Yaxın Şərqdə “kürd baharı” olacaqmı?

Amerikalı analitiklər fərqli fikirlər səsləndirirlər

Bəzi qərb analitikləri bu gün Yaxın Şərqdə baş verən proseslərin tədricən “ərəb baharı”ndan “kürd baharı”na çevrilməsi ilə bağlı narahatlıqlarını gizlətmirlər.
Kürd separatizmi yeni deyil və on illərdir ki, Türkiyə, Suriya, Iraq siyasətinin mərkəzindədir. Lakin son vaxtlar vəziyyət dəyişib.
Belə ki, Əsəd rejimi kürd rayonlarına “muxtariyyət”in verilməsindən danışır və bu sahədə təhlükəsizliyin təminatı ilə bağlı kürd yaraqlılarına səlahiyyətlər verib. Bundan əlavə, Iraqın şimalında özünü idarəetmə təcrübəsi də regionda kürd separatizmini gücləndirib. Odur ki, çoxları belə hesab edirlər ki, Suriya rejimi heç zaman Iraqda olduğu kimi, kürd rayonlarına öz nəzarətini qaytara bilməyəcək.
Eyni zamanda Suriyada kürdlərin fəallaşması Türkiyədə PKK yaraqlılarının fəallaşmasına səbəb olur.
Vaşinqtondakı bəzi analitiklər bunu nəzərə alaraq, ABŞ-ın kürd məsələsi ilə bağlı mövqeyini tənqid etməyə başlayıblar. Eks-prezident Ronald Reyqanın müşaviri Patrik Byukenen “Yeni dünya iğtişaşları” adlı məqaləsində bildirir ki, Iranla müharibə bu ölkədə kürd anklavının yaradılması və azərbaycanlı əhalinin, bəluc və şiə ərəblərinin yerləşdiyi rayonların Irandan ayrılması ilə başa çata bilər.
Truman Milli Təhlükəsizlik Mərkəzinin eksperti Couşua Volker “Turan”a bildirib ki, “kürd baharı” anlamı yalnışdır, lakin Iraqın şimalında və Suriyada muxtar respublikalarda kürdlərə nəzarət şübhə doğurmur.Aydındır ki, Türkiyədə də kürd məsələsi ilə bağlı birtərəfli qərar ola bilməz.
O, ABŞ-ın bu məsələdə siyasətinə toxunaraq deyib ki, Vaşinqton sakinlərin öz taleyini həll etmək imkanları əldə etdiyi regionda vakuumda fəaliyyət göstərə bilməz.
Digər analitik, Vaşinqton Milli Strateji Araşdırmalar Institutundan doktor Deniz Natali  deyib ki, Əsəd tərəfindən Suriyanın kürd regionlarına müstəqilliyin verilməsini onlara muxtariyyətin verilməsi hesab etmir. Suriya rejimi Türkiyəyə bitişik ərazilərdə vəziyyətə nəzarət etmək üçün kürdlərdən istifadə edir. Buna baxmayaraq, ehtimal var ki, Əsəd Ankara ilə razılaşma əldə edəcək və kürd yaraqlıları sərhəd rayonlarından uzaqlaşdırılacaq, necə ki, 1999-cu ildə PKK lideri Öcalan Suriyadan çıxarılmışdı.   
Lakin Iraq kürdlərinin suriyalı həmtayfalarına təsiri böyükdür və hətta Əsəd rejimi davam gətirsə belə, kürd separatizmini nəzarət altında saxlamaq çətin olacaq.
Türkiyədə kürdlərə gəlincə, onlar Suriyadakı vəziyyətdən istifadə edərək Şərqi Türkiyədə öz təsirini mümkün olduğu qədər artırmaq istəyir. Əsasən Türkiyə kürdlərinin özünü idarə etməsi məsələsi qoyulur. Ankaranın kürd liderlərindən biri- Barzani ilə danışıqlar aparmaq cəhdinə gəlincə, onun Suriya kürdlərinə təsiri azdır, Volker hesab edir. O həmçinin Türkiyə qoşunlarının Suriyaya yeridilməsi ehtimalının yekunlarını skeptik qiymətləndirib.
Ekspert hesab edir ki, “kürd baharı” termini kürdlərin despotik rejimlərə qarşı etirazlarda iştirakı anlamında tətbiq edilə bilər.
Suriya kürdləri avtoritar rejimlər tərəfindən sıxışdırılan istənilən azlığın etdiyini edir. Regionun gələcək siyasi xəritəsi, Iran, Iraq, Suriya, Səudiyyə Ərəbistanı və digər ölkələrin dəyişəcəyi, xəritədə Kürdüstanın yer alacağı barədə bəzi ekspertlərin ehtimallarına toxunan ekspert
bunu “spekulyasiya” adlandırıb.
“Bəzi analitiklərin hesab etdiyi kimi, sərhədləri dəyişmək elə də asan deyil. Əslində müasir dünyada mübahisəli ərazilərin əksəriyyəti, o cümlədən kvazi-dövlətlər siyasi qeyri-müəyyənlik  vəziyyətində qalır və milli icmalarla mərkəzi hakimiyyət orqanları arasında daimi münaqişə mənbəyi olur. Bu cür dəyişikliklər ağlabatan deyil, həm də o səbəbdən ki, beynəlxalq birlik və ya heç olmasa bir region dövləti onu tanımır. Odur ki, belə dəyişikliklər çətin ki, reallıqda baş versin və bu, siyasi reallıqda yox, təxəyyüldə qalacaq, Volker hesab edir.