Böyük vətənpərvər Məhəmməd Tağı Zehtabi

«Millətin azad olunmasının ən əsas şərti dil azadlığıdır!» (Zehtabi)

XX yüzilin ikinci yarısında Güney Azərbaycanda yetişən görkəmli simalardan biri də professor Məhəmməd Tağı Zehtabidir. Məhəmmədtağı Zehtabi hələ gənc yaşlarından öz xalqının azadlığı və milli varlığı uğrunda mübarizə meydanına atılmış şəxslərdəndir. O, çağdaş Güney Azərbaycanda türkçülüyün – Azərbaycançılığın köklərini araşdıran görkəmli tədqiqatçı alim olub. Doktor Məhəmməd Tağı Zehtabi (Kirişçi) 1923-cü ilin oktyabrında Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsinin Çay küçəsində anadan olmuşdur. Orta məktəbi Təbrizdə başa vuran M.Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilmişdir.
Zehtabi hələ 18 yaşlarında ikən Hacı Mirzə Əli Şəbüstərinin təşəbbüsü ilə ana dilində nəşr olunan “Azərbaycan” qəzetində məqalə və şeirləri ilə çıxış etmişdi. O, 1946-cı ildə Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk məzunlarından olub. Universitet təhsilini başa çatdırmaq və Irandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Quzey Azərbaycana mühacirət etmiş və orada qısa müddət ərzində Azərbaycan tarixi, dili və ədəbiyyatına aid bir neçə kitab çap etdirmişdir. 1979-cu ildə Iranda Pəhləvi rejimi yıxıldıqdan sonra Vətəni Təbrizə qayıdan professor Zehtabi öz elmi tədqiqatlarını davam etdirmişdir. Onun Azərbaycan tarixi haqqında yazdığı əsərlər bütöv Azərbaycan tarixşünaslığında yeni bir cığır açmışdır.
Onun o dövrdə yazdığı şah əsərlərdən biri də, 1946-cı il Azər 24-də – dekabrın 15-də Pəhləvi rejimi tərəfindən türkcə təhsilə və məişətdə danışığa belə yasaq qoyulduğu dövrdə yazdığı “Sən o san, mən də buyam” şeiri olmuşdur:
Özümə məxsus olan başqa elim vardı mənim,
Elimə məxsus olan başqa dilim vardı mənim.
Istəsən qardaş olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sonra bir yolda gedək.
Əvvəla, özgə küləklərlə gərək axmayasan,
Saniyən, varlığıma, xalqıma xor baxmayasan
Yoxsa gər zor deyəsən, millətimi xar edəsən,
Gün gələr səhfə çönər, məcbur olarsan gedəsən.
O dövrdə bir çox gənclər sovetlər ölkəsini azad bir ölkə bilib, oraya getməyə can atırdılar. Zehtabi hələ öz arzusuna çatmaq və habelə ana dilində yüksək təhsil almaq üçün doğma yurdunu tərk edir. Lakin onu Bakıya deyil, Sibir həbsxanasına göndərirlər. O, 3 il Sibirdə sürgün həyatı yaşamağa məcbur olur. “Şahın zəncirində” mənzuməsində belə yazır:
Azad doğulan insana qandal nə gərəkdir?
Qandalları qırmışlara zindan nə deməkdir?
Dünya nələrin var? Əfsanələrin var?
Biçarə bəşər ölçüyə gəlməz kədərin var.
Qanlar tökərək qandalı qırdın ayağından,
Qandalları yığdın və qayırdın yekə zindan!
Daim başın üstündə gəzim qəm və fəlakət,
Bir gün səni zəncirlədi sultan,
Bir gün də “azadlıq və ədalət”.
Zehtabi 3 ildən sonra Sibir sürgünündən buraxılır və bu dəfə Düşənbəyə sürgün edilir. Orada onun Təbrizdə aldığı bütün təhsil sənədləri yox olduğu üçün təkrar diplom almağa məcbur olur və nəhayət, Bakıya gəlir. Burada Azərbaycan Dövlət Universitetində Azərbaycan dili üzrə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi adı alır və həmin Universitetdə ərəb dili müəllimi işləyir. O, istər müəllimlik illərində, istərsə də universiteti bitirdikdən sonra yazdığı bütün əsərlərində ana dilimizi öyrənir və tanıtdırmağa çalışır, xalqımızın keçmiş tarix və ədəbiyyatından söhbət açır, oxuyanların marağını öz ana dillərinə artırıb, onlarda öz milli kimliliyinə bağlılıq yaradır.
