Somalidən söz düşmüşkən…

Müxalifətə ən ağlasığmaz ittihamları ilə məhşurlaşmağı qarşısına məqsəd qoymuş “Gündəlik Teleqraf” qəzetinin saytında hirs-qəzəblə dolu növbəti yazını oxuyandan sonra gözucu başqa xəbərlərə nəzər salıram. Başlıqlara fikir verin: “19 yaşlı qız zorlandığını polisdən öyrəndi”, “16 yaşlı qız anasının boğazını kəsərək öldürdü”, “Bakıda qadını amansızlıqla öldürüb, pulunu kefə xərclədilər”, “Odnoklassnik”də kişilərlə danışan arvadını amansızliqla qətlə yetirdi” və s…
Bu yalnız son 48 saatda baş vermiş cinayətlərin ən cəlbediciləridir, çünki vətəndaşı artıq qardaşın qardaşı bıçaqlaması, qısqanclıq zəminində boğub və yaxud bıçaqlayıb öldürmə, qonşunu qarət məqsədi ilə baltalamaq kimi cinayətlərlə təəccübləndirmək olmur.
Amansız şəkildə törədilmiş cinayətlər o qədər çoxalıb ki, biz artıq valideyni öldürüb, uşağa dəyməyən qatildə humanizm nişanələri axtarırıq…
Son bir neçə ildə bu dəhşətli cinayətlərin statistikasını nəzərdən keçirəndə məlum olur ki, Azərbaycanın son yüzilində baş vermiş oxşar cinayətlər son bir neçə ildə baş verənlərin 1 faizindən də azdır.
Nəvə 10 manata görə nənəsini baltalayır, 19 yaşlı gənc pensiyasını yeni almış ağbirçək qadını tükürpədici şəkildə qətlə yetirir, 150 manata görə ana və 4 yaşlı övladı qətlə yetirilir… Yüzlərlə amansız şəkildə törədilən qətllərdə ələ keçirilən məbləğ 50-1000 manat arasında dəyişir. Və bu da həqiqətdir ki, bu dəhşətli cinayətlərin əksəriyyətini yeniyetmələr törədir.
Belə cinayətləri illər öncə ucqar Afrikanın səfalət və xəstəlik bürüyən ölkələrindən duyurduq…
Bir il əvvəl həkimlərin günahı üzündən çürüyərək ölən əsgər Eldar Novruzovun həkimləri mətbuat konfransı keçirib, bəyan etdilər ki, belə xəstəliyin yaranmasına 1992-1993-cü illər səbəb olub. O dövrdə doğulan uşaqlarda immun çatışmazlığı müşahidə olunur. Çünki o dövrdə ölkədə qida çatışmazlığı olub”.
Bu böhtandan ilhamlanan YAP-ın “məşhur” politoloq deputatı Aydın Mirzəzadə, onu tarixdə saxlaya biləcək(!) yeganə bəyanatını səsləndirdi:”Orta məktəb məzunları qəbul imtahanları zamanı ona görə aşağı bal toplayır ki, onlar ağır psixoloji dövr olan 1992-1993 illərdə anadan olublar, yaddaşları və ağılları yüksək deyil. Halbuki ondan qabaqkı illərdə və ondan sonrakı illərdə məzunlar heç yaxşı nəticə göstərməyiblər, əksinə, nəticələr hər il pisləşir.”
Məleykə Abbaszadə-Misir Mərdanov çəkişməsi ilə tələbə qəbulununun faş olan biabırçı nəticələrinə həmin həkimlərin və Aydın Mirzəzadənin prizmasından yanaşsaq, belə çıxır ki,1995-ci ildə Azərbaycan Somalidən də pis gündə olub. Somalidən söz düşmüşkən…
Sərhədləri «aşan» Qənirə Paşayeva
Millət vəkili Qənirə Paşayeva bu yaxınlarda Afrikanın bu bədbəxt ölkəsində humanist bir missiya ilə səfərdə oldu. Səfər şəxsi təşəbbüs olsa da, məqsəd aydındır – “dünyada bizdən də pis gündə olanlar var”… Ölkədə bu qədər problem varkən, xanım deputatın onları Somalidə axtarması elə buna əyani sübutdur. Baxın, Somali səfəri öncəsi, əskərlərlə mehriban şəkil çəkdirən Qənirə xanımdan nə vaxtsa orduda baş verən əsgər ölümləri və özbaşınalıqla bağlı bir bir bəyanat eşitdinizmi? Yaxud da Somali səfərini yarımçıq qoyub Təbrizə səfər edir və zəlzələyə biganə qalan iranlı məmurları qınayır. Yüzlərlə soydaşımızın həlak olduğu həmin günlərdə Bakı telekanallarında bir dəqiqə belə ara verməyən əyləncəyə isə münasibət bildirmir. Somalidə “heyrətlənən” millət vəkilinin ölkəmizdəki uşaq ölümünün səviyyəsindən, uşaq səhiyyəsindəki vəziyyətdən xəbərinin “olmaması” ağlabatan deyil. Çünki onun ANS-də çalışarkən ölkə başçısına bu sahədəki vəziyyət barədə verdiyi sualı yaxşı xatırlayıram…
Gələn yazılarımdan birini Somali quldurlarına və Azərbaycan məmurlarına “həsr” edəcəm: təhsilə, səhiyyəyə, yollara pul ayıran(!) Somali quldurlarına və büdcəmizdən oxşar sahələrə ayrılan pulları mənimsəyən bizim quldurlara…
Bəri başdan onu deyim ki, Somalinin də faciələri… 1969-cu ildə Sovet “KQB”sinin orada etdiyi çevrilişdən sonra başlayıb…