki, sanki o, qubalıların qəzəb və hiddətinə səbəb olmuş məlum sözləri bütün qubalılar haqqında işlədib.
Rauf Həbibov deyib ki, internetdə yerləşdirilmiş videoya baxandan sonra o, 22 noyabr müşavirənin tam videoçəkilişinə baxmaq istəyib, amma məlum olub ki, həmin müşavirənin tam videoçəkilişi yoxdur.
Fevralın təxminən 25-də Rauf Həbibova məlumat veriblər ki, “Youtube.com” saytında onun haqqında yeni videosüjet yayılıb. Həmin videosüjetdə Rauf Həbibovun 22 noyabr müşavirəsindəki çıxışından parçalar, arxasınca daşınmaz əmlakların musiqi ilə müşayiət olunan fotoşəkilləri və siyahı yerləşdirilib.
Rauf Həbibovun dediyinə görə, təxminən 6 dəqiqəlik bu süjeti internetdə kimin yerləşdirdiyini aydınlaşdırarkən müəyyən edib ki, ilk videosüjeti “Youtube.com”a “Dc Mustafa” nikindən istifadə edən şəxs fevralın 21-də yerləşdirib. Rauf Həbibovun araşdırmasına görə, həmin nikin istifadəçisi Mustafa Nurullayev adlı Quba şəhər sakini olub. Həbibov ifadəsində Nurullayevin əlil uşaq olduğunu da qeyd edib.
Fevralın 24-də həmin videoçarxı “Gözəgözdişədiş” internet səhifəsinin istifadəçisi təkrarən “Youtube.com”da yerləşdirib. Nəticədə internetdə kütləvi şəkildə şərhlər yazılıb, martın 1-də mitinq keçirməyə çağırışlar elan edilib. Rauf Həbibov bildirib ki, şərhlərdə o və ailə üzvləri təhqir olunub, mitinq çağırışlarında onun rayondan qovulması tələbi yer alıb. Həbibov iddia edib ki, ən çox fəallıq göstərən “Gözəgözdişədiş” internet səhifəsinin istifadəçisi olub.
İcra başçısı özünü necə qorumaq istəyib?
Rauf Həbibovun bildirdiyinə görə, rayonda ictimai-siyasi sabitliyi qorumaq üçün Qubanın vəzifəli şəxslərinə, hüquq mühafizə orqanlarının əməkdaşlarına əhali arasında təbliğat aparmağı, internetə yerləşdirilmiş çıxışın montaj olunduğunu, onun qubalılar haqqında təhqiramiz ifadələr işlətmədiyini, mitinq keçirilməsinin qanun pozuntusu olduğunu əhaliyə çatdırmağı tapşırıb. Onun istintaqa verdiyi ifadəsinə görə, martın 1-dək bu istiqamətdə işlər aparılıb, demək olar ki, hər gün rayon fəalları ilə görüşüb söhbətlər edib.
Rauf Həbibov fevralın 29-da rayon fəallarının iştirakı ilə icra hakimiyyətində iclas keçirib, bu iclasda da bir daha qubalılar haqqında təhqiramiz ifadələr işlətmədiyini, internetdə yayımlanan kadrların təxribat olduğunu, martın 1-də sabitliyi poza biləcək hər hansı hərəkətdən çəkinməyin zəruriliyini bildirib. Istintaqa ifadəsində Rauf Həbibov deyib ki, iclas iştirakçıları onun sözləri ilə razılaşıblar.
Istintaq materialına görə, martın 1-də səhər saat 8 radələrində Rauf Həbibov işə gəlib, rayon polis şöbəsi əməkdaşlarının əlavə naryadla icra hakimiyyəti binasını nəzarət altına aldığını görüb. Bundan başqa, icra hakimiyyətinin işçiləri də şəhərdə müxtəlif məhəllələrdə növbədə dayanıbmış. Saat 09:55-də maraqlandıqda icra başçısına bildirilib ki, heç bir problem yoxdur. Saat 10-da isə artıq xidməti otağında olarkən icra başçısı bir qrup şəxsin rayon icra hakimiyyətinin inzibati binası qarşısına yığışdığını müşahidə edib və onların “Istefa” şüarları səsləndirdiyini eşidib. Rauf Həbibovun sözlərinə görə, həmin şəxslərin sayı təxminən 1000 nəfər olarmış.
Istintaq materialına görə, icra başçısı müavinlərinin hamısına tapşırıb ki, həyətə düşüb camaatı sakitləşdirsinlər, söhbət etsinlər. Sahib Məmmədov icra başçısına məlumat verib ki, aksiyaya gələn şəxslərdən üç nəfər nümayəndə onunla görüşmək istəyir. Həmin şəxslər Sahib Məmmədovla birgə Rauf Həbibovun yanına gəliblər. Nümayəndələrdən biri “Bal-bulaq” restoranının sahibi Akif Ağarəhimov, digərləri isə Qarabağ və Əfqanıstan müharibəsi veteranlarının rayon şuralarının sədrləri olub. Rauf Həbibovun istintaqa verdiyini ifadəsinə görə, nümayəndələr “Rauf müəllim, sən qubalılar haqqında təhqiredici ifadələr işlətmisən, camaatdan üzr istə, məsələ bitsin” deyiblər. Rauf Həbibov isə cavab verib ki, 10 ildən artıqdır Qubadadır, heç vaxt qubalılar haqqında mənfi söz işlətməyib, ancaq əgər lazım olarsa, üzr istəyər.
Istintaq materialına görə, daha sonra icra başçısı əhalini sakitləşdirmək üçün çıxış etməyi qərara alıb və kütlənin qarşısına çıxıb. Kütlənin qarşısına çıxanda ona tərəf kütlədən nəsə atılıb, lakin ona dəyməyib. Səsgücləndirici ilə çıxış edən Rauf Həbibov ən böyük qubalının özü olduğunu, heç vaxt qubalıları təhqir etmədiyini, ancaq əgər lazımdırsa, üzr istəməyə hazır olduğunu söyləyib.
Ifadəsində Rauf Həbibov deyib ki, kütlə qarşısında çıxış edərkən ona nitqini başa çatdırmağa imkan verməyiblər, bir qrup insan qışqırmağa, söyüş söyməyə başlayıb və o, binaya qayıdaraq otağına gedib. Bir qrup şəxs isə əllərinə keçən qartopunu, daş və dəmir parçalarını onları sakitliyə çağıran polis əməkdaşlarına, icra hakimiyyətinin inzibati binasına tərəf atmağa başlayıb.
Istintaq materiallarında göstərilir ki, daha sonra onlar hərəkətlərini davam etdirərək rayon icra hakimiyyətinin inzibati binasını, yardımçı sahəni, qonaq evini, daş hasarı dağıdıblar. Polis əməkdaşları onları kənarlaşdırmağa müvəffəq olduqdan sonra icra başçısına məlumat verilib ki, bir qrup şəxs ona məxsus olan, Timiryazyev qəsəbəsində yerləşən evə daxil olub və evi dağıdaraq yandırıb.