Suriya diktatorunun ən nüfuzlu generalı öldürüldü
Suriyada Əsəd rejimi ilə üsyançılar arasında vətəndaş müharibəsi davam edir. Həftəsonu hökumətin müxtəlif şəhərlərdə keçirdiyi xüsusi əməliyyatlar nəticəsində 300-dən çox insanın öldürüldüyü bildirilir. Əsəd rejimi Dəməşq və Hələb şəhərlərində apardığı əməliyyatları daha da şiddətləndirib. Bu şəhərlərdə müxaliflərə qarşı hücumlarda ordunun ən ağır texnikalarından istifadə olunub. Deyr əz Zor şəhəri isə yerlə yeksan olunub. Şəhər top və tank atəşinə tutulub. Şəhərdə yüzlərlə insanın öldüyünə daiq xəbərlər yayılıb.
Müxaliflər də öz növbəsində Əsəd rejiminə dirənişlərni gücləndiriblər. “Azad Suriya Ordusu” Dəməşq səmasında hökumət qoşunlarına məxsus helikopteri vurduğunu açıqlayıb. “Əl-Ərəbiyyə” kanalının yaydığı məlumatı Suriya hökuməti də təsdiqləyib. Rəsmi informasiya agentliyi bildirib ki, helikopteri qiyamçılar vurub. Helikopter Əl-Qufran məscidi yaxınlığında yerə düşüb. Vurulan helikopterin göyərtəsində olanlar barədə isə heç bir məlumat yoxdur.
Ötən gün isə Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat xidmətinin rəhbəri general Cəmil Hassan Dəməşqdə öldürülüb. “Əl-Ərəbiyyə” telekanalı Cəmil Hassanın öz müavinlərindən birinin öldürdüyü barədə məlumat yayıb. Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyatı ölkənin güc strukturları arasında ən nüfuzlu, təsirli və elitar qurum sayılır. General Cəmil Hassan isə Bəşər Əsədin “vuran qolu” adlandırılırdı.
Bu arada Bəşər Əsəd rejiminin ehtiyac duyduğu 20 ədəd zirehli lüks avtomobili Rusiyanın təmin edəcəyi açıqlanıb. Avropa Birliyindən Suriyaya tətbiq olunmağa başlanan sanksiyalar çərçivəsində dünya liderlərini zirehli vasitə ilə təmin edən “Audi”, “BMW” və “Mercedes” firmalarının Əsəd rejiminin sifarişlərindən imtina etməsindən sonra rus şirkətləri fəallaşmağa başlayıb. “Izvestiya” qəzetinin xəbərinə görə, Bəşər Əsəd və nazirlərinə 20 ədəd yüksək təhlükəsizlik üsulu ilə hazırlanmış zirehli avtomobillərin sifarişini Rusiyanın “Armour Tex” ilə “Armour Group” şirkətləri hazırlamağı öhdələrinə götürüblər.