zakir ferecov-absher-ihb

Zakir Fərəcov 25 ailəni çörəksiz qoyur

zakir ferecov-absher-ihb100-dən çox insanın dolanışıq yeri “yaşıllıq zolağına” qurban gedir

Dükan sahiblərinə heç bir kompensasiya verilmir

Xırdalan şəhər 27-ci məhəllə adlanan yerdə – univermağın yaxınlığında 11 obyekt “tarixin arxivinə” qovuşur. Yaşıllıq zolağı adıyla buradakı dükanları sökürlər, sahiblərinə isə bir manat da kompensasiya verilmir. Sifarişçi Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icraçı isə Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədovdur…

İki məmurun atdığı ilk addımı…

Bu 11 obyektdə 25 ailə çalışır. Bu 25 ailənin hər birinin ən azı dörd üzvü varsa, deməli, 100 nəfər çörəksiz qalır.
Hələlik sözügedən ünvandakı obyektlərdən bir neçəsi sökülüb ki, onların da sahibi Eldar Əhmədovla bələdiyyə üzvü Hacı Ramiz adlı şəxsdir. Sahibkarlar deyirlər ki, bu iki şəxsin obyektlərini özləri sökdürürlər ki, onlara “görk” olsun. Yəni dükan sahibləri heç yerə şikayət etməsinlər və görsünlər ki, “dövlət əhəmiyyətli obyekt” üçün məmurlar ilk addımı atırlar.
Dükan sahibləri bizimlə söhbətdə bildirdilər ki, onlar dükanlarının sökülməsinə etiraz etmirlər: “Biz kompensasiya tələb edirik. Bazar qiymətlərinə uyğun bizə pul versinlər”.
Sahibkarlar deyirlər ki, obyektlərinin yerləşdiyi ərazi Xırdalanın mərkəzidir: “Buradakı dükanların qiyməti 60-250 min manat arasındadır. Indi iki nəfər – Eldar Əhmədovla Hacı Ramiz öz dükanlarını sökdürdülər. Onlar üçün bir obyektin sökülməsi heç bir şeydir. Bu iki nəfərin şəhərin ayrı-ayrı yerlərində onlarla obyekti var. Ancaq bizim isə tək gəlirimiz bu dükanlardır”.

“Kitabxananı bələdiyyə sədri ələ keçirib”

Bu obyektləri yaşıllıq zolağı adıyla sökürlər. Sahibkarlara deyiblər ki, 60-cı illərdə Xırdalanın baş planına əsasən həmin ərazidə istirahət mərkəzi olub. Ancaq illər keçdikdən sonra baş plan layihəsi elə kağız üzərində qalıb. Şəhər sakinləri 1993-cü ildən bu yana kimi alğı-satqı yoluyla, kimi də icra və bələdiyyənin icazəsi ilə yeri alıb dükan tikib.
Sahibkarlar obyektləri söküləcəyi təqdirdə kompensasiya ala bilməyəcəklərsə, yaxınlıqdakı kitabxananın onlara verilməsini istəyiblər: “Bizim dükanların arxasında kitabxana var. Indi oranı köçürürlər. Biz də Eldar Əhmədova dedik ki, həmin yeri bizə verin. Cavabı bu oldu ki, oranı özüm ələ keçirmişəm”.

Dükan sahibləri problemlə bağlı Abşeron rayon icra hakimiyyətinə də üz tutublar. Icra başçısı Zakir Fərəcov məzuniyyətdə olduğu üçün təhsil, səhiyyə, mədəniyyət üzrə müavini Iradə Gülməmmədovanın qəbulunda olublar: “Iradə xanım dedi ki, kompensasiya verilməyəcək. Gedib özümüzə yer tapsaq, dükan tikmək üçün icazə verməyə kömək edəcək. Ondan soruşduq ki, harada yer tapaq, binaların həyətlərini bizə göstərdi. Əvvəla, binaların həyətlərində yer yoxdur, həm də camaatın istirahət yerini əlindən ala bilmərik. Ikincisi, lap tutaq ki, o yerlərdə dükanlar tiksək, kimdir bizdən alver edən? Yoldan ötən maşınını yaşayış yerinə sürəcək? Üçüncüsü və ən əsası, biz dükanları hansı pulla tikək? Burada beş-on manat qazanırıq, indi bunu da bizə çox görürlər”.

“Kompensasiya tələb edirik”

21 kvadrat metr dükanı olan Sevinc Fərəcovanın sahibi olduğu dükandan başqa heç bir yerdən gəliri yoxdur: “Həyat yoldaşım Ilham Fərəcov 1995-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib. O vaxt Daxili Işlər Nazirliyinin arayışına əsasən bizə buranı verdilər. Üç körpə uşağımı bu dükandan əldə etdiyim pulla böyütmüşəm. Özüm də onkoloji xəstəyəm, əməliyyat olunmalıyam. Əməliyyatdan sonra bir il işləyə bilməyəcəm. Mən indi hansı pulla əməliyyat olunum? Övladımın biri tələbədir. Oğlum universitetdən çıxıb fəhləlik etsin ki, biz dolanaq. Eldar Əhmədov deyir ki, buralar söküləcək. Onu heç nə maraqlandırmır. Çünki köçürüləcək kitabxananın yerini ələ keçirib. Ancaq bizə baxan yoxdur”.
1993-cü ildən sözügedən ünvanda dükan işlədən Quliyevlər ailəsi də çıxılmaz duruma düşüb: “Atam Balaqədeş Quliyev 1993-cü ildə buranı alıb, dükan tikib. Sənədləri qaydasındadır. Dükanların sökülməsinə etiraz etmirik, ancaq kompensasiya tələb edirik”.
Elşən Mirzəyevin dükanın sahəsi 28 kvadrat metrdir: “Ilham Əliyev çıxışında qeyd edib ki, kvadrat metrə görə 1500 manat kompensasiya verilməlidir. Açıq-aydın deyirlər ki, heç bir kompensasiya olmayacaq”.

***

Sahibkarlar obyektlərinin sökülməsinin tarixini dəqiq bilmirlər. Bildikləri tək bircə şey “söküləcəkdi”. Tarixi isə sentyabrın 10-da məzuniyyətdən qayıdan Zakir Fərəcov müəyyənləşdirəcək…

Ramin DEKO