Başına 200 milyon dollar mükafat qoyulan üsyançı zabit dəhşətli faktın üstünü açdı
Suriyada Əsəd rejiminin müxaliflərə yönəlik zorakılıqları davam edir. Hökumət qüvvələri müxaliflərin sıx olduğu şəhər və qəsəbələrdə keçirilən əməliyyatları intensivləşdirib. Paytaxt Dəməşq və şəhərətafı bölgələrin bombalanması nəticəsində ölənlərinin sayının 113 nəfərə çatdığı bildirilib.
Müxaliflərin koordinasiya mərkəzləri ölkənin cənubunda yerləşən Dəraa, Hələb, Idlib, Deyr əz Zor, Homs, Həma kimi şəhərlərdə hökumət qüvvələrinin 100-dən çox insanı öldürdüyünü açıqlayıb. Bukemal şəhərində “Azad Suriya Ordusu” ilə Bəşər Əsədin əmrindəki əsgərlər arasında şiddətli qarşıdurmalar yaşanıb. Tərəflər arasında çoxlu sayda itki olduğu deyilir.
Əsəd rejiminin başına 200 milyon dollar mükafat qoyduğu müxalif zabit Əbdülqadir əs Salah jurnalistlərin suallarını cavablandırıb. O, Suriya ordusundakı əsgərlərin psixoloji durumunun bərbad olduğunu deyib. Müxalif zabit Suriya ordusunun kimyəvi silahdan istifadə edə biləcəyini də vurğulayıb. Əbdülqadir əs Salah həm hökumət, həm də müxalifət üçün mühüm əhəmiyyət kəsb edən Hələb şəhərinin yenidən üsyançıların əlinə keçə biləcəyini bildirib. Onun sözlərinə görə, yaxşı silahlanmaq mümkün olsa, Hələb şəhəri qısa zaman ərzində müxaliflərin əlinə keçə bilər.
Üsyançı zabit jurnalistlərə açıqlamasında dəhşətli fakt açıqlayıb. Əbdülsadiq əs Sahanın sözlərinə görə, Hələbdə öldürülən yaponiyalı jurnalistin əsl qatili Bəşər Əsəd rejimidir. Zabit bildirib ki, Bəşər Əsəd xüsusi təyinatlı əsgərlərə ölkədəki xarici jurnalistləri öldürmək əmri verib. Jurnalistlərin öldürülməsinə görə məsuliyyətin üsyançıların üzərinə atılmasına da tapşırıq verib.
Bu arada Fransa prezidenti Franusa Oland Suriyaya beynəlxalq hərbi müdaxilənin şərtlərini açıqlayıb. Prezidentin sözlərinə görə, Bəşər Əsəd rejiminin müxaliflərə qarşı kimyəvi silahdan istifadəsi müdaxilə üçün əsas olacaq: “Biz Suriya rejiminin kimyəvi silahdan istifadə etməməsi üçün diqqətli olmalıyıq. Suriya rejiminin belə addımı beynəlxalq ictimaiyyətə birbaşa müdaxilə üçün qanuni əsas verərdi”.
Oland bundan başqa Suriya müxalifətini keçid hökuməti yaratmağa çağırıb və bu hökuməti tanımağa hazır olduğunu bəyan edib. O bildirib ki, Fransa Suriya müxalifətindən yeni Suriyanın legitim nümayəndəsi ola biləcək keçid hökuməti yaratmağı tələb edir. Fransa yeni Suriya hökuməti yaranan kimi onu tanıyacaq. Oland həmçinin Suriyada bufer zonalarının yaradılması üzərində işlədiklərini də əlavə edib.
Dünyanın müxtəlif ölkələrində yaşayan suriyalı müxaliflər Berlində toplantı keçirərək Əsəd rejiminin devrilməsindən sonrakı Suriyanı müzakirə ediblər. Mühacir müxaliflər “The Day After” adlı layihə təqdim ediblər. Layihənin müəlliflərindən biri Əl Əzm çıxışında Əsəd rejiminin nə zaman devriləcəyini bilmədiklərini, ancaq indidən çökmə əlamətlərinin görsəndiyini deyib. O, layihənin Əsəd rejimi devriləndən sonra ölkədə boşluğun yaranmaması məqsədiylə hazırlandığını bildirib.