Doktor Zehtabi 1981-ci ildə “Mütərəqqi Iran Türklərinin Roşənfikrililər(ziyalılar) Cəmiyyəti”ni yaradıb və “Birlik” adında aylıq farsca və türkcə jurnal nəşr etdirmişdir. Zehtabi xaricdə olduğu zaman, birinci dəfə olaraq ana dilimizdə “Iran türklərinin sərfi (morfologiyası)” kitabını yazıb, çar etdirmişdir. Bu kitab inqilabdan sonra da doktorun ən yaxın dostlarından olan hörmətli Əli Xalid Abadinin təşəbbüsü ilə, müasir ədəbi dilimizin morfologiyası adı ilə çap olub, yayılmışdır.
Professor Zehtabi Iran inqilabından sonra Təbriz Universitetində türk dili və ədəbiyyatı müəllimi olmuş və çoxlu müəllim yetirmişdir. O dövrdə ilk dəfə olaraq 20 səhifədən ibarət “Ana dilimizi necə yazaq” əsərini 3000 tirajla Rüşdiyyə yayımı vasitəsilə çap etdirmişdi. Bu qısa əsərdə dilimizin əsas – səs qanunları, ahəng qanunu açıqlanmışdır ki, əlifbanı düzgün yazıb, oxumağımızda yazıçılarımıza bir mənbə olub, sonralar keçirilən orfoqrafiya ilə bağlı seminarlarda ondan çox faydalanmışlar.
Yorulmaz tədqiqatçı alim
Doktor Zehtabi inqilabdan sonra Təbriz radio və televiziyasında ana dilimizdə verilişlər yayımlamaq üçün kadrlar yetişdirmişdir. “Berun-e mərzi” (“Sərhəddən kənar”) xəbərləri Azərbaycan dilində aparanlar vaxtilə onun şagirdləri olmuşlar. Onun qələmindən çıxan və böyük axtarışların nəticəsi olan “Iran türklərinin əski tarixi” adlı çoxcildlik sanballı kitabından sonra “Islama qədərki Iran türklərinin dili və ədəbiyyatı” kitabı sözün həqiqi mənasında Azərbaycan tarixinin qədim dövrünün tədqiqində yeni bir elmi mərhələdir. “Iran türklərinin əski tarixi”nin I cildi ən qədim dövrdən Makedoniyalı Isgəndərə qədər olan uzun bir zamanı əhatə edir. Bu cilddə miladdan əvvəl IV-II minilliklərdə Yaxın Şərqdə yaşayıb mədəniyyət qurmuş türk xalqlarının dövlətləri və mədəniyyətləri geniş aspektdə verilir, o dövrün türkcəsi ilə bu dövrün türkcəsi müqayisəli şəkildə araşdırılır. Bu gün Iran kimi tanıdığımız ərazidə farsların bu yerlərə gəlməsinə qədərki 3500 ildə türklərin qurduğu dövlətlər və mədəniyyətlər tədqiq və təhlil edilir.
Müəllif həmin kitabın “Cənubi Azərbaycan tarix elminə bir baxış” bölməsində yazır: “Müxtəlif elm sahələrində olduğu kimi, tarix sahəsində də fars şovinizminin tərəfdarı olan alimlər meydana gəldi. Bu Iran alimləri Avropa alimlərinin qədim Şərq tarixi barədəki fikirləri və yazılarını fars şovinizmi nöqteyi-nəzərindən araşdırıb yazmağa və kitablar nəşr etməyə başladılar. Bu tarix kitablarının ən əhəmiyyətlisi Həsən Pirniyanın (Məşirüddövlə) 3 cildlik ”Iran-e bastan” əsəridir. Bu əsərdə Avropa tarixçilərinin əksinə və fars şovinizminin istəyinə əsasən, heç bir sənəd və dəlil olmadan belə bir iddia irəli sürülüb ki, bugünkü Iranın xalqları qədim dövrlərdə arilər irqi olub, o cümlədən bugunkü azərilər, qaşqaylar, həmədanlılar, türkmənlər yaşayan ərazisinin sakinləri türkdilli deyil, hind və Avropa dilləri qrupuna aid olublar. Bu dəlilsiz iddiaya görə, bugünkü türkdilli Azərbaycan əhalisi guya qədim zaman və arilər irqi, kök etibarilə fars və ümumiyyətlə, hind və Avropa dilli olublar və sonralar türklər Şərqdən axaraq bu yerlərdə yurd salıb və bu yerlərin fars əhalisini türkləşdiriblər”.
Məhəmməd Tağı Zehtabi 23 sentyabr 1998-ci ildə vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